Prezident İlham ƏLİYEV: Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir

9-06-2020, 08:47           
Prezident İlham ƏLİYEV: Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir
Xarici siyasətdə biz həmişə əməkdaşlığa üstünlük vermişik və bunun faydasını görmüşük. Harada imkanımız olubsa, kömək etməyə çalışmışıq və etmişik. Bizim bir neçə önəmli transmil­li layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bu gün bütün dünyada Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu inkişafı etiraf edilir, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələrdən bəhs olunur, aparılan islahatların iqtisadiyyatın daha da güclənməsinə təkan verdiyi vurğulanır. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya və Xəzəryanı dövlətlər arasında iqtisadiyyatı ən sürətlə inkişaf edən bir respublika olduğu, investisiyanın təşviqi mexanizminin həyata keçirildiyi və əlverişli investisiya mühitinin yaradıldığı, təbii sərvətlərlə, xüsusilə neft və qaz ilə zəngin diyar kimi tanındığı diqqətə çatdırılır.

Bütün bunlarla bərabər, beynəlxalaq aləmdə Azərbaycanın zəngin mədəni irsə sahib bir dövlət ol­duğu, burada müxtəlif mədəniyyətlərin, millətlərin nümayəndələrinin bərabər şəkildə yaşadığı bildirilir.

Yeri gəlmişkən, bir məqamı da xatırladaq. Ayrı-ayrı dövlət rəhbərləri çı­xışlarında Azərbaycandan söz düşəndə Prezident İlham Əliyevin ölkəmizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməsi, eləcə də inkişafın dayanaqlılığının təmini istiqamətində yorulmaz fəaliyyətini uğurla reallaşdırdığını xüsusilə vurğu­layırlar.

Dövlətimizin başçısı Bakının Nizami rayonunda yerləşən 3 say­lı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın hər zaman xarici ölkələrlə əməkdaşlığa üstünlük verdiyini və bunun müsbət nəticələrlə müşahidə edildiyini diqqətə çatdırıb. Eyni zamanda, respublika­mızın müxtəlif vaxtlarda yaxın-uzaq ölkələrə imkan daxilində kömək göstərdiyini də xatırladıb. Prezident İlham Əliyev daha sonra deyib: “Bizim bir neçə önəmli transmilli layihəmiz məhz bu prinsip əsasında qurulub və uğur da məhz bu prinsip əsasında qazanılır. Ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır”.

Dövlətimizin başçısı Azərbaycanın hazırda iki təşkilata sədrlik etdiyini və hər iki qurumun – Türk Şurası və Qoşul­mama Hərəkatının Zirvə görüşünün ən yüksək səviyyədə keçirildiyini, həmin tədbirlərin yekun bəyannamələrində ölkəmizin yüksək mövqeyinin xüsusi vurğulandığını diqqətə çatdırıb: “Biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarak­ter daşımamalıdır və daşımır. Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danış­mağa başlamışıq. Biz təyyarələrlə yar­dımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib…”.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik ölkə kimi tanındı­ğını, beynəlxalq tədbirlərdə müdafiə edildiyini, məhz elə buna görə də səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olduğunu, Qoşulmama Hərəkatının yekdil qərarı ilə bu nüfuzlu quruma sədr seçildiyini diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər sistemi­nin əsas aktorları ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinə malik ölkəmizin dünya miqyasında böyük hörmət və nüfuz qazandığını təsdiqləyən bir faktı da vurğulamaq istərdik. Belə ki, BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dünya dövlətlərinin respubli­kamıza marağının bariz göstəricisidir. Hazırda dünyanın aparıcı mətbuat orqanları, tanınmış siyasətçilər qeyd edirlər ki, Azərbaycanın bu Hərəkata sədrliyi qurumun fəaliyyətində mühüm dönüş yaradıb. Azərbaycan Qoşulma­ma Hərəkatında sədrliyi ilə bağlı əhatəli Tədbirlər Planı hazırlayaraq, buna uy­ğun praktik fəaliyyətə başlayıb. Ölkəmiz qısa zaman kəsiyində təşkilatın işində əsaslı dəyişikliklər yaratmağı bacarıb.

Yeri gəlmişkən, koronavirus pan­demiyasının geniş yayıldığı bir dövrdə Azərbaycanın baş verən proseslərə çevik reaksiyası sayəsində mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının təmas qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib. Bu Zirvə görüşü Azərbaycanın koronavirus pandemiyası səbəbindən yaranmış iqtisadi böhranla mübarizədə həmrəylik və əməkdaşlıq təşəbbüsü ilə yanaşı, Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolu artırmaq əzmində olduğu­nu bir daha nümayiş etdirdi. Həmçinin qeyd olunmalıdır ki, BMT Baş Assamb­leyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatı Baş direktorunun, Afrika İttifaqı Komissiyasının sədrinin Zirvə görüşünə qatılmaları, BMT Baş katibinin və Avropa İttifaqının ali nümayəndəsinin həmin sammitdə videomüraciətlə çıxış etmələri Azərbaycan Prezidentinə, onun təşəbbüslərinə beynəlxalq miqyasda göstərilən böyük dəstəyin və rəğbətin nümunəsidir.

