Moskva İrəvanı niyə cəzalandırdı və ya Azərbaycanı qalib edən şərtlər - ŞƏRH

26-11-2020, 00:05           
Moskva İrəvanı niyə cəzalandırdı və ya Azərbaycanı qalib edən şərtlər - ŞƏRH
Nikol Paşinyan anadangəlmə qərbpərəst olub. Rusiyayaı isə heç zaman simpatiya göstərməyib. Ancaq baş nazir vəzifəsinə keçəndən sonra Ermənistanın Rusiya ilə yaxınlaşma siyasətini tənqid etmək və Moskvaya qarşı çıxmaq onun üçün çətin oldu. Rusiya ilə Qərb arasında bir tarazlıq tapmağa çalışaraq müxtəlif açıqlamalar verdi.

Hətta 2018-ci ilin dekabrında Paşinyan Ermənistanın NATO üzvlüyünə can atmadığını, ancaq bu təşkilatla əlaqələrini davam etdirəcəyini dedi. Bununla da bir növ Moskvaya qarşı olmadığını sübut etməyə çalışdı. Çünki “nəzərə alınmalı olan reallıqlar və faktlar var”.

Lakin bu təminatlar Moskvanın Paşinyan və onun hökuməti ilə bağlı şübhələrini aradan qaldırmadı. Əksinə prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı “konstitusiya quruluşunu dəyişdirdiyinə görə” məsuliyyətə cəlb etdikdə Kremlin Paşinyanla narazılığı daha da gücləndi.

Buna baxmayaraq, Kreml öz keşiyində ayıq idi. Çünki postsovet məkanındakı “rəngli inqilablar” daim Qərbin Rusiyanın təsir dairəsindəki mövqelərinin güclənməsi ilə müşayiət olunurdu. Ancaq Paşinyan Rusiyanı bu məsələdə inandırmadı, daha doğrusu inandırmaq istəmədi.

Günlərin bir günü, yəni12 iyulda Ermənistan birdən-birə Azərbaycanın Tovuz bölgəsinə hücum etdi. İki ölkə arasındakı dondurulmuş münaqişə yenidən alovlandı və bu da Dağlıq Qarabağda yeni bir müharibəyə səbəb oldu. 27 sentyabr başlayan müharibə sürətlə davam etdi. O vaxt çoxları Rusiyanın dərhal İrəvanı dəstəkləməsini gözləyirdi.

Bununla belə ehtimallar qalırdı. Çünki Türkiyə ilk gündən Azərbaycana dəstəklədiyini elan etdi. Bundan sonra çoxları Moskvanın Türkiyəni Qafqaza buraxmaq istəməyərək münaqişədə birbaşa iştirak edəcəyini gözləyirdi.

Üstəlik, bəziləri Rusiyanın özünün regional münaqişə zonasında Ermənistanla Azərbaycan arasındakı gərginliyin artmasında iştirak etdiyinə inanırdılar. Ancaq bu fikir doğru deyildi.

Ermənistanın 12 iyulda Tovuza hücumundan sonra “Daily Sabah” yazırdı ki, Rusiya Paşinyanı Qərb tərəfindən dəstəklənən “inqilabçı” kmi görür və buna görə də Ermənistanın Azərbaycan üzərində qələbəsi uğrunda əsgərlərini müharibəyə göndərməyəcək. Belə də oldu. Amma Rusiya hər iki ölkə ilə əlaqələrini davam etdirdi. Əslinə baxsan Azərbaycan da Rusiya üçün vazkeçilməz bir ölkədir. Azərbaycanla Rusiya arasında normal münasibətlər var. Bakı davamlı şəkildə Moskvadan silah alır. Ona görə də Kreml Qafqazdakı təsir imkanlarını riskə atmadı.

Baxmayaraq, Rusiyada ermənipərəst qüvvələr həqiqətən ölkənin sentyabr ayında başlayan müharibəyə girməsini istəyirdilər. Amma Moskva təmkinini pozmadı. Paşinyan Azərbaycanın hərbi gücünün Ermənistandan üstün olduğunu görərək Putindən bir neçə dəfə kömək istədi. Ancaq bu ümidlər boşa çıxdı, çünki Kreml İrəvana kömək etmək fikrində deyildi.

Oktyabr ayında Putin Moskvanın münaqişə ilə bağlı mövqeyini açıqladı. Dedi ki, “Çox təəssüf ki, bu günə qədər davam edən hərbi əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın İrəvana Dağlıq Qarabağa deyil, Ermənistana hücum olacağı təqdirdə köməklik göstərmək öhdəlikləri var”.

Putinin açıqlaması həm də Ermənistanın beynəlxalq təbliğatını təkzib etdi. Putin Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu vurğuladı. Buranın erməni torpağı olmadığını etiraf etdi.

44 gün ərzində Azərbaycan Ordusu ermənilərin işğal etdiyi əraziləri davamlı olaraq nəzarətinə keçirdi. Lakin Rusiyadan Ermənistana kömək gəlmədi.

Nəhayət, noyabrın 10-da Baş nazir Nikol Paşinyan, Prezident İlham Əliyev və Prezident Vladimir Putin atəşkəs razılaşması imzaladılar. Bu, Bakının, azərbaycanlıların Dağlıq Qarabağdakı tarixi və mədəni mərkəzi hesab etdikləri Şuşa şəhərinin azad edildiyini elan etməsindən sonra baş verdi.

Şuşa itkisi Ermənistanın məğlubiyyəti demək idi və Paşinyan başladığı müharibədə məğlub olduğunu etiraf etmək məcburiyyətində qaldı. Beləcə, Putin Paşinyanı Ermənistan hökuməti üçün intihara bərabər razılaşmaya məcbur etdi.

İki il əvvəl Ermənistanın milli qəhrəmanı elan edilən Paşinyan ölkəsini sadəcə məğlubiyyətə yönəltmədi. Bunu elə alçaldıcı bir şəkildə etdi ki, Ermənistan hələ bir müddət özünə gəlməyəcək.

Aydındır ki, bəzi dövlətlər Paşinyanı təşviq edir, onu Azərbaycana hücum etməyə çağırır. “Bəzi dövlətlər” dedikdə, Türkiyəyə qarşı kin saxlayan ölkələri nəzərdə tuturuq. Ancaq onların adını çəkmək istəmirik. Amma Türkiyə ilə digər ölkələr arasındakı bugünkü ziddiyyətlərə bələd olan insanlar kimin kim olduğunu çox yaxşı bilir.

Deməyimiz odur ki, Ermənistanın məğlubiyyətinin əsas səbəbi Türkiyənin Azərbaycana dəstəyi yox, Moskvanın İrəvanı cəzalandırmaq istəyidir.

MƏNBƏ: “Daily Sabah”, Türkiyə.

KONKRET.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.