"Yeni Klinika" aylardır tibb işçilərinin bonus ÖDƏNİŞLƏRİNİ VERMİR
Bu gün, 10:26

"Yeni Klinika"da çalışan tibb işçiləri aylardır ki, bonus ödənişlərini ala bilmirlər.
TEREF"Teleqraf"a istinadən xəbər verir ki, klinikada əməkhaqqı və əlavə ödənişlərlə bağlı gecikmələr həkimlərin narazılığına səbəb olur.
İddialara görə, klinikada ötən ilin 7-8 ayının bonusları hələ də verilməyib. Klinika rəhbərliyi isə əməkdaşlara məsələnin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqəli olduğunu bildirərək, fikirləri bu quruma yönəldir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, icbari tibbi sığorta fondunun vəsaitləri hesabına maliyyələşən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri sığorta ödənişləri ala bilmələri üçün sığortaolunanlara göstərdikləri xidmətlərin aylıq elektron hesabatlarını-reyestrləri təsdiqedici sənədlərlə birlikdə hazırlayıb tibbi-iqtisadi ekspertiza üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həkim-ekspertlərinə təqdim etməlidirlər.
"Yeni Klinika" geniş xidmət profilli tibb müəssisəsi olduğu üçün ekspertizaya hazırlıq prosesinə digər tibb müəssisələri ilə müqayisədə daha uzun zaman sərf etməli olur. Hesabatların və sənədlərin tam həcmdə, düzgün və diqqətlə hazırlanması sığorta ödənişlərinin, həmin ödənişlərdən həkimlərə ödəniləcək bonusların itirilməsi risklərini azaldır. Bu kimi məsələlər ekspertiza planından geri qalmalara səbəb olur", - deyə məlumatda qeyd olunub.
Qurumdan həmçinin bildirilib ki, reyestrlər vaxtında və düzgün təqdim olunduqda, bonusların hesablanması və ödənişi müqavilədə nəzərdə tutulan müddət ərzində həyata keçirilir.
Agentlik "Yeni Klinika"nın hesabat və sənədləri vaxtında təqdim etməməsini gecikmələrin səbəbi kimi göstərir. Yəni qurum ödənişlərin gecikməsinə görə məsuliyyəti qismən klinikaya yönəldir ki, sənədlər düzgün və tam təqdim olunduqda, bonuslar müqaviləyə uyğun müddətdə ödəniləcək.
Klinikanın həkimləri isə bonus ödənişlərinin bərpası məsələsinin aydınlaşdırılmasını tələb edirlər.