Respublikamızın bu uğurları təsadüfi deyil. Belə ki, Azərbaycan həmişə dünyaya sülhü, əməkdaşlığı önə çəkən çağırışlar edib, ölkələrin bir-birinin suverenliyinə hörmətlə yanaş­malarının, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulma­sının vacibliyini vurğulayıb. Öz xarici siyasət xəttini də məhz sadalanan bu prinsiplərə əsasən qurub.

Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə, su­verenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, habelə daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu bildirməsi də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsini şərtləndirib. Respublikamız ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda belə bu xəttə sa­diqliyini nümayiş etdirərək, onu uğurla həyata keçirib. Məhz bu səbəbdəndir ki, hazırda dünya Azərbaycanın liderli­yini qəbul edir, ölkəmizin irəli sürdüyü təşəbbüslərə öz dəstəyini verir.

Burada bir məqama da xüsusilə diqqət yetirmək istərdik. Azərbaycanın daxili və xarici siyasət strategiyası, beynəlxalq aləmdə münasibətlər xətti əvvəllər olduğu kimi, COVID-19 pandemiyası ilə mübarizə dövründə də dəyişməz qalıb. Dünyanı bürüyən bu təhlükəli bəlanın ölkələrin sosial-iqtisadi sahələrində yaratdığı fəsadların aradan qaldırılmasına cəhd göstərildiyi bir vaxtda, Azərbaycan özünün yeni sosial-iqtisadi paketi ilə həmin problemlərin həlli istiqamətində müsbət nəticələrə nail olub. Azərbaycanın inkişafında iqti­sadi amilin rolunu önə çəkən Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilib, əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub, işsiz və xüsusi karantin dövründə müvəqqəti işsiz qa­lan vətəndaşlara yardımların verilməsi reallaşdırılıb. Bir sözlə, sosial dəstək tədbirlərinin miqyası genişləndirilməklə bir daha həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı, eyni zamanda, dövlətimizin başçısının hər bir vətəndaşın Prezidenti olduğu təsdiqlənib.

Yeri gəlmişkən, COVID-19 pan­demiyası ilə mübarizədə Prezident İlham Əliyevin fəaliyyətini, yeritdiyi müdrik, düşünülən siyasətini yüksək dəyərləndirən rusiyalı politoloq Yuri Şevtsov Azərbaycanın müasir inkişaf strategiyasını hazırlamaqla yeni dövrə regionun bir çox ölkələrindən daha hazırlıqlı daxil ola bildiyini diqqətə çatdırıb. Politoloq qlobal böhrandan əksər ölkələr özlərini itirdiyi halda, Azərbaycanda dayanıqlı səmərəli karantin rejiminin reallaşdırıldığını və cəmiyyətdə sabitliyin qorunmasına nail olduğunu da vurğulayıb.

Xatırladaq ki, dövlətimizin baş­çısının koronavirusla mübarizə və mövcud vəziyyətin sosial-iqtisadi sahələrə çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də təqdir olunub. Bu il aprelin 28-də adıçəkilən beynəlxalq maliyyə qurumunun rəhbərinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən videokonf­ransda bankın prezidenti Suma Çakrabarti deyib: “Cənab Prezident, bizim fikrimizcə, Siz və hökumətiniz bu böhranın öhdəsindən əla gəlirsiniz. Qısa zamanda bir sıra təsirli tədbirlər həyata keçirilib ki, bununla bağlı Sizi təbrik edirəm”. Suma Çakrabarti, eyni zamanda, pandemiya şəraitində Azərbaycandakı iqtisadi vəziyyəti də yüksək qiymətləndirib.

Digər diqqətçəkən məqam isə Respublika Günü münasibətilə ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbrik məktubunda yer alan fikirlərdir. Məktubda Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suve­renliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini vurğulayır, ölkələrimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qur­maq naminə təxminən 30 il ərzində da­vam edən əməkdaşlığı və Azərbaycanın töhfələrini yüksək qiymətləndirir.

Bütün bunlar isə hazırda Azərbaycanın dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təmin edildiyi res­publika kimi tanındığını deməyə əsas verir. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında isə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bunun nəticəsidir ki, xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətə mütləq inam və etimad bəslədiklərindən, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyindən xəbər verir.”
xalqqazeti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru