Düşmənə ultimatum göndərmək lazımdır ki... - GƏLİŞMƏ

25-02-2020, 09:34           
Düşmənə ultimatum göndərmək lazımdır ki... - GƏLİŞMƏ
Düşmənə ultimatum göndərmək lazımdır ki... - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:55 | Çap et
Düşmənə ultimatum göndərmək lazımdır ki...
İşğalçı Ermənistan Azərbaycanla sərhəddə növbəti dəfə təxribata əl atıb. Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. Əslən Kəlbəcərdən olan və ailəsi Zərdabda məskunlaşan şəhid İbrahim Vəliyevin qohumu, vəkil Əziz Qənbərli Modern.az-a deyib ki, əsgərimizin nəşini dünən Qazaxdan - döyüş bölgəsindən çıxarmaq mümkün olub: “Hazırda döyüş bölgəsində yenə atışma səngimək bilmir. Yəqin ki, yaxın vaxtda dəfn haqqında məlumat veriləcək”. Qəhrəman hərbçimizin özündən kiçik bir qardaşı və bacısı var.

Vəkil onu da bildirib ki, şəhidin atası ağır xəstədir: “Atası müalicə üçün İrana getməli idi. Oğlunun şəhid xəbərini çatdırdılar, yoldan qayıtdı. Ailə təsərrüfatla məşğuldur, maddi durumları o qədər də ürəkaçan deyil. Üzücü xəbər olsa da, vətən uğrunda şəhidlik zirvəsinə yüksələnlər bizim qürurumuzdur”.

“Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, Ermənistan tərəfi hələlik bir hərbçisinin “yüngül yaralandığını” bildirir və itkilərini təsdiq etmir. Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan 1 erməni əsgərinin yaralandığını etiraf edib. “Azərbaycan ordusu ilə atışma baş verib. Yaralı qulluqçumuzun həyati təhlükəsi yoxdur”.

Mümkündür ki, İrəvan orduda son zamanlar itkilərin artması ilə bağlı başlanan etirazlardan çəkindiyi üçün itkilərini gizlədir.

Qeyd edək ki, cəbhə xəttində növbəti təxribatın baş verməsi Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa səfərindən sonraya təsadüf etdi. Paşinyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qondarma rejimin rəhbəri Bako Saakyanla Ermənistan və qondarma rejimin təhlükəsizlik şuralarının birgə iclasında iştirak edib. İclasda beynəlxalq siyasi proseslər, silahlı qüvvələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Qeyd edək ki, Ermənistanda 2018-ci ilin martında baş vermiş hakimiyyət dəyişikliyindən sonra artıq üçüncü dəfə Ermənistan və qondarma rejimin təhlükəsizlik şuralarının birgə iclası keçirilib.

Əslində Münhen debatındakı biabırçı məğlubiyyətindən sonra N.Paşinyanın gündəmi dəyişmək üçün təxribatlara əl atacağı gözlənilirdi və bu barədə əvvəlki yazılarımızda yazmışdıq. Paşinyan bir tərəfdən Dağlıq Qarabağa gəlməklə güzəştli sülh imzalamağa hazırlaşdığı barədə yayılan xəbərləri təkzib etmək istədi. Eyni zamanda o, bu səfəri ilə separatçı rejimin başına öz adamını gətirməklə bağlı planına mane olan Qarabağ klanını neytrallaşdırmaq üçün növbəti cəhdini etmiş oldu. Paralel olaraq Ermənistan ordusunun Azərbaycana qarşı təxribata əl atması da diqqətin daxildəki etirazlardan yayındırılmasına yönəlib, bu kimi üsullardan Paşinyanın sələfləri də istifadə edirdi.

Bəzi müşahidəçilər hesab edir ki, baş verənlər danışıqları mənasız hala gətirib. Odur ki, Azərbaycan Ordusu və sərhəd qoşunları Ermənistanla sərhəddə daha iriçaplı artilleriyanı işə salmalı və düşmənin daha da azğınlaşmasının qarşısını almalıdır. Modern.az xəbər verir ki, ötən gecədən başlayaraq Azərbaycanın işğal altındakı torpaqlarında Ermənistan ordusu döyüşə hazır vəziyyətə gətirilib. Təlimlər zamanı 3 mindən artıq hərbçinin zirehli texnika və artilleriya vasitələrinin müşayiəti ilə yerdəyişmə etdiyi xəbər verilir.

