Təhsil Nazirliyindən `yolka` və rüşvət açıqlaması
23-12-2015, 12:12
“Yolka” qurulması, Yeni il şənliyinin keçirilib-keçirilməməsi hər bir məktəbin daxili işidir.
Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, orta məktəblərdə Yeni il bayramı münasibətilə “yolka”ların qurulmasına hər hansı bir qadağa qoyulmayıb.
Bayrama görə məktəblərdə pul yığılmasına gəlincə, nazirlikdən bildirilib ki, bu barədə quruma məlumat daxil olmayıb.
“Ümumiyyətlə, məktəblərdə hər hansı bir məqsədlə şagirdlərdən pul istənilməsi qadağan edilib. Belə məlumat olduğu halda, fakt öz təsdiqini taparsa, müvafiq şəxs və ya şəxslər haqqında lazımi tədbir görüləcəkdir”.
Bakı şəhər Təhsil İdarəsindən isə saytımıza bildirilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxt məktəblərində hər hansı bir məhdudlaşdırıcı və ya təsdiqedici göstəriş və tövsiyə verilməyib.
“Bayram şənliklərinin keçirilməsi ilə bağlı məsələlər valideynlərin, şagirdlərin rəyi nəzərə alınmaqla məktəb rəhbərliyi tərəfindən tənzim olunur. Məktəblərdə yeni il yolkalarının qurulmasına qadağa yoxdur”.