Paytaxtın bağlı qalan yolları: Bibiheybət və Badamdarda son durum

16-05-2020, 08:40           
Paytaxtın bağlı qalan yolları: Bibiheybət və Badamdarda son durum
Uzun müddətdir açılmayan yollar insanları çətin vəziyyətə salıb; alternativ axtarılır, amma...
Bakıda sürüşmə nəticəsində bağlanan yolların açılmaması əhali üçün problemlər yaradır. Xüsusilə də karantin günlərində şəhərdə qurulan postlarda avtomobil sayı çoxalır, uzun tıxaclar yaranır. İnsanlar daha çox Badamdar və Bibiheybət yollarının bağlı olmasından narahatdırlar.

Bəs hazırda bu yollarda hansı işlər görülür?

“Yeni Müsavat”ın əməkdaşı olaraq Bibiheybət ərazisinə yollanıb, görülən işlərlə tanış olduq. Öncə xatırladaq ki, bu ilin mart ayından etibarən aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, yolda təmir işləri aparılır. İşləyən əməkdaşlar bildirdilər ki, yolun bərpası ilə yanaşı, sürüşmənin, uçmanın qarşısını almaq üçün müvafiq qurğular da quraşdırılır. Şəhər istiqamətində gedən tərəfdə xüsusi maneələr qoyulub və piyadaların keçməsi mümkün olsa da, yoldan avtomobillərin istifadəsi dayandırılıb. Söhbət etdiyimiz mütəxəssislər bildirdilər ki, yamacın aşağı və orta hissəsində svay əsaslı istinad divarları inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulub.

Onu da bildirək ki, qeyd etdiyimiz yolun bir hissəsi ötən ilin 31 dekabr tarixində istifadəyə verilmişdi. Bildirilmişdi ki, müvəqqəti olaraq 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün ərazidə “Tikinti norma və standartları”na uyğun olaraq tikinti-bərpa işləri aparılıb, əks-dolğu işləri görülərək torpaq yatağı və yol əsası inşa edilib. Daha sonra yola 3 laydan ibarət asfalt-beton örtüyü döşənib.

“Yeni Müsavat”a danışan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolda görülən işlər bu ayın sonu, gələn ayın əvvəlində yekunlaşacaq: “Artıq ərazidə tamamlanma işləri aparılır. Plana görə yoldakı işlər bu ayın sonu, gələn ayın əvvəli bitməlidir və daha sonra qeyd edilən yol istifadəyə veriləcək”.

Yada salaq ki, Bibiheybətdə qeyd etdiyimiz yol ötən ilin noyabr ayının 24-də uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, 2 avtomobil uçqun altında qalmışdı. Uçan hissənin uzunluğunun 250-300 metr olduğu bildirilirdi.

Digər problemli sahə isə yuxarıda da qeyd etdiyimiz kimi, Badamdar yoludur. Badamdarın içərisindən keçən bu yoldan əsasən Bayıl istiqamətinə gedən vətəndaşlar istifadə edirdilər. Yolun hazırda sürüşmə səbəbindən bağlı qalması, həmin vətəndaşları “Azneft dairəsi” istiqamətində hərəkət etməyə məcbur edir. Nəticədə isə indiki dövrdə şəhərin qeyd etdiyimiz istiqamətində karantin postunda tıxac yaranır.

Bəs Badamdar yolunun taleyi niyə sual altından çıxmır?

2018-ci ilin oktyabr ayında Badamdarda sürüşmə baş verib. Sürüşməyə səbəb ərazidə kanalizasiya sisteminin olmaması, nəticədə laylara yığılan su, yamacın kəsilməsi kimi faktorlar göstərildi. Bu proseslərin qarşısını almaq üçün o zaman baş nazirin müavini vəzifəsində olan Hacıbala Abutalıbov Yaponiyadan mütəxəssislər gətirdi. Ərazidə qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə quyular qazıldı. Lakin ekspertlərin də dedikləri kimi, bu quyular heç bir nəticə vermədi. Ərazidə təkrar sürüşmələr yaşandı. Nəticədə oradan keçən avtomobil yolu bu gün də bağlı olaraq qalır.

