SÜLHƏDDİNİN ELÇİBƏY HAQQINDA DANIŞMAQ HAQQI YOXDUR!

8-06-2020, 09:06           
SÜLHƏDDİNİN ELÇİBƏY HAQQINDA DANIŞMAQ HAQQI YOXDUR!
Teref.az olaraq Meyydan hərəkatının və cəbhə hakimiyyətinin məşhur simalarından biri olan Fərəməz Novruzoğlunun yazısını təqdim edirik!
1993-cü ilin 4 iyun hadisələriylə bağlı Naxçıvandan gələn könüllü döyüşçülər qrupu Nəvai qəsəbəsinə göndərildi. Mən də o qrupun tərkibində var idim. Bizim qarşımızda duran əsas vəzifə Mehrac Babayevin rəhbərliyi altında Şıxov batalyonunun döyüşçüləri ilə birlikdə qiyamçıların qarşısını kəsmək, Bakıya buraxmamaq idi. Biz tapşırılan vəzifənin öhdəsindən gəldik. 8 saatlıq döyüşdən sonra qiyamçılar geri çəkildilər. Həm biz, həm də qarşı tərəfdən yaralanan və ölənlər oldu. Məsələnin ən maraqlı, ilginc tərəfi isə, Surət Hüseynovun sağ əli sayılan Tacir adlı bir şəxsi əsir aldıq. Biz onu iki nəfərin (səhv etmirəmsə, bu iki nəfər "Şərur qartalları" könüllü batalyonunun döyüşçüləri Eldostu və Əbili idi) müşayiəti ilə bir maşının baqajında Bakıya göndərdik. Tacir Bakıya gətirildikdən sonra güc strukturlarında yüksək vəzifə tutan Fəhmin Hacıyevə təhvil verilmişdi. Ancaq o, iki saat sonra Taciri buraxmışdı. 2004-cü ildə "Xural" qəzetinin redaksiyasında Fəhmin bəylə təsadüfən görüşdük. Ona bu hadisəni xatırlatdım. O, Tacirin buraxılması haqqında əmrin ona yuxarıdan verildiyini dedi. Bunlar hamısı "Xural" qəzetində dərc olunub. Yaxşı olar ki, Fəhmin bəy heç olmasa indi əmrin ona kim tərəfindən verildiyini söyləsin.
Ertəsi gün Bakıdan bizə əmr gəldi: GERİ DÖNÜN!
Biz Bakıya qayıtdıqdan sonra mənə dedilər ki, AXC İcraiyyə Komitəsinin prezidentlə görüşü olacaq. Mənə təklif olundu ki, o görüşdə mən də iştirak edim və Nəvaidə baş verənlər haqqında məlumat verim.
Xülasə, biz prezidentlə görüşə gedəndə onun yanında 3 nəfər vardı - Heydər Əliyev, Rəsul Quliyev və Etibar Məmmədov. Mənim Heydər Əliyevlə son görüşüm elə onda oldu, ayaqüstü 10 dəqiqə söhbət etdik. Sonra 22 nəfər cəbhəçi ilə birlikdə prezident Elçibəylə 3 saata yaxın görüşümüz oldu. Həmin görüşdə iştirak edənlərdən yadımda qalanlar bunlardır: Əli Kərimli, Qulamhüseyn Əlibəyli, Çingiz Qənizadə, Fərəc Quliyev, Cahandar Bayoğlu, Tağı Xalisbəyli və digərləri. İndiyə qədər mətbuatda bu görüş prezidentlə AXC İcraiyyə Komitəsinin arasında olduğu yazılsa da, əslində bu, cəbhəçi fəallarla görüş idi. Orada bu qərar qəbul edildi ki, bəy ertəsi gün televiziyaya çıxıb xalqa müraciət edəcək və qanuni hakimiyyəti qiyamçılardan qorumaq üçün yardım istəyəcək. Ancaq...
