Ələsgər Məmmədli: 'Üst-üstə 72 saat 'voronok'da keçirmişəm'
Bu gün, 07:04

Bakı Ağır Cinayətlər Məhkəməsində "ToplumTV" internet televiziyasının qurucusu, media hüququ eksperti Ələsgər Məmmədli ilə jurnalist Fərid İsmayılovun ev dustaqlığına buraxılmasından ötrü yenidən vəsatət qaldırılıb. Dünən, iyulun 21-də "ToplumTV işi" üzrə məhkəmə davam etdirilib.
F.İsmayılovla bağlı vəsatəti əsaslandıran vəkil Zibeydə Sadıqova jurnalistin üzərində 7 dəfə cərrahiyyə əməliyyatı aparıldığına diqqət çəkib. Bunların 6-sı ağciyər və ürək xəstəliklərindən qaynaqlanan əməliyyatlar olub.
İyulun 14-də keçirilən ötən məhkəmə iclasında F.İsmayılov məhkəmənin onun iştirakı olmadan keçirilməsini istəmişdi. O bu istəyini sağlamlığındakı ciddi problemlərlə və bürkülü havalarda şəraitsiz avtomobildə məhkəməyə gətirilib-aparılmasının onun üçün işgəncəyə çevrilməsiylə əsaslandırmışdı.
"Fərid İsmayılovun səhhətində ciddi problemlər var. Əlimizdəki sənədlər də bunu təsdiqləyir. Məhkəməyə gətirilib-aparılanda əlavə əziyyət çəkir. Həbsdə müalicə olunmur, sadəcə, evdən göndərilən dərmanlar verilir, vəssalam. Bu da səhhətindəki problemlərin daha da dərinləşməsinə səbəb olur", - vəkilin sözləridir. Müdafiəçi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin F.İsmayılovla bağlı xəstəlik sənədlərini də məhkəməyə təqdim edib.
Ə.Məmmədliyə gəlincə, vəkili onun cəmiyyətdə tanınmış ziyalı olduğunu, media sahəsində fəaliyyətinə görə "Zərdabi" mükafatına layiq görüldüyünü, bugünlərdə 20 nəfərdən çox ictimai-siyasi xadimin onun azadlığa buraxılmasından ötrü dövlət başçısına məktub göndərdiyini xatırladıb: "Ciddi xəstəliklərdən əziyyət çəkir. Boğazındakı şiş böyüyür. 2024-cü ilin iyununda onunla bağlı sənədləri əldə etsəm də, sonradan sənədləri ala bilmirik".
Ə.Məmmədlinin özü də deyib ki, xəstəlikləri olmasaydı, həbsdə saxlanmasından indiki kimi əziyyət çəkməzdi: "Hesablamışam, həbsdə olduğum müddətin 72 saatını "voronok"da (dustaq daşıyan avtomobildə) keçirmişəm".
Prokuror Rauf Malışov hər iki şəxsin ev dustaqlığına buraxılmasına etiraz edərək bildirib ki, onlar haqqında həbs qərarı verilməsindən ötrü əsaslar aradan qalxmayıb.
Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətləri təmin etməsə də, Ə.Məmmədliylə F.İsmayılovun sağlıq durumu haqqında dolğun bilgi almaqdan ötrü məhkəmənin sorğu verəcəyini bildirib.
Sarvan Səmədoğlu
TEREF