2019-cu ilin oktyabrda “Azərsu” ASC məlumat yaydı ki, Badamdarda sürüşmə zonasında kanalizasiya xətləri çəkiləcək. Bildirildi ki, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində icra olunan layihə ərazidə baş vermiş torpaq sürüşməsinin aradan qaldırılması tədbirləri çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində ərazidə su təchizatı sistemlərinin və kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması qərara alınıb.

Məsələ ilə bağlı danışan Anar Cəbrayıllı bildirdi ki, artıq orada kanalizasiya xətlərinin xeyli hissəsi çəkilib: “23 kilometr kanalizasiya xəttindən artıq 17 kilometri çəkilib. Eyni zamanda su xətlərinin də çəkilməsi prosesi davam edir. Hesab edirəm ki, yay aylarının sonuna qədər ərazidə kanalizasiya xətlərinin çəkilməsini başa çatdıracağıq. Ümumilikdə işlər bu ilin sonuna qədər yekunlaşdırılacaq”.

Plana görə ərazidə yaranan tullantı suları Salyan şosesində yeni tikilən daşıyıcı xəttə ötürülərək yaxınlıqdan keçən Bayıl-Bibiheybət-Lökbatan kollektoruna yönəldiləcək. Bununla da 10 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qəzetimizə danışan ekspert Elməddin Muradlı dedi ki, Badamdar yolu ilə bağlı Dövlət Yol Polisi ilə müzakirə aparıblar: “Bizə bildirildi ki, məsələnin həlli Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetindən asılıdır. Dedilər ki, onlar sürüşmə təhlükəsi olduğu üçün yolun açılmasına icazə vermirlər. Ötən iki il ərzində vətəndaşlar həmin yolu bir dəfə açıb, istifadə etdilər. Lakin sonuncu sürüşmədən sonra yol yenidən bağlandı. Bibiheybət yolundakı uçqun və bu yolun bağlanması da nəqliyyatın hərəkəti üçün ciddi problemlər yaradır. Məndə olan məlumata görə, Badamdar yoluna alternativ yol çəkilməsi məsələsi müzakirə edilir. Ancaq bu, nə dərəcədə realdır, dəqiq bilinmir. ”20-ci sahə" dairəsindən Badamdara ayrıca yol çəkməyi düşünürlər. Bibiheybət yolu açılandan sonra ərazidəki yük bir qədər aradan qalxacaq. Lakin Badamdar yolu ilə bağlı konkret tədbirlər görülməlidir. Çünki “Azneft” meydanında sıxlıq müşahidə edilir. Alternativ yol kimi Badamdar ərazisindən yol olmalıdır ki, Yeni Yasamal, Yasamal, Binəqədi istiqamətinə getmək istəyənlər həmin yoldan istifadə etsinlər. Şəhərin mərkəzinə girmədən, həmin yola yükü paylamaq lazımdır. Hazırda yükün hamısı şəhərin mərkəzindədir. Çünki alternativ yol hələ ki, mövcud deyil..."

Bu ilin aprel ayında Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə “Sputnik Azərbaycan”a bildirmişdi ki, Səbayel rayonu “20-ci sahə” ərazisində yeni layihə həyata keçiriləcək: “20-ci sahədə bu layihəyə yolun üst tərəfində yerləşən evlər düşəcək. Orada evlər çox səliqəsiz, sahmansız tikilib. Torpaq sürüşməsi baş verir. Çünki ərazidə kanalizasiya xətti yoxdur. Nəzərdə tutulur ki, o ərazidə yeni yaşayış massivi salınsın. Ticarət mərkəzləri, bağça, məktəb və sair infrastruktur salınsın. Çinli investorların istəyi ilə 800 hektar sahədə, sahil zonasına çıxış da olacaq. Orada yolun üstündən Bulvara çıxışı olan körpü salınması nəzərdə tutulur. Bu layihənin texniki-iqtisadi əsaslandırmasını mən etmişəm. Amma koronavirus pandemiyası ilə əlaqədar, sərhədlər bağlı olduğundan, hələ ki bu istiqamətdə iş dayanıb”.

Əli Rais,
“Yeni Müsavat”,
Fotolar müəllifindir.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.