Qarabağ üçün itirilən daha 2 ay - sülh əlçatmaz olur, savaş isə...

29-02-2020, 10:25           
Qarabağ üçün itirilən daha 2 ay - sülh əlçatmaz olur, savaş isə...
Azərbaycan işğalçı Ermənistan üzərində havada üstünlüyünü artırır; politoloq: “Bakı və Ankara hava hücumundan vahid müdafiə sistemi yaradacaq...”
Məlumdur ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki yüksək səviyyəli görüş keçirilib. Onlardan biri yanvar ayında XİN rəhbərləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə, “xalqları sülhə hazırlamaq” ideyası çərçivəsində baş tutub və iki gün çəkib. Ardınca Almaniyanın Münhen şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Qarabağ mövzusunda debat olub.

Lakin hər iki görüş nizamlama prosesinə impuls verə, onu dalandan çıxara bilməyib. Bunun da əsas səbəbi Dağlıq Qarabağ məsələsində Nikol Paşinyan hökumətinin sələfləri kimi radikal, beynəlxalq hüquq və sağlam məntiqlə bir araya sığmayan mövqeyidir. Azərbaycan tərəfində artıq əminlik yaranmaqdadır ki, Ermənistanda hakimiyyətdə kim olur-olsun, onunla sülh danışıqları aparmağın heç bir mənası yoxdur və bu, yalnız əlavə vaxt itkisidir.

*****

Sözsüz ki, təcavüzkar tərəfin özünü bunca özündən razı, həyasız aparmasının başlıca səbəbi bir sıra böyük dövlətlərin Ermənistana münasibətdə “ikili standart” siyasəti aparmasıdır. Fakt budur ki, bir çox ölkələr işğal faktını tanısa da, əməldə Ermənistana dost-tərəfdaş kimi yanaşmaqda davam edir. Hətta onların arasında müsəlman, türkdilli ölkələr də var. Halbuki İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri kimi onlar da Ermənistanı işğalçı kimi tanıyan qərara səs veriblər.

Bu və digər səbəblərdən artıq 2019-cu il də böyük sülh anlaşması üçün itirilmiş il kimi tarixə düşdü. Odur ki, ənənəvi sual yenindən ortaya gəlir: yaxın aylar üçün gözləntilər nədən ibarətdir, doğrudanmı “xalqları sülhə hazırlamaq” prosesinə təkan verilib? Havaların qızması ilə hərbi əməliyyatlar ehtimalının artması nəzərə alınarsa, yazın yaxınlaşması sülh danışıqlarına hansısa pozitiv təsirlər gətirə bilərmi?

Dəqiq olan odur ki, Azərbaycanın Qarabağ məsələsində mövqeyi dəyişməz qalır. Bu mövqeyi prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, son olaraq isə bu həftənin əvvəlində Bakıda türkiyəli həmkarı Rəcəb Tayyib Ədroğanla keçirdiyi görüşdə bir daha Ermənistana, dünyaya bəyan edib. Dövlət başçısı bildirib ki, konfliktin ədalətli həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır.

Sitat: “Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır”.

*****

Məsələ də ondadır ki, fiasko olan sülh prosesi artıq müharibə ssenarisini sürətlə aktual etməkdədir. Bunu önləmək barədə ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri düşünməlidir. Əfsus ki, Minsk Qrupu vasitəçilik formatı və ya institutu olaraq, özünü doğrultmadı. Bunu son olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da son Bakı səfəri zamanı sərt formada bəyan elədi. Ardınca eyni fikri Bakıdan dönəndən sonra bildirdi: “Məlum Minsk prosesinin başlamasından 25 il ötür. Bu başqatma taktikası ilə nə ABŞ, nə Rusiya problemi həll edib. Minsk Qrupu indiyədək həll ortaya qoymayıb, ikili görüşlərdə də heç bir nəticə əldə olunmayıb”.

Başqa yandan, Minsk Qrupu rəhbərliyində olan 3 dövlətin - Rusiya, ABŞ və Fransanın bölgə ilə bağlı toqquşan maraqları da illərdir Dağlıq Qarabağ probleminin dinc həll prosesinə neqativ şəkildə yansımaqdadır. Demək, danışıqlar formatını dəyişdirməyin, onu daha çevik və effektli mexanizmlə əvəz eləməyin zamanı çatıb. Yaxud da Azərbaycan özünün müstəsna müdafiə hüququndan istifadə edib ərazi bütövlüyü və suverenliyini güc yolu ilə bərpa etməli olacaq.

