“BU İŞİN SONU BAHALI VƏ İNHİSARÇI TAKSİ XİDMƏTİ İLƏ YEKUNLAŞACAQ” – “BNA yeni Konsepsiyadan imtina etməlidir”
1-09-2020, 20:04
![“BU İŞİN SONU BAHALI VƏ İNHİSARÇI TAKSİ XİDMƏTİ İLƏ YEKUNLAŞACAQ” – “BNA yeni Konsepsiyadan imtina etməlidir”](/uploads/posts/2020-09/1598976232_1.jpg)
Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətini tənzimləyən Konsepsiya hazırlaması barədə məlumat yayıb. Agentlik konsepsiyanın hazırlanmasının zəruriliyini aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmət keyfiyyətinin aşağı olması ilə bağlayıb.
Bütün bu problemlərin həlli məqsədilə Konsepsiya vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqini nəzərdə tutur. İlk gündən cəmiyyətdə bu Konsepsiyaya münasibət birmənalı olmadı. Əksəriyyət yeni qaydaların qüvvəyə minməsindən narahatdır və onun fəsadlarının ağır olacağını ehtimal edir.
Tanınmış iqtisadçı Samir Əliyev cəmiyyətdə belə narahatçılığın yaranmasını təbbi sayır. O, hazırda taksi xidməti sektorunun Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biri olduğunu xatırladır: “Bu sektorda son 4-5 ildə yaranmış rəqabətin nəticəsi olaraq taksi xidmətinin qiymətləri əhəmiyyətli dərəcədə ucuzlaşıb. Dövlət isə bu rəqabəti qorumaq əvəzinə əvvəlcə öz şirkətini yaradaraq bazara daxil oldu. Sonra öz şirkətinə maliyyə dəstəyi verərək bahalı və müasir avtomobilər gətizdirdi, indi də müxtəlif tənzimləyici qaydalarla mövqeyni bazarda möhkəmləndirmək istəyir.
Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə, bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq, ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq”.
Ekspert bildirib ki, BNA bu Konsepsiyanı irəli sürəndə yəqin ki xarici ölkələrin təcrübəsinə istinad edib: “Doğrudan da bir sıra ölkələrdə taksi xidmətinə münasibətdə müxtəlif tənzimləmələr mövcuddur. Bu tənzimləmələr əsasən 3 istiqamətdə olur:
1) tarifin tənzimlənməsi;
2) lisenziyaların tənzimlənməsi;
3) keyfiyyətin tənzimlənməsi.
Ancaq son illər əksər ölkələrində, o cümlədən inkişafda olan ölkələrdə taksi xidmətinə münasibətdə şərtlərin yumşaldılması tendensiyası müşahidə edilir. Yeni tendensiya özünü qiymətin sərbəstləşdirilməsində və lisenziyaların sayına qoyulan limitlərin aradan qaldırılmasında göstərir. Bunun nəticəsində gözləmə vaxtı əhəmiyyətli dərəcədə azalır, qiymətlər isə ucuzlaşır. Bu gün dünyada “ride-sourcing” və “ride-sharing” kimi taksi xidmətləri bazarda getdikcə payını artırır. Biz isə hələ də sovetsayağı idarəetmə vərdişlərindən əl çəkmirik”.
BNA-nın Konspesiyada göstərmək istədiyi əsaslandırmalara gəlincə, S. Əliyev Agentliyin və bəzi ekspertlərin indiki tariflər çox aşağı olduğundan sürücülərin gəlirlərinin az olması barədə fikirlərini qəbul etmir: “Bu iddia doğru deyil. Təsəvvür edin hər gün xeyli sayda taksi Bakıdan Xırdalana, Sumqayıta və əksinə sərnişinin birini 1 manata aparır. Kifayət qədər böyük məsafəni taksi 4 manata qət edir. Eyni vəziyyət “20 Yanvar” – “Koroğlu” metrostansiyası, “20 Yanvar” – “Müşviqabad” istiqamətində də var. Və yaxud “Koroğlu” stansiyalarından Bakı kəndlərinə olan marşrutları qeyd etmək olar. Əgər qiymət belə ucuzdursa niyə minlərlə sürücü 1 manata sərnişin daşımağa maraq göstərir?