Mən gecəni AXC-nin qərargahında keçirdim. Ertəsi gün səhər tezdən məni yuxudan Cahandar Bayoğlu oyatdı və dedi ki, qiyamçılar şəhərə daxil olmaq üzrədilər. Onların məqsədi Prezident Aparatına hücum etməkdi. Cahandar bəy onu da dedi ki, sənin əvvəllər Heydər Əliyevlə münasibətlərin olub, ona zəng edib de ki, hücumun qarşısını alsın, onsuz da prezident Bakını tərk edərək Kələkiyə gedib. Təbii ki, xəyal kırıklığına uğradım. Çünki bu, artıq milli hakimiyyətin tamamilə əldən getməsi demək idi.
Fərəc Quliyevin kabinetindəki hökumət telefonundan Heydər Əliyevə zəng edib, Elçibəyin Bakını tərk etdiyini dedim. Düzdü, o çox təəccübləndi, ancaq iki-üç saat sonra televiziyaya çıxıb, prezident bu gecə Bakını tərk edərək naməlum istiqamətə gedib deməsinə bu gün də anlam verə bilmirəm. Çünki Elçibəyin Kələkiyə getdiyini telefonla ona şəxsən mən demişdim.
Həmin gün axşam qiyamçılar Tacirin başçılığı altında şəhərə daxil oldular. Mən o vaxt "Vorovski" qəsəbəsində kirayə ev tutub qalırdım. Dostum Ramiz Tağıyevin qardaşı rəhmətlik Razi bir gün bizə gəlib mənə dedi ki, qiyamçılar qəsəbədə məni axtarırlar. Ona da bu məlumatı yaxın qohumu vermişdi. Elə onun köməkliyi ilə gizli şəkildə Bakını tərk etdim. Naxçıvana gəldiyim zaman ilk olaraq Elçibəyin ziyarətinə getdim və onunla uzun bir söhbətimiz oldu. Bu gün ona qarşı son dərəcə aqressiv olsam da, həmin söhbətdən mənə bəlli oldu ki, bəyin bütün ətrafı ona xəyanət edirmiş - Fərəc Quliyevdən tutmuş İsa Qəmbərə qədər bir çox adamlar. Bəyin dediklərindən və öz analizlərimdən bu nəticəyə gələ bilirəm ki, onun yaxın çevrəsində olan 7-8 nəfərdən başqa (Pənah Hüseyn, Oqtay Qasımov, o dövrkü Əli Kərimli, Tofiq Qasımov, Vurğun Əyyub, Nəcəf Nəcəfov, Qara Tofiq və və s.) hamısı ona xəyanət edib, oyun oynayıblar. Ən böyük xəyanət edənlərdən biri də məhz Sülhəddin Əkbər olub. İndi onun çıxıb nə danışmasından asılı olmayaraq, o dövrün canlı şahidləri var. Məgər kim bilmir ki, Gəncədə Surəti həbs edən xüsusi təyinatlılara onu buraxmaları haqqında göstərişi məhz Sülhəddin vermişdi? Kim anlamır ki, 1993-cü ilin fevral ayında AXC İcraiyyə Komitəsinin bəyanatını Fərəc hansı məqsədlər üçün vermişdi? Məgər kimsə maraqlanıb ki, Fərəcin ən yaxın adamlarından biri olan, yuxarıda adını çəkdiyim Mehrac Babayev qısa müddətdə necə milyarder oldu? O, Bakını ayağında "vyetnamka" ilə tərk etmişdi. Bu gün Rusiyanın iki-üç tikinti maqnatından biridi.
Yetər artıq! Buraxın məzarında rahat yatsın Elçibəy! Onu yalnız fədakar, ona inanan, ona ümid edən əsgərləri qınaya bilər. Sən Elçibəy haqqında danışmaq haqqını çoxdan itirmisən, Sülhəddin Əkbər! Çünki sən xain və satqınsan!
Qarşı tərəfin fikirlərini dinləyə bilərik!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.