Bundan ötrü ölkəmiz yetərli hərbi qüdrətə, regionda ən güclü orduya, müasir silahlar və döyüş maşınları ilə silahlanmış silahlı qüvvələrə malikdir. Bundan başqa, Ərdoğanın sonuncu Bakı səfəri zamanı məlum oldu ki, Azərbaycan qardaş ölkədən hərbi texnika və müasir döyüş maşınları ilə yanaşı, onunla birgə silah istehsalına hazırlaşır. Eyni zamanda digər dost və tərəfdaş ölkələrdən yeni və müasir silahlar almağı planlaşdırır. Az öncə İlham Əliyevin NATO üzvü İtaliyaya səfəri zamanı bu ölkədən “M-346" tipli təlim-məşq təyyarələrinin alınması haqda əldə olunan anlaşma da sözsüz ki, ölkəmizin hərbi və müdafiə qüdrətini daha da gücləndirmək niyyəti güdür.

*****

“Artıq bir neçə ildir ki, Azərbaycan Hərbi Hava Qüvvələrində genişmiqyaslı islahatlar gedir. Xüsusilə də aviabazaların modernləşdirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılır”.

Bunu İtaliya Respublikasından “M-346" tipli təlim-məşq təyyarələrinin alınmasını şərh edən Hərbi Hava Qüvvələrinin (HHQ) polkovniki Namiq İslamzadə deyib.


“Hazırda Azərbaycan HHQ-nin sərəncamında olan aviasiya vasitələrinin böyük bir hissəsi müasir standartlara cavab verir. Son illərdə Azərbaycan HHQ üçün əldə edilən təlim təyyarələri barədə aparılan müzakirələrdə üstünlük əsasən İtaliya və Pakistan istehsalı olan aviasiya vasitələrinə verilib. Bu baxımdan 2017-ci ilin iyul ayında Azərbaycan Hərbi Hava Qüvvələri ilə Pakistanın PAC KAMRA şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 ədəd MFİ-395 ”Super Muşşak" təyyarəsinin əldə edilməsini və həmin ilin mayın 10-da Azərbaycan HHQ-nin aviabazalarından birində müdafiə naziri general-polkovnik Zakir Həsənovun iştirakı ilə İtaliya Respublikasının “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv “M-346" tipli təyyarənin təqdimatının keçirilməsini xüsusilə vurğulamaq olar”, - o bildirib.

N.İslamzadə qeyd edib ki, “M-346" tipli təyyarələrin əldə edilməsi gənc hərbi pilotlarımızın peşakarlığının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq: ”Azərbaycan HHQ-nin silahlanmasına bu tip aviasiya vasitələrinin daxil edilməsi onun döyüş imkanlarını genişləndirməklə yanaşı, Ermənistan üzərində hava məkanındakı üstünlüyünü daha da artıracaq".

*****

“Mənim ən çox diqqətimi çəkən məqam Azərbaycan və Türkiyə müdafiə nazirlərinin hərbi sahədə imzaladıqları müqavilələr oldu”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfərini şərh edərkən deyib. O bildirib ki, Azərbaycanla Türkiyə arasındakı strateji əməkdaşlıq hər il keçirilən görüşlərlə daha da inkişaf edir.

“Səfər zamanı bir çox məsələlər geniş müzakirə olundu, önəmli qərarlar qəbul edildi, sənədlər imzalandı. Siyasi əlaqələr haqqında geniş fikir mübadiləsi aparıldı. Mənim ən çox diqqətimi çəkən məqam iki ölkənin müdafiə nazirlərinin hərbi sahədə imzaladığı müqavilələr oldu. Bu müqavilələr gələcəkdə iki ölkənin vahid hava hücumundan müdafiə sistemləri yaratması ilə bağlıdır. Bu mənada deyə bilərəm ki, iki ölkənin hərbi sahədə əməkdaşlığı bundan sonra daha da inkişaf edəcək”, - deyə o qeyd edib.

Politoloq görüş zamanı əldə edilən əsas razılaşmaları və diqqət çəkən başqa nüansları da qeyd edib: “1. İki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara qədər çatdırılması hədəfləndi. 2. Türkiyənin dəstəyi ilə ölkəmizdə bir sıra yeni müdafiə sənayesi komplekslərinin tikintisi nəzərdə tutulub. Bu da Azərbaycanın müdafiə qabiliyyətinin inkişafına gətirib çıxaracaq. Əslində bu, regionda Türkiyənin Azərbaycanın güclənməsini nə dərəcədə istəməsini göstərir”.

Bu da təbiidir. Çünki güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə daha güclü Türkiyə deməkdir. “Bir millətin iki dövləti”nin ortaq gücü isə Qarabağ məsələsinin ədalətli həllində vazkeçilməz faktordur...

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.