Səfirlik biznes qurmaq üçün “krışa” rolunu oynamamalıdır....
26-07-2020, 00:09
Teref.az xəbər verir ki, ReAl hərəkatının fəali Natiq Cəfərli yazır, son günlər bir məsələ daha aktuallaşdı: Azərbaycanı xarici dövlətlərdə təmsil edən səfirlər, səfirlik işçiləri daha peşəkar, müasir, yaxşı təhsilli olmalıdırlar, dünyanı yaxşı anlamalı,
mediatik olmalıdırlar. Müstəqillikdən üzü bəri bu sahə bərbad olub – Səfirlər ya siyasi “sürgünə” göndəriliblər, ya da qohum-əqraba şəbəkəsi ilə özünə karyera qurublar. Peşəkarlıq arxa planda olub, səfirlər dövləti təmsil etdiklərini unudaraq hökuməti təmsil etməyə çalışıblar. Səfirlər biznes qurmağa, öz problemlərini həll etməyə çalışdıqlarından ümumi koordinasiya olunmuş siyasətdən kənarda qalıblar – zatən mərkəzləşdirilmiş, düşünülmüş strategiya yox səviyyəsindədi.
Rusiya kimi strateji ölkədə uzun illərdir ki, gözəl müğənni, amma bərbad “diplomat” olan Polad Bülbüloğlu səfir kimi işləyir. Adam müğənni kimi, sənət adamı kimi Azərbaycana çox xeyir verə, bizim mədəniyyət simamıza çevrilə bilərdi. Amma adamı zorla nazir, sonra da səfir elədilər – niyə axı da, niyə?! Rusiyada mədəniyyət, kino, TV-lərdə ermənilərin özləri üçün etdikləri Ermənistanın Rusiyadakı səfirinin etdiklərindən 1000 qat effektivdi. Polad Bülbüloğlu da məhz elə bir rol oynaya, çərçivələrdən kənar çalışa, Azərbaycana çox xeyir verə bilərdi.
Teref.az xəbər verir ki, daha sonra Natiq Cəfərli təkliflərlə çıxış edərək yazır,Prezident, hökumət artıq problemləri görməli, Xarici Siyasəti peşəkarlara həvalə edərək səfirlik işini ciddiyə almalıdırlar. Səfirlik biznes qurmaq üçün “krışa” rolunu oynamamalıdır, ciddi düşünülmüş xarici siyasəət strategiyasına əsaslanmalıdır. Xarici siyasət Qarabağın işğalı məsələsində həlledici rol oynayacaq, çünki hərbi qələbələr belə mütləq masada, danışıqlarda rəsmiləşdiriləcək, yəni, xarici siyasətimiz zəif olsa hərbi qələbələrin anlamı olmayacaq...
Teref.az