Türkiyə Ordusunun Azərbaycana gəlişi tarixi hadisədir

28-07-2020, 18:35           
Türkiyə Ordusunun Azərbaycana gəlişi tarixi hadisədir
Türkiyə Ordusunun Azərbaycana gəlişi tarixi hadisədir. Bu proses ilk növbədə Rusiya-Ermənistan birliyinə xəbərdarlıqdır. Eyni zamanda bütün dünyaya anladılır ki, bundan sonra Türkiyə və Azərbaycan hərbi müstəvidə eyni mövqedən çıxış edəcək...

Ən önəmlisi isə odur ki, İranda yaşayan türklər də bir daha əmin oldular ki, Dağlıq Qarabağa görə İran yox, məhz Türkiyə sinəsini qabağa verdi. Bu qənaət nə vaxtsa öz sözünü deyəcək...

Daha bir məqam. Bütövlükdə Türk Dünyası bu gəlişdən məmnundur. Onlarda da belə bir təəssürat yarandı ki, tutaq ki, Orta Asiyadakı türk xalqlarına hərbi yardım gərəkərsə, Türkiyə və Azərbaycan onların yanında ola bilər. Rusiyanın daxilindəki türk toplumları da bu mənzərəni məmnunluqla izləyir. Bu gəliş Rusiyadakı türk xalqlarının milli dərçəlişinə yeni təkan verəcək.

Ona da əminəm ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınından hərbi dəstək alması mümkün deyil. Rusiyanın təzyiqinə baxmayaraq türk dövlətləri buna heç vaxt razılıq verməzlər. Çünki bu, onların milli maraqlarına ziddir.

Heç Rusiyanın da Ermənistana görə Türkiyə və Azərbaycanla müharibə aparmaq fikri yoxdur. Bu yaxınların söhbətidir: ABŞ Türkiyədə hərbi çevriliş etməyə cəhd göstərdi. Rusiya buna imkan vermədi. Çünki Ərdoğanın iqtidardan gedişi Rusiya üçün təhlükə idi. Türkiyənin yenidən Qərb yönümlü siyasətə qayıtması Rusiyanın milli maraqlarını təhlükə altına ata bilərdi. Heç Azərbaycanda da iqtidar dəyişikliyi Rusiyaya sərf etmir. Ona görə də Putin Türkiyə və Azərbaycanla razılaşmaq zorundadır.

Qarşıdurma silahlı münaqişəyə çevrilsə, nə ola bilər? Şübhəsiz ki, bu, Rusiya və Türkiyənin zəifləməsinə gətirib çıxaracaq. Onların Yaxın Şərqdəki mövqeləri də əldən gedəcək. Bundan isə yararlanmaq arzusunda olanlar çox olacaq.

Rusiya ilə Türkiyə müharibəyə başlamalı olsa, ABŞ və Avropa Birliyi (NATO) Türkiyəyə kömək edəcək. Ona görə yox ki, Türkiyə NATO-nun üzvüdür. Ona görə ki, Qərb üçün Rusiyanın zəifləməsi həyati əhəmiyyət daşıyır. Elə bu səbəbdən də az qala düşmən münasibətində olduqları Türkiyənin yanında yer alacaqlar.

Hər iki dövlət bunun fərqindədir. Ortada olan mövcud şərtlər Rusiyanın Türkiyə ilə anlaşmasını diktə edir. Başqa yol yoxdur...\
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.