Uşaq pulunu nədən ala bilmirik?

30-12-2020, 09:15           
Uşaq pulunu nədən ala bilmirik?
Bundan əvvəlki postumda uşaq pulu ilə bağlı yazdıqlarımın məqsədi heç də müqayisələr aparmaq deyildir. Başlıca məqsəd uşaq pulunun ödənilməsinin vacibliyini bir daha diqqətə çatdırmaqdır. Heç kəsə sirr deyil ki, Qarabağda Azərbaycan ordusunun qələbə çalmasında başlıca rol oynayan faktorlardan biri də əsasən kasıb ailədən olan dünənin uşaqları, bugünün isə igid əsgərləri oldu.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyir. Daha sonra Qubad İbadoğlu deyir:
Amma buna baxmayaraq gələn ilin dövlət büdcəsində yenə də uşaq pullarının ödənilməsi üçün vəsait nəzərdə tutulmadı. Yeganə olaraq, gələn ildən şəhidlərin uşaqları üçün müavinət xərclərində 19 faiz, müddətli hərbi xidmətdə olanların uşaqları üçün müavinət xərclərində 18 faiz artım proqnozlaşdırıldı. Məlumat üçün qeyd edim ki, şəhid ailələrində böyüyən 16 yaşınadək uşaqlara 21 manat, müddətli xidmətdə olan hərbi qulluqçuların ailəsində böyüyən 16 yaşınadək uşaqlara isə 15 manat aylıq ödəniş edilirdi. Nəzərdə tutulan artım bu məbləğləri dəyişməyəcək, şəhidlərin və müddətli hərbi qulluqda olanların sayının artımı ilə bağlı yaranmış xərcləri maliyyələşdirmək üçündür.
Yeri gəlmişlən, gələn ilin büdcəsində dövlət qulluqçularının, təhsil və səhiyyə işçilərinin də maaşlarının artımı üçün heç 1 manat da vəsait nəzərdə tutulmayıb. Lakin, növbəti ildə pensiyalar artırıla bilər.
Yenidən uşaq pulu məsələsinə qaydıram. Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının verilməməsinin günahı uşaqlarda deyil, onların valideynlərindədir. Bugün biz valideynlər haqqlarımız uğrunda mübariz olmadığımıza görə uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onlar icbari tibbi sığortaya malik deyillər, normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar. Uşaqların böyük əksəriyyəti yeni nəsil telefon və kompyuter avadanlılqarını əldə edə bilmirlər. Çünki, biz valideynlər uşaqlarımızın layiq olduqlarını hakimiyyətdən ala bilmirik. Haqq etdiyimizlə müqayisədə əldə etdiyimiz çox azdır. Bunun başlıca səbəbi odur ki, biz uşaqlar üçün lazım olanları hakimiyyətdən tələb etmirik. Uşaq pulu da həmin aiyahıdadır. Bu hakimiyyət bizim uşaqlara biz onu almayana qədər heç vaxt uşaq pulu verməyəcək. Belə olanda da uşaqlar inkişafdan geri qalacaqlar. Odur ki, mən günahı hakimiyyətdə deyil, özümüz də görürəm. Təəssüf ki, layiq olmadıqlarımıza razılaşaraq, hazırkı susqunluğumuzla ölkənin gələcəyini də kor edirik.
P.S. Mənim uşaq pulu almaq yaşında olan övladım yoxdur. İndiyə qədər uşaq pulunun ödənilməsi formalarına və maliyyələşmə mənbələrinə dair təkliflər hazırlayıb, hakimiyyətə təqdim etmişəm.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.