“Azərbaycan ”artsax" ərazilərini unutsa, daha yaxşıdır. Heç kim Bakıya heç nə verməyə hazırlaşmır". Bu sərsəm fikri erməni saytlarından birinə açıqlamasında Şuşanın işğalına rəhbərlik etmiş “meşə tülküsü” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan söyləyib (Moderator).

“Ermənistan Qarabağın təhlükəsizliyinin qarantıdır. Bundan əlavə, ”artsax" - Ermənistanın tərkib hissəsidir. Bakıda bunu çox yaxşı bilirlər və buna görə də “artsax”a qarşı hər hansı addımın Ermənistana qarşı bir addım olduğunu və bunun cavabsız qalmayacağını da anlayırlar", - deyə Ter-Tadevosyan işğalçı ölkənin baş naziri Nikol Paşinyanın son bəyanatlarına dəstək verib.

O, Qarabağda sülənən ermənilərin “danışıqlar prosesinə qayıtmalı və öz gələcək talelərinin həllində iştirak etməli” olduqlarını bildirib. İşğalçı general Ermənistan və Azərbaycan rəhbərləri və xarici işlər nazirlərinin mütəmadi görüşlərini sülhü qorumaq üçün zəruri hesab edir, lakin yekun həllin perspektivləri baxımından faydasız olduğunu qeyd edir.

“Bu görüşlərin yeganə nəticəsi - təmas xəttində gərginliyin nisbi azalmasıdır. ATƏT-in Minsk Qrupu yalnız bu cür görüşləri təşkil etməkdən savayı iş görmək iqtidarında deyil. Əslində vasitəçilik mandatı bundan artığını da ehtiva etmir” - “meşə tülküsü” vurğulayıb.

N.Paşinyan bundan əvvəl iddia etmişdi ki, danışıqlarda ərazilərin qaytarılmasından yox, təhlükəsizlik məsələsindən söhbət gedib. Bununla da baş nazir status-kvonun davamında maraqlı olduğunu açıq nümayiş etdirib.

Azərbaycan prezidenti İlham Əliyev Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü zamanı Ermənistanın regionda destruktiv siyasət yürütdüyünü bildirib. Dövlət başçısı hazırda Ermənistan tərəfindən danışıqlar prosesinə xələl gətirən ziddiyyətli açıqlamaların verildiyini deyib və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

“Əslində ən böyük problem budur ki, Nikol Paşinyan mövcud bütün formatları rədd etmək və danışıqlar prosesini yenidən başlamaq barədə danışır. O, İctimai Televiziyaya müsahibəsində məhz bu barədə danışırdı. Erməni tərəfi əslində mövcud danışıq variantları və mexanizmlərindən imtina etdikdə, bir sıra fərqli suallar ortaya çıxır və burada təhlükəsizliyə bənzəyən formatlar, sadəcə, mənasız olur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalara toxunarkən bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycana müharibəyə başlamaq üçün fürsət verir. “Bu cür yolla rəsmi İrəvan Azərbaycana müharibəyə başlamaq üçün legitim fürsət verir və həmçinin vasitəçilərə də diplomatik yolla buna mane olmamaq üçün fürsət yaradır. Münhendən sonra biz müharibəyə bir addım da yaxınlaşdıq”, - deyə Hrant Melik-Şahnazaryan bildirib.

