XALQ ÖZ QƏHRƏMANLARINI UNUTMUR və ya zamanın qərarı

5-01-2021, 09:03           
XALQ ÖZ QƏHRƏMANLARINI UNUTMUR və ya zamanın qərarı
Son statusuma (Vətən Müharibəsində iştirak edənlərin təltif edilməsində ayrıseçkiliklə bağlı) bütün gecəboyu xeyli mesajlar almışam. Yazdıqlarımın doğruluğunu vurğulayanlar çoxluq təşkil etsə də, inanmayanlar da var. Ola bilməz, bu məsələdə belə açıqcasına ədalətsizlik edə bilməzlər deyib, üsyan edənlər də var. Ancaq tarix boyu belə olub, ədalətsizlik hər yerdə və hər zaman olub. Yetər ki, əsil qəhrəmanlar hansısa ədalətsizliyə görə ruhdan düşüb, Vətəni sevməkdən vaz keçməsinlər, Naxçıvan xüsusi təyinatlısı, Şərur rayonunun Qıvraq kəndində doğulan Kərimov Əlinin dediyi kimi: "Əsil azərbaycanlı vətənini qarşılıqsız sevər!"
Bəli, Əli bəy düz deyir, vətəni qarşılıqsız sevərlər. Haqqı yeyilən əsgər qardaşlarıma tarixdən ibrətamiz bir misal çəkəcəm...
1945-ci ilin aprel ayının sonlarıdı. Müharibənin bitməsinə sayılı günlər qalır. Sovet qoşunları artıq Berlin küçələrində savaşırlar. Hər birliyə "Zəfər Bayrağı" verilib. Tapşırıq birmənalı və anlaşılandı: BAYRAQ REYXSTAQ ÜZƏRİNƏ QALDIRILMALIDI!
Bütün əsgərlər qorxu bilmədən savaşır, bayrağı Reyxstaq üzərində ilk dalğalandıran şəxs olaraq tarixə düşmək istəyir. Bizim qıvraqlı Əli də eynilə belə düşünürmüş: "Savaş başlayanda düşündüm ki, bizi döyüş bölgəsinə aparmasalar, savaşdan sonra ordudan istefa edib gedəcəm. Çünki orduda qalmam üçün artıq heç bir səbəbim olmayacaqdı. Mən orduya işğal altındakı torpaqlarımızın qurtarılmasında iştirak etmək üçün qoşulmuşdum. Çox şükr ki, bu istəyimə nail oldum və doğma torpağımızı öz qanımla suvardım!"
Xülasə, qayıdaq 1945-ci ilə, Reyxstaq üzərində ilk dəfə Zəfər Bayrağının dalğalandırılması məsələsinə...
Hamıdan öndə iki igid türk balası gedirdi - qazax Rahimcan Koşkarbayev və çuvaş türkü Qriqoriy Bulatov. Qrişa hələ uşaq idi, anladığınız ana quzusu, vur-tut 18 yaşı vardı. Lakin irəliyə can atırdı, adını tarixə qızıl hərflərlə yazdırmaq, şöhrətin zirvəsinə yüksəlmək istəyirdi. Şöhrətə gedən bu yolda onu ölüm də qarşılaya bilərdi, Qrişa uşaq olsa da bunu anlayırdı və əsla ölümdən qorxmurdu. Ancaq onun anlamadığı bir şey vardı: siyasət və onun çirkin tərəfi. Axı 18 yaşlı saf bir uşaq siyasətin çirkinliyini necə anlaya bilərdi? O bilmirdi ki, hakim siyasətin diqtə etdiyi başqa şeylər də var ki, bu da çox vaxt mövcud reallıqla tərs olan bir şeydi, bir çox hallarda da ədalətsizliyə dayanır.
Bulatov komandiri leytenant Koşkarbayevlə birlikdə aprel ayının 30-da ölümə qalib gələrək Reyxstaqın ürküdücü binasının ən zirvəsinə qalxırlar və oraq-çəkicli qırmızı Zəfər Bayrağını binanın qülləsinə taxırlar. Lakin o dövrün hakim siyasi kursu bu iki igid türk balasını qıraqda qoymağı diqtə edirdi. Qəbul edilən qərar belə idi: Reyxstaq üzərinə bayrağı Böyük Rus xalqının nümayəndəsi Mixail Yeqorovla xalqların atası İosif Stalinin mənsub olduğu gürcü xalqının nümayəndəsi Meliton Kantariya qaldırmalıdı. Beləliklə, may ayının 2-də şou təşkil olunur və Yeqorovla Kantariyanın bayrağı qaldırmaları mərasimi lentə alınır...
