Köhnə qərəzdən doğan təhqir xoru: Mübariz Mənsimov haqda yazını kim yazıb?

24-03-2020, 08:42           
Köhnə qərəzdən doğan təhqir xoru:
Hər hansı bir mətbu ittihama, iddiaya kütləvi söyüş xoru ilə cavab verilməsi son illərin reallıqlarından biridir. Fikri düz gəlməyənlərin, sözü çəpləşənlərin, siyasi ziddiyyətlər içində olanların təmkinlə, etik çərçivələr daxilində media polemikası aparması 15-20 il əvvəldə qalıb. İndi iki abzaslıq tənqidi yazının cavabı iki kitablıq söyüşlərlə verilir.

Ən adi hadisələrdən əsəb gərginiyinə qapılan, dözümsüzlüyün zirvəsinə qalxan bədxahlarımız xoşlarına gəlməyən söz deyən, hərəkət edən hər bir şəxsi ağıza, yazıya alınmayacaq latayırlarla təhqir edir, bunu normal sayırlar. Tez-tez olur ki, özünü xalqının ziyalısı kimi təqdim edən və cəmiyyətdə bu cür tanınan biri “filankəsin bu fikri səhvdir” demək (yazmaq) əvəzinə sosial şəbəkədə belə provokativ çağırışlar edir: “İndi bu şəxs hər cür söyüşü haqq edirmi?”; “Bu adama nə ürək sözünüz varsa, yaza bilərsiniz”; “Bu adam... (üç nöqtələrin yerini zövqünüzə görə doldura bilərsiniz)...” və s.

Beləcə, söyüş söyməyə bəhanə və meydan axtaran adamlar bu çağırışa səs verir, qızışıb səs-səsə verirlər.

Çox zaman məllum olur ki, heç adı çəkilən şəxs (tutaq ki, hansısa deputat) iddia olunduğu kimi söz deməyib, müsahibə, açıqlama verməyib, yaxud o hansısa sözü 7 il əvvəlki müsahibəsində tamam başqa kontekstdə işlədib. Ancaq xeyri yoxdur, adam hədəf taxtasına çıxarılıbsa, mütləq kütləvi şəkildə söyülməlidir.

Neçə ildir ki, siyasi mübarizə üsuluna çevrilmiş təhqir terroru tam sürətlə irəli gedir, nə vaxt hansı qayaya çırpılıb dayanacaq, bilinmir.

Ən azı 7 ildir siyasi uğursuzların icad etdiyi, başqaları üçün də nümunəyə çevirdiyi “mütəşəkkil trol sektası”nın hədəfində olan qəzetimiz, onun rəhbəri yenə də nişangahdadır. Buna səbəb Türkiyənin “Habererk” saytında dərc edilən, daha sonra Azərbaycanda fəaliyyət göstərən “Report” informasiya agentliyinin buraxılışında ana dilimizə çevrilərək yayılan bir məqalədir. Türkiyədə həbs edilmiş azərbaycanlı iş adamı Mübariz Mənsimovun amerikalı erməniylə ortaqlığı haqqında cümlələrin yer aldığı məqalə ölkəmizdə 50-yə yaxın saytda təkrar çap olunub.

Ancaq “trol sektası” bu yazını ilk dərc edən, daha sonra onu yayanları bir kənara qoyaraq bütün nifrinlərini, hərzə-hədyanlarını “Yeni Müsavat”a və daha çox onun rəhbərinə ünvanlayırlar. Əgər bu yazı söyüşü haqq edirsə, o zaman onu dərc edən hər kəs söyülməlidir. Yox, bir yazını başqaları dərc edəndə onlara bir irad bildirilməyəcəksə, yalnız bir naşirin üstünə düşəcəklərsə, bu, açıq qərəzdən xəbər verir.

Həmin yazı isə o qədər dəhşətli bir şey deyil. Mübariz Mənsimovun taleyi həmin yazıyla həll olunmayacaq. Bu, ona qarşı səslənən ittihamlardan biridir, bir müddət sonra nə dərəcədə həqiqət olub-olmadığı bilinəcək. Hər bu cür yazıya ağrılı reaksiya veriləcəksə, onu yazanlar, yayanlar bu cür kütləvi və idbar şəkildə söyüləcəksə, bu, məşhur iş adamının müdafiəsinə heç bir fayda verməyəcək, əksinə, ziyan gətirəcək.

Belə informasiya savaşlarında hədəfi düzgün müəyyənləşdirmək əsas şərtdir. Dərc etdiyimiz yazıda məqalənin harada çap olunduğu, kimin tərcümə edib yaydığı aydın göstərilmişdi.

Hər dəfə hansısa bir açıqlamanı, yeniliyi bəhanə edib “Yeni Müsavat”la və onun rəhbəri Rauf Arifoğluyla düşmənçilik aparanlar, bu zaman etik normaları aşanlar öz uyğun cavablarını alacaqlar. Qərəz də bir yerə qədər. Sosial şəbəkədəki sahibsizlikdən istifadə edərək təhqir terroruna dəm verənlər məsuliyyətli olmalıdırlar. Bu, artıq təktərəfli savaşdır. Özünə, oxucusuna hörmət edən saytlar dilə gətirilməsi mümkün olmayan, hətta biədəb səslənə biləcək ifadələr, sözlər işlətmirlərsə, onlara etiraz da o səpkidə bildirilməlidir. Yoxsa həmin sözləri evində, əzizlərinin yanında işlədə bilməyənlər sosial şəbəkəni artıq kolxoz qarajı səviyyəsinə salıblar.

Sonda yazıların orijinalının və "Report" Agentliyinin hazırladığının linklərini təqdim edirik:

https://www.habererk.com/m/dunya/mubariz-gurbanoglu-nun-ortagi-levon-termenzhyan-abd-de-mahkum-oldu-h125284.html

https://report.az/region/mubariz-mensimovun-ermeni-is-adami-ile-elaqelerini-ifsa-edildi/



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru