Moskvaya sığınmaq istəyənlərin son şansı
16-08-2020, 16:01
![Moskvaya sığınmaq istəyənlərin son şansı](/uploads/posts/2020-08/1597579256_1.jpg)
Dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Bloomberg Moskvadakı iki məlumatlı mənbəsinə istinadən Belarusun avtoritar lideri Aleksandr Lukaşenkonun yaxın ətrafının Minskdə hakimiyyət dəyişikliyi baş verərsə Rusiyaya sığınmaq niyyətləri ilə bağlı Kreml təmsilçiləri ilə danışıq aparmaları haqqında məlumat yayıb.
Rusiyanın ən çox istinad edilən politoloqu olan professor Valeri Solovey isə Çinin Lukaşenkoya siyasi sığınacaq təklif etdiyini iddia edir. Çin və Belarus hələlik bu iddianı təkzib etməyib.
Rusiyada isə əksəriyyət bu qənaətdədir ki, Belarusda hakimiyyət dyişikliyi baş verəcəyi halda Lukaşenko və ətrafı Moskvadan siyasi sığınacaq alacaq.
Postsovet respublikalarının avtoritar liderlrinin hakimiyytdən devrildikdən sonra Moskvanın himayəsinə sığınmaq kimi bədnam ənənənin bünövrəsin Ayaz Mütəllibov qoyub. 1992-ci ilin martında prezident vəzifəsindən istefa verən Ayaz Mütəllibov 14 nayda yenidən hakimiyyətə qayıtmağa cəhdi 15 mayda postsovet məkanında ilk məxməri inqilabın baş verməsinə səbəb oldu. Bu məxməri inqilab nəticəsində hakimiyyətdən devrilən Ayaz Mütllibov məsuliyyətdən yayınmaq üçün Rusiyaya qaçaraq Moskvanın himayəsinə sığındı.
Ayaz Mütəllibovun açdığı bu çığırla 1994-cü ildə Sürət Hüseynov getdi. 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılan Sürət Hüseynov oktyabrın 14-də parlamentin onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verməsindən sonra Rusiyaya qaçdı.
Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin 15 il hakimiyyətdə olduqdan sonra 2005-ci ilin martında yenidən seçkiləri saxtalaşdırmaqla iqtidarda qalmağa çalışmaqla sonradan “Zanbaq inqialbı” adı verilən məxməri inqialbın baş verməsinə səbəb oldu. “Zanbaq inqialbı” nəticəsində hakimiyyətdən devrilən Əsgər Akayev məsuliyyətdən yayınmaq üçün Rusiyaya qaçaraq Moskvanın himayəsinə sığındı. Qırğızıstan Baş prokurorluğu tərəfindən haqqında cinayət işi qaldırılmış Əsgər Akayevin təvil verilməsi rəsmi Bişkek tərəfindən tələb edilməsinə baxmayaraq Moskva onu öz himayəsində sağlamaqla ədalət məhkəməsindən yayındırır.
Əsgər Akayevdən sonra Qırğızıstanın prezidenti seçilən Qurmanbəy Bakiyev 2009-cu ildə seçkiləri saxlaşdırmağa cəhd etdikdən sonra yaranan siyasi böhran 100 nəfərin öldüyü inqilaba səbəb oldu. İnqilabın qalib gəlməsi nəticəsində Qurmanbəy Bakiyev 2010-cu ilin aprelində hakimiyyətdən devrildi və Belarusa qaçdı. Ötən 10 ildə Avropanın sonuncu diktatoru Lukaşenkonun hamayəsinə sığınan Qurmanbəy Bakiyev bu illər ərzində ədalət məhkməsindən yayınsa da, Belarusda son günlər baş verən prosesdən sonra artıq özünü Minskdə də təhlükəsiz hiss edə bilməz.
Rusiyaya qaçaraq ədalət məhkəməsindən yayınan digər bir dövlət başçısı Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçdir. 100 nəfərdən artıq insanın həyatını itirdiyi “Ləyaqət inqilabı”nın qalib gəlməsi nəticəsində Yanukoviç 2014-cü ilin fevralın 22-də hakimiyyətdən devrildi və Rusiyaya qaçaraq Moskvanın himayəsinə sığındı.
İndi isə Rusiyaya qaçaraq Moskvanın himayəsinə sığınacağı gözlənilən prezident Avropanın sonuncu diktatoru Aleksandr Lukaşenkodur. Bu qənaət Bloomberg Agentliyinin yaydığı məlumatdan və Lukaşenkonun Putindən yardım istəməsi haqqında məlumatın təhlilindən yaranır.
Öz xalqına qarşı dayana bilmək üçün Rusiyadan yardım istəyən Lukaşenkonun Belarusun prezidenti olmaq bir yana, vətəndaşı olmağa mənəvi haqqı yoxdur. Diktatorun öz hakimiyyətini qorumaq üçün ölkənin müstəqilliyini başqa bir ölkənin diktatorunun ayaqları altına atmağa hazır olması insan övladının düşə biləcəyi ən rəzil vəziyyətdir.
Hələlik isə nə qədər ki Rusiyada Putinin avtoritar rejimi iqtidardadır, postsovet ölkələrinin avtoritar liderləri gələcək aqibətlərindən çox da narahat olmaya bilərlər. Lakin Putinin özü hakimiyyətdən devrilsə, postsovet ölkələrinin avtoritar liderlərinin aqibətləri Əsgər Akayevin və Viktor Yanukoviçin taleyindən fərqli olacaq.
Buna görə də Putindən sonra hakimiyyətdən devilən postsovet ölkələrinin liderlərinin Putin hakimiyyətdə olduğu zaman iqtidarını itirənlərə həsəd aparacaqlarına şübhə ola bilməz. Aqibətlərini düşünən diktatorlar iqtidardan getməyi Putindən sonraya saxlamamalıdırlar. Çünki Putindən sonra Rusiya demokratik dünyanın bir parçasına çevrilməyə çalışacaq və bu ölkədə diktatorlara yer olmayacaq!
Xəqani Cəfərli
Teref.az