Prezidentin irad tutduğu xəritələri bu şirkət hazırlayıb - FOTO/VİDEO

8-03-2020, 00:00           
Prezidentin irad tutduğu xəritələri bu şirkət hazırlayıb - FOTO/VİDEO
Prezident İlham Əliyev martın 4-də ölkənin qərb rayonlarına etdiyi səfər zamanı bir çox müəssisə və xidməti obyektlərlə yanaşı, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak etdi.

Muzeydəki eksponatlarla tanış olan dövlət başçısı buradakı siyasi xəritələrdə tarixin qeyd olunmamasına görə ciddi irad bildirib.

Prezidentin "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?" sualına Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov xəritələri Mədəniyyət Nazirliyindən aldıqlarını bildirdi.

Ölkə ictimaiyyətində ciddi müzakirəyə çevrilən bu utancverici hadisənin üstündən 3 gün keçməyinə baxmayaraq, Mədəniyyət Nazirliyi hələ də məsələ ilə bağlı açıqlama verməyib.

Qlobal.az məsələ ilə bağlı maraqlı məlumat əldə edib.

Belə ki, əldə etdiyimiz məlumata görə Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibat işlərini Mədəniyyət Nazirliyi həyata keçirib. Nazirlik bu məqsədlə 262.360 manatlıq satınalma həyata keçirib.


"Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibat işlərinın satınalınması" üzrə sifarişçi olduğu satınalmanın dəyəri 262.360 manat, qalibi isə "Rəqəmli Dövr" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Rəqəmli Dövr" MMC 2001-ci ilin mart ayında Vergilər Nazirliyinin reyestrində dövlət qeydiyyatına alınıb.


Toğrul Əfəndiyev

Şirkətin qanuni təmsilçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyevdir.

Onu da qeyd edək ki, əslən Qazax rayonundan olan Toğrul Əfəndiyevin atası Rasim Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru vəzifəsində çalışıb.



Xatırladaq ki, "Rəqəmli Dövr" MMC Mədəniyyət Nazirliyinin 2018-ci ilin may ayında sifarişçi olduğu daha bir tenderin qalibi olub.

Belə ki, 2018-ci ildə nazirliyin ""Bakı Prosesi”nin 10 illik yubiley tədbirlərinin xarici ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təşkili işləri" üzrə sifarişçi olduğu tenderin dəyəri 219.000 min manat təşkil edib.

Adı çəkilən qurum və ya şəxslər mövqe bildirə bilərlər.

Qlobal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.