Natiq Cəfərli: "Bizim hakimiyyət də anlamalıdır ki, islahat qaçılmazdır,"
17-08-2020, 00:05
![Natiq Cəfərli:](/uploads/posts/2020-08/1597606260_1.jpg)
2018-ci ilin sentyabrında seçkilərə hazırlığı elan etdik, hər dəfə "seçki" dedik, əsas müxalif partiyalara yazılı təkliflər də göndərdik, hətta bir nəfər nüfuzlu şəxsdən onlarla görüşməyi, təklifləri çatdırmağı rica etdik ki, birgə fəaliyyət göstərək. İsrarla dedik ki, bizim kimi avtoritar ölkələrdə dəyişikliyi ancaq seçki öncəsi və sonrası yaranan dalğa gətirə bilər. Deməkdən dilimiz qabar oldu ki, əgər heç olmasa 70% vətəndaş seçkiyə gəlsə saxtalaşdırma mümkün deyil, etsələr belə səs verən insan səsini qoruyacaq, yeni dalğa yaranacaq. Əvəzində bizə güldülər, lağ edənlər tapıldı, "nə seçki e, seçki var", "bu seçki komissiyaları ilə seçki olar", "Əfruzla nə seçki", deyə mənasız "arqumentlər" gətirdilər. Sonra da hakimiyyətin istədiyini etdilər - zatən bu hökumət istəmir ki, seçkilərə maraq olsun, seçici gəlsin, o zaman asan saxtakarlıq edirlər. Bunun üzərinə özümə müxalif deyınlərin bir qismi də boykotla hakimiyyətin işinə yarayıb seçkiyə marağı azaltdılar.
Teref.az yazır ki, politoloq Natiq Cəfərli məqaləsini belə başlayır. Natiq Cəfərli yazır:
Bu gün Belarusda baş verən əsl biz deyən vəziyyətdir - seçkiöncəsi dalğa, yüksək iştirakçılıq, sonra səslərin qorunması - başqa yol göstərənlər indi baxıb dərs çıxartmalı, özlərində təpər tapıb səhv olduqlarını etiraf etməlidirlər. Bu gündən sonra seçkiləri boykota çağıranları görsəz bilin ki, hökumətə işləyirlər. Bəyəm Belarysda normal seçki komissiyaları, seçki şəraiti var idi?! Boykotçular anlamadılar ku, seçki şəraitini avtoritar rejim yox, siyasi partiyalar yaratmalıdılar.
REAL-ın da səhvləri oldu, iş olan yerdə səhv də olar, indi əsas işimiz dərslər çlxartmaq, növbəti seçkilərə daha əzmlə, daha güclü hazırlaşmaqdır.
Hakimiyyət də öz dərsini çıxartmalıdı: Ölkəni belə idarə etməz olmaz! Bu gün Lukaşenko, "İslahat istəyirsiz? Sabahdan olacaq", dedi, sanki indi, onminləri küçədə görəndə anladı bunu, amma artıq gecdir. Bizim hakimiyyət də anlamalıdır ki, islahat qaçılmazdır, iqtisadiyyat batır, amma iqtisadi problemlərin həlli artıq iqtisadiyyatda deyil - səbəb zay idarəetmə və yarımçıq siyasi sistemdir. Yeni Ana Yasadan tutmuş, Parlament Respublikasına keçidə, yerli özünüidarəetmənin gücləndirilməsinə, müstəqil məhkəmələrə qədər acil siyasi, hüquqi islahatlar lazımdır. Bu gün etməsələr sabah yüzminlər meydanda olanda bunu söz verməyin heç bir mənası olmayacaq və heç kim o sözverən adama inanmayacaq!
Belarusda keçid dövrü uğurla, yeni nəslin qələbəsi ilə başa çatacaq! 21 ci əsrdə, İnternet çağında Orta əsr təfəkkürlü sistemlərə yer qalmayacaq! Buna görə də məsuliyyətlə dəyişikliklərə hazırlaşmalıyıq!
Natiq Cəfərli
Teref.az