Azərbaycanın yanında olan İsraildə səfirliyimiz niyə yoxdur - məsələ yenidən gündəmdə...

17-10-2020, 09:24           
Azərbaycanın yanında olan İsraildə səfirliyimiz niyə yoxdur - məsələ yenidən gündəmdə...
Azərbaycanın İsraildə səfirliyin olmaması ilə bağlı məsələ son günlərdə yenidən aktuallaşıb. Buna səbəb də, sentyabrın 27-də Ermənistanın təxribatına cavab olaraq, ordumuzun işğal altındakı torpaqlarımızı azad etmək üçün Qarabağ cəbhəsində başlatdığı Vətən müharibəsində rəsmi Bakıya dəstək verən ölkələr sırasında İsrailin də yer almasıdır. Rəsmi Təl-Əviv savaş başladığı ilk günlərdən mövqeyini açıq şəkildə bəyan etdi. Hətta bu mövqeyinə görə Ermənistan bu ölkədəki səfirliyini geri çağırıb.

Digər tərəfdən, İsraillə münasibətlərimiz də hər zaman normal olub. Belə bir ölkədə nədən səfirliyimizin açılmaması haqlı olaraq suallar yaradır. Son mövqeyindən sonra İsraildə səfirliyimizin nə zaman fəaliyyət göstərəcəyi barədə səslənən suallar, hətta tələblər çoxalmağa başlayıb.

Beynəlxalq münasibətlər üzrə şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bu məsələnin artıq birdəfəlik qapadılmasını vacib sayır: “Azərbaycan Respublikası böyük ehtimalla Qarabağ müharibəsi başa çatan kimi xarici siyasətində mühüm korrektələrə gedəcək. Bu dəyişikliklərin də əsas səbəbi apardığımız ədalət mübarizəsində hansı qüvvələrin yanımızda, hansının qarşımızda yer almasıdır. İsrail, Türkiyə, Ukrayna və Pakistan aşkar şəkildə Azərbaycanın yanında yer almaqla tərəflərini seçdilər.

Ona görə də müharibənin taleyinin dəyişdirilməsində böyük rol oynayan İsrail silahları barədə də geniş söhbətlər aparılır. Silahı, lobbisi, ən üst səviyyədə strateji əlaqələri ilə İsrail bizim üçün çox vacib müttəfiqdir. Üstəgəl, biz müsəlman ölkəsi hesab edilirik və bunlara rəğmən, bir çox islam ölkələrinin də düşmənə dəstək verdiyini gördük. Nəhayət, deyilir ki, İsraildə səfirliyin açılması ümumi İslam anlamına ziddir. O zaman Misir və İordaniya niyə səfirlik açdı?

Və ya sonuncu müharibəyə qədər Ermənistan da orda səfirlik açmışdı. Artıq bu məsələ ciddi şəkildə bağlanmalıdır və bizim səfirliyimiz fəaliyyətə başlamalıdır. Çünki ən həssas günümüzdə yanımızda yer alanlarla yola çıxmaqdan başqa variant ola bilməz".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İsraildə səfirlik açmağımıza heç bir maneənin qalmadığını söylədi: “Bu, gecikmiş bir prosesdir. Əslində İsraildə səfirliyimizi çoxdan açmalı idik. Çünki bir ölkənin səndə səfirliyi varsa, mütləq mənada sənin də gərək o ölkədə səfirliyin olsun. Uzun illər deyildi ki, səfirliyin açılmasına əngəl olan müəyyən amillər var. İranın adını çəkirdilər, ərəb dünyasını misal gətirirdilər. Amma artıq Ərəb dünyasının özü İsraildə səfirliyini açıb. İki dövlət yaxınlarda Vaşinqtonda rəsmən elan etdi. 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya səfirliyini İsraildə açdı. Ərəb amilini bu baxımdan ciddi hesab etmirəm. İran amilinə gəlincə, deyim ki, Ermənistan da İsraildə səfirliyini açdı, amma rəsmi Tehran Ermənistana qarşı sərt tədbir görmədi. Ona görə də bizim müstəqil qərarımız olmalıdır. Qeyd etdiyiniz kimi, bu müharibədə bizi ən çox dəstəkləyən ölkələrdən biri də İsrail oldu. Bu ölkənin keçmiş və indiki nazirləri bizə birmənalı şəkildə dəstək verdilər. Ermənistan buna mane olmaq üçün müəyyən çabalar sərf etdi. Məsələn, İsraildəki səfirini geri çağırdı, müəyyən çağırışlar etdi. İsrailin Azərbaycana silah satmamasına da çalışdılar. Amma İsrail məhkəməsi bu məsələyə baxdı və rədd etmə qərarı çıxardı. Bu mənada Ermənistana böyük zərbələr vurdular. İsraillə əlaqələrimiz çox yüksək səviyyədədir. Bu ölkəyə neft satırıq, neftə tələbatın 40 faizi Azərbaycan neftinin hesabına ödənilir. Sıx təmaslarımız mövcuddur. Bu baxımdan hesab edirəm ki, bu məsələni çox da uzatmaq mümkün olmayacaq. İndi müharibənin getdiyi bu dönəmdə bu məsələ geniş müzakirə olunmasa da, savaş Azərbaycanın xeyrinə bitdikdən sonra yəqin ki, İsraildəki səfirlik məsələmiz də həll olunacaq. Bu ölkədə səfirlik açmağımıza mane olacaq heç bir amil qalmayıb. Üstəlik hamı xatırlayacaq ki, müharibə zamanı Azərbaycana dəstək verən ölkələr sırasında İsrail də yer alıb. Bu faktın özü belə İsraildə səfirlik açma prosesini sürətləndirəcək”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.