Ordu birliyi komandiri, general-mayor Mayıs Bərxudarov ordumuzun müasir silahlarla silahlanmasından və ordunun hazırda qadir olduğu gücdən söhbət açıb: “Artıq ordu quruculuğu istiqamətində aparılan uğurlu siyasət Azərbaycan Silahlı Qüvvələrini regionun lider ordusuna çevirib. Düşmənin öz ordusunun silahlanması haqqında yaydığı pafoslu çıxışlar, sadəcə, onların özlərini aldadır. Onların silahlanmasına nəzər salsaq, aldıqları silahlar demək olar ki, Azərbaycan Ordusunun arsenalında illər əvvəl yer alıb. Halbuki hazırkı məziyyət müqayisə predmeti belə ola bilməz. Əminliklə qeyd etmək olar ki, Azərbaycan ən qısa zamanda işğal altında bütün torpaqlarını azad etməyə hazırdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, düşmənin cavabı danışıq yox, ultimatum olmalıdır. “Birincisi, bu vəziyyətdə danışıqları davam etdirməyin faydası yoxdur. İkincisi, ultimatum göndərmək lazımdır ki, 3 ay ərzində Dağlıq Qarabağın ətrafındakı rayonları boşaltmasalar, bunun fəsadları ilə üzləşəcəklər” - E.Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi.

Politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın əsabələri ilə yenə də Dağlıq Qarabağa gəlməsini səbəbsiz saymır: “Əslən Dağlıq Qarabağdan olan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sərkisyan heç Paşinyan qədər işğal altındakı torpaqlara gəlmirdilər. Bəs niyə Paşinyan az qala hər ay Xankəndinə gəlir? O, nədən narahatdır? Paşinyanın ”biz münaqişənin həllinə ortaq baxışı müzakirə edirik" sözləri bəhanədir. Eyni mövzunu nə qədər müzakirə etmək olar? Əlbəttə, Paşinyan Münhendə prezident İlham Əliyevlə danışıqların detallarını da separatçılarla bölüşüb. Ancaq bu Paşinyanın Xankəndi “su yolu”na döndərməsinin əsas səbəbi deyil".

E.Şahinoğlu hesab edir ki, Köçəryan və Sərkisyan Dağlıq Qarabağdakı separatçılara görə arxayın idilər: “Çünki Xankəndində oturanlar yaratdıqları klanın təmsilçiləridir. Paşinyan isə Dağlıq Qarabağ separatçıları üçün doğma deyil. Ona görə də Paşinyan tez-tez Xankəndinə gəlib separatçıları nəzarət altında saxlamağa çalışır ki, İrəvandakı rejimə qarşı səhv addım atmasınlar. Martın 31-də separatçılar ”prezident seçkisi" keçirəcəklər. Paşinyan seçki öncəsi Xankəndinə gəlməklə separatçılara həm də o mesajı verir ki, “prezident” seçiləcək şəxs Ermənistan hakimiyyətinin əleyhinə çıxmasın".

Erməni ekspert Ara Papayan jurnalistin Azərbaycanla bağlı sualına təşvişlə cavab verib. “Ölkə.Az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Mudos Vivendi” analitik mərkəzinin direktoru Papayan nisbi sükunətin Azərbaycanın sülhə hazırlaşmasının göstəricisi olmadığını bildirib.

“Azərbaycan yeni hərbi texnika alır və zavodlar açır. Bir müddət öncə bildirildi ki, Azərbaycanın strateji məqsədi İrəvanın azad edilməsidir. Azərbaycanın Qarabağı deyil, Ermənistanı məhv etmək üçün ciddi bir müharibəyə hazırlaşdığını başa düşmək üçün başqa nə lazımdır? Gəlin aydın başa düşək ki, Qarabağ bunun üçün sadəcə, bir bəhanədir”,- deyə A. Papayan söyləyib.

Əslində ermənilər özləri də anlayırlar ki, danışıqlar dalana dirənmiş vəziyyətdədir və savaş qaçılmazdır. Ancaq diqqətçəkən bir məsələ var: Ermənistan təxribata davamlı şəkildə sərhədboyu ərazilərdən əl atır. İstisna deyil ki, İrəvan bununla da “Rus NATO”sunu prosesə qoşmaq və öz müdafiəsini təmin etmək istəyir. O da istisna deyil ki, Ermənistan Azərbaycan Ordusunun dövlət sərhədi boyunca sərt tədbirlərə əl atmayacağından arxayındır. Görünür, düşmənin yanlış düşüncələrini darmadağın etməyin tam zamanıdır...
"Yeni Müsavat"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.