Çin iqtisadiyyatı Azərbaycan üçün mühüm bir amildir

Bu gün, 17:19           
Çin iqtisadiyyatı Azərbaycan üçün mühüm bir amildir
Dünya İqtisadi Forumunun tarixinə nəzər salsaq görərik ki, Forum 1971-ci ildə isveçrəli professor Klaus Şvabın təşəbbüsü ilə yaradılıb. Klaus Şvab həmin il İsveçrənin Davos şəhərində Avropanın aparıcı 450 şirkətinin rəhbərlərini toplayaraq, dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi strategiya hazırlamaq məqsədilə birinci simpoziumu keçirib. Ötən əsrin 70-ci illərinin ortalarından Forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlanıb. 1987-ci ildən etibarən isə Forum Dünya İqtisadi Forumu adlandırılıb. Forumun hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların və biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etməkdir.
Prezident İlham Əliyev də ötən illər ərzində Dünya İqtisadi Forumunun iclaslarında fəal iştirak edib. Dövlətimizin başçısı Forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra tanınmış şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Azərbaycanın ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, tarixi Zəfərimizdən sonrakı dövrdə yeni reallıqların yol açdığı uğurlar hazırda əsas müzakirə mövzularıdır. Ölkəmiz investisiya cəlbediciliyini yüksək səviyyədə qoruyur. Azərbaycan sabitlik diyarı və böyük iqtisadi imkanlara malik ölkə kimi nüfuz qazanıb.
Bu il yanvarın 20-dən 24-nə kimi İsveçrədə ənənəvi Davos İqtisadi Forumu keçirilib. Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lideri iştirak edib. Sayca 55-ci olan və bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşan Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Prezident İlham Əliyev Forum çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra dövlər başçıları və şirkət rəhbərləri ilə görüşlər keçirib və yanvarın 20-də həm də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətlərinə xüsusi yer ayrılıb. Qeyd edilib ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Bu gün Azərbaycanda bu istiqamətdə işlərə xususi fikir verilir. Azərbaycanda investorlar üçün yaxşı investisiya mühitini yaradılıb. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Bildirilib ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. Hazırda hər iki dövlətin mütəxəssisləri enerjinin tədarükü imkanları üzərində işləyirlər və müəyyən edilib ən yaxşı batareyaları məhz Çində istehsal olunur.
Hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə müqavilə imzalandı. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlanacaqdır. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir. Cənab Prezidentin qeyd etdiyi kimi “Beləliklə, bizə bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır”.
Bu yaxınlarda Çin vətəndaşları Azərbaycana səfər etmək üçün viza almaq tələbindən azad edildilər. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər. Ümid edirik ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Beləliklə, bu, turistlərin sayını, xalqlar arasında təmasları artıracaq və əlbəttə ki, ictimai diplomatiya öz rolunu oynayacaq.
Bu gün Çin iqtisadiyyatı çox sabitdir və bu, qlobal iqtisadiyyatın mühüm bir amilidir. Qazıntı enerji növləri üzrə sabit qiymətlərə ehtiyacı olan Azərbaycan kimi ölkə üçün Çin iqtisadiyyatı da mühüm bir amildir. Çin iqtisadiyyatı sürətlə inkişaf etdikcə, qazıntı enerji növünə olan tələbat daha da artır. Odur ki, biz Çin iqtisadiyyatının həmişə inkişaf etməsi nöqteyi-nəzərindən maraqlıyıq.
Prezident İlham Əliyev öz müsahibəsində iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinə də toxundu. Bildirdi ki, “Bəli, gözləntilər çox böyükdür. Lakin mən əminəm ki, istedadlı Çin xalqı bir həll yolunu tapacaqdır. Əminəm ki, onlar artıq yeni inkişaf nöqtələrinə çatıblar, çünki sizin ölkəniz texnologiyada liderdir və Azərbaycanda bir çox Çin şirkətləri öz xidmətlərini və texnologiyasını təmin edir. Bizim indicə müzakirə etdiyimiz kimi, yaşıl texnologiya sahəsində heç kim sizinlə rəqabət apara bilməz. Dünyanın müxtəlif yerlərindən olan, müxtəlif şirkətləri təmsil edən investorlarımız bu tutumları quraşdırmaq üçün Çin texnologiyasını seçirlər”.
İstər Davosda keçirilən görüşlər, istərsə də müsahibə Azərbaycanın nüfuzunun, Prezident İlham Əliyevə yüksək etimadın göstəricisidir. Ölkəmizin hər bir məsələdə mövqeyinə verilən önəm diqqətdən kənarda qalmır. Təbii ki, bu, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olmasından, inkişaf modelinin nümunəviliyindən, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına göstərdiyi diqqətdən irəli gəlir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.