Azərbaycanda un və çörək məhsullarının bahalaşması ehtimalı böyükdür - ÇÜNKİ...
29-01-2021, 08:27

Rusiya hökuməti bu ilin 15 fevralından 30 iyununadək Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatından kənar ölkələr üçün buğda, arpa, çovdar və qarğıdalı ixracı üzrə 17,5 milyon tonluq kvota müəyyənləşdirib. Bu kvotadan artıq satışın hər tonuna 50 faiz (amma 100 avrodan əskik olmamaq şərtilə) gömrük rüsumu tətbiq olunacaq. Kvota daxilində arpa, çovdar və