Bu gün siyasi liderlik çox böyük bir məsuliyyətdir

Bu gün, 17:22           
Bu gün siyasi liderlik çox böyük bir məsuliyyətdir
Yanvarın 20-dən 24-dək İsveçrənin Davos şəhərində sayca 55-ci olan və bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşan ənənəvi Dünya İqtisadi Forumu keçirilib. Forum hazırkı dövrün əsas çağırışlarının müzakirəsində, birgə qərarların qəbul edilməsində mühüm paltforma kimi diqqətdədir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərdə olub. Dövlətimizin başçısı İsveçrəyə səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövlər başçıları və aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirib vi bu görüşlərdə Azərbaycanın dünyada yeri və rolunu təqdim edib.
Ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunin hər bir iclasının mövzusu dövrün çağırışlarını özündə ehtiva edir. Bu Forum dünyanın iqtisadi mənzərəsinin təqdimatında önəmli rol oynayır və dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malik olması ilə yanaşı burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Bu nöqteyi-nəzərdən yanaşsaq Forumda dövlətlərarası münasibətdə əsas faktor olan etibarın bərpası məsələsinin Forumun gündəliyinə salınması və geniş müzakirə edilməsi bu məsələnin aktuallığını təsdiqləməklə yanaşı, tədbirin mövcud problemlərin həllində roluna da işıq salır.
Dövlət başçısı İlham Əliyevin ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclaslarında iştirakı, eyni zamanda, çıxışı, verdiyi müsahibələr, qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlər Azərbaycan həqiqətlərinin, qlobal məsələlərin həllində tutduğumuz mövqeyin təbliğində əhəmiyyətli rol oynayır. Budəfəki Forumda 350 hökumət nümayəndəsi, 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın liderin bir araya gəlməsi də özündə mühüm məqamları ehtiva edir.
Prezident İlham Əliyev yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Bu müsahibəsində ölkə başçısı bir sıra mühüm əhəmiyyət daşıyan məsələlərə toxunub, çox sürətlə dəyişən dünyada liderliklə bağlı fikirlərini bölüşüb. Liderliyin böyük bir məsuliyyət olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.
Cənab Prezident bildirib ki, “iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik”.
Prezident ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə də məsləhət verərək deyib: “Həmişə həqiqəti söyləyin və ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız”.
İstər Forumda keçirilən görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.


Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.