Koşkarbayev durumla barışmaq məcburiyyətində qalır. Ancaq gənc Qrişa Bulatov bununla hesablaşmır və üsyan bayrağı qaldırır. Mayın ortalarında onu hərbi təyyarə ilə Moskvaya, Stalinini görüşünə aparırlar. Bulatovun döyüş yoldaşı, sonradan hərb tarixi araşdırmaçısı Viktor Şuklin bu görüş haqda yazır: "Гриша был доставленна прием к Иосифу Сталину. Разговор был кратким и без свидетелей: "Товарищ Булатов! Вы действительно совершили героический поступок, поэтому достойны звания Героя Советского Союза и "Золотой Звезды", но на сегодняшний день обстоятельства требуют, чтобы на вашем месте были другие люди. Вы должны забыть, что совершили подвиг. Пройдет время, и вас дважды наградят "Золотой Звездой".
Qrişa Vətən naminə bütün acısını içinə gömüb susur. Ancaq o bilmirdi ki, onu irəlidə nə gözləyir. Stalinin yanından çıxdıqdan bir saat sonra polislər Bulatovu həbs edirlər - zorlama maddəsiylə. İl yarım həbsdən sonra Bulatov yenidən orduda xidmətə qayıdır. Ancaq artıq bacarmır və doğulduğu kiçik qəsəbəyə qayıdıb orada slesarlığa başlayır. İçkiyə qurşanan Qrişanı hamı ələ salırdı. Hətta ona taxma ad da qoymuşdular: Гришка Рейхстаг!
Heç kəs inanmırdı ki, bu çəlimsiz, içki düşkünü adam müharibədə olub və Reyxstaq üzərinə bayraq taxıb. Hər addımda aşağılanması, təhqir olunması Qrişanı həyatdan büsbütün küsdürmüşdü. 1970-ci ildə onu oğurluq maddəsiylə həbs edirlər. İşin istintaqını aparan müstəntiq Vasiliy Sitnikov "Pravda" qəzetinə verdiyi müsahibədə deyirdi ki, Bulatovun evində axtarış zamanı bir neçə məktub ələ keçdi: "Gözlərimə inanmadım! Məktubu yazanlardan biri Sovet İttifaqı Marşalı Jukov idi..."
Marşal Jukovun məktublarından birində bu sözlər yazılıbmış: "Гриша! Дорогой мой! Твои сапоги топтали крышу Рейхстага. Неужели они не могут растоптать бутылку?"
Müstəntiq Sitnikov daha sonra deyir ki, marşal Jukovla əlaqə yarada bilməsə də, Qrişanın diviziya komandiri olmuş general (1970-ci ildə artıq marşal imiş) Şatilova məktub yazıb, durumu bildirir. Şatilov birbaşa özü gəlib Qrişanı həbsdən qurtarır.
Artıq Bulatov həyata marağını tamamilə itirmişdi. O, dostu Koşkarbayevə belə bir məktub yazır: "Жизнь мне опостылела. Был бы пистолет, застрелился бы... Жизнь моя не блещет, хвалиться нечем. Я ни на кого не надеюсь больше, когда были нужны — нам обещали. Хотя мы были молоды, нас легко было обмануть. Как получилось, тебе известно. Вот моя обида пожизненно. Я прошу насчет меня не хлопотать. Думаю, бесполезно все и надоело..."
Koşkarbayev dostuna məktub yazır ki, Almaataya gəlsin, ona hər cür şərait yaradacaq. Ancaq məktubuna cavab almır və iki ay sonra özü dostunun yanına gedir. Qrişanın yaşadığı Qəsəbə Sovetinin sədri Koşkorbayevə deyir ki, 2 gün öncə Bulatov intihar edib, tualetdə özünü asıb. Geriyə isə yalnız bu "zapiska"nı qoyub: "Я любил свою страну, не ожидая ничего взамен, но меня никто не понимал".
Aradan 70 il keçdikdən sonra Qrişanın doğulduğu qəsəbənin sakinləri öz hesablarına ona 18 metr yüksəkliyində bir abidə ucaltdılar! Ən böyük abidəni isə xalq Qrişaya öz qəlbində ucaltdı. 70 il öncə onu ələ salaraq, "Qrişka Reyxstaq" taxma adını qoyan xalq indi onun barəsində söhbət düşəndə qürurla belə deyirlər: Гриша - Покоритель Рейхстага!
Bəli, zaman bütün problemlərin açarıdı. Zamanı gələndə bu vətəni qarşılıqsız sevən, canını fəda edən hər kəs layiq olduğu qiyməti alacaq. Ən azından layiq olduğu qiyməti ona qoruduğu xalq verəcək. Xalq öz qəhrəmanlarını heç bir zaman unutmur!
Elçin İlqaroğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.