Sabiq komandan 4 iyun qiyamından yazdı: “Sülhəddin Əkbərlə Pənah Hüseyn telefonda mübahisə edirdilər ki...”
7-06-2020, 12:41
“7 iyun 1993-cü il- 4 iyun qiyanının hərbi yolla yatırılmayacağının qərarlaşdırıldığı gün. MN, DİN və MTN nazirləri güç strukturlarının rəhbərləri kimi deyil, filosof kimi çıxış edirdilər. Prezidentin yanındakı müşavirədə iştirak edənlərin mütləq əksəriyyəti bu “filosoflara” heyranlıqla qulaq asır və ürəklərində sevinirdilər. Çünki onlar üçün ən azından ruşvətsiz əzablı günlər geridə qalırdı”.
Cebhe.info xəbər verir ki, bunu həmin dövrdə Daxili Qoşunların komandanı olmuş Fəhmin Hacıyev öz “Facebook” səhifəsində yazıb.
F.Hacıyev bildirib ki, belə bir məqamda komandan kimi güç tətbiq edilməsinin vacibliyi barədə təklifi şok effekti yaradıb:“Həmən iclasadan sonra qiyamçılar Bakıya doğru hərəkətə keçmişdilər”.
Sabiq komandan 4 iyun qiyamının yatırılmamasının düyün nöqtələrini sıralayıb:“Birincisi, iyunun 3-nə təyin olunmuş tərkisilahın edilməməsidir. Sürət Hüseynovun əsas qüvvəsi Seyfəli poliqonunda yerləşirdi. Plana görə, hərbi hissənin tabe edilməsi və yaxud tərkisilah edilməsi orada həyata keçirilməli idi. Bu olmadı. Onlar da duyuq düşüb, gecə ilə Gəncəyə gəldilər. İkinci əsas amil MTN-nin qüvvələrinin onlara verilmiş tapşırığı icra etməməsi, Surət Hüseynovun həbs edilməməsidir. Əməliyyatın keçirilməli olduğu anda nazir müavini Sülhəddin Əkbərlə Baş nazir Pənah Hüseynov arasında telefon mübahisəsi gedirdi. Pənah Hüseynov əməliyyatın davam etdirilməsinin, Sülhəddin Əkbər isə dayandırılmasının tərəfdarı idi. Bütün bunları isə MTN xüsusi təyinatlılarının rəhbərləri eşidirdilər. Üçüncü əsas amil Müdafiə naziri Dadaş Rzayevin 6 iyun tarixli əmri ilə qiyamçıların irəliləməsinin qarşısını almaq və qiyamı yatırmaq üçün Goranboyda cəmləşən hökumət qüvvələrinə polkovnik Arif Salahovu təyin etməsi, mənim Bakıya çağırılmam idi. Sonra müavinim S.Bayramov mənə məruzə etdi ki, mən Goranboydan gedən kimi Arif Salahov hazırlanmış plan xəritəsini kənara atıb, qiyamçılara qarşı heç nə etməyəcəyini elan edib. Dördüncü səbəb Prezidendin yanındakı müşavirədir. Beşinci düyün Nəvaidə Müdafiə Nazirliyinin helikopterlərinin hökumət qüvvələrinə atəş açaraq qiyamçılar tərəfə keçməsidir. Nəticə çıxarmaq isə sizlərin öhdəsindədir”.