Yəqin, BNA xəbərdardır ki, avtobusların yükünü məhz bu “birmanatlıq” taksilər azaldır. Və ya “UBER”, “Bolt”, “Maksim” və s. kimi xidmətlərdə işləyənləri götürək. Məhz bu xidmətlərin hesabına son vaxtlar taksi xidmətindən daha çox istifadə etməyə başlamışam və hər dəfə də sürücülərdən onların qazancları barədə münasibət öyrənirəm. Əksəriyyətinin cavabı belə olub ki, sərf edir. Bunların hamısı da öz şəxsi maşınlarından istifadə edirlər. Əsas narazılıq isə vergitutmanın ədalətsiz olması ilə bağlı olub.
Sürücüləri taksi şirkətləri ilə əməkdaşlığa heç kim məcbur etmir, bu onların öz seçimidir. Metroların, dayanacaqların yanında bütün günü mürgüləyən, gün ərzində 1-2 sifariş qəbul etməklə kifayətlənən, sərnişindən ən azı 5 manat tələb edən sərbəst taksi sürücülərindən fərqli olaraq şirkətlərlə işləyənlər daha çox qazana bilir. Əlbəttə pul heç zaman çox olmur və sürücülər daha çox xidmət haqqı almağa etiraz etməzlər. Ancaq mövcud tariflər sürücüləri hələki qane edir”.
Vahid çağrı mərkəzinə gəlincə, ekspert deyib ki, bunun Azərbaycanda nə dərəcədə effektiv işləyəcəyi məlum deyil.
“Söhbət eyni anda yüzlərlə, minlərlə sərnişinin zəng vurmasından gedir. Bütün zənglər cavablandırılacaqmı, yoxsa dövlət qurumlarında, banklarda, mobil operatorlarda olduğu kimi müştəri hər dəfə qulağında telefon 5-10 dəqiqə musiqiyə qulaq asmaq məcburiyyətində qalacaq?”-deyə, S. Əliyev vurğulayıb.
BNA-nın digər iradı xidmət keyfiyyətinin aşağı olması ilə bağlıdır. Ekspert bu məsələdə Agentliyin haqlı olduğunu bildirib: “Bu baxımdan dövlətin işi xarici ölkələrdə olduğu kimi taksi xidmətinə dair standartların qəbulu və onlara riayət edilməsinin təmin etməkdən ibarət olmalıdır. Dövlət tənzimləməlidir, taksi xidməti göstərməli deyil. Digər tərəfdən xidmətin keyfiyyəti heç də təkcə avtomobilin təzə, rahat və səliqəli olması deyil. Xidmətin keyfiyyəti həm də gözləmə vaxtının az olması, qiymətlərin münasib olması və dispetçerlə qısa müddətdə əlaqə saxlamaq mümkünlüyüdür”.
Samir Əliyev sonda vurğulayıb ki, vahid tarifin tətbiqi mexanizmindən imtina edilməlidir. Çünki bu addım taksi xidməti sektorunda kiçik sahibkarlıq subyektlərini sıradan çıxaracaq, işsizliyi artıracaq və ən əsası qeyri-rəsmi taksi xidmətləri göstərən sürücülərin sayı daha da artacaq.
“Vergi ödəyicilərinin puluna baha qiymətə alınan və səmərəli olmayan taksi maşınlarına xidmət də bahadır. Onların tarifləri indiki tariflərlə rəqabət apara bilməz. Qiymətləri yeni taksilər üçün əlverişli həddə qaldırmaq üçün ortaya vahid tarif söhbəti atılıb. Bu siyasətin sonu bahalı və inhisarçı taksi xidməti ilə yekunlaşacaq”-deyə S. Əliyev qeyd edib.
Rasim
AzPolitika.info