Prezident 2 sərəncam imzaladı

2-03-2020, 18:30           
Prezident 2 sərəncam imzaladı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9,0 (doqquz) milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. “Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 646; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 120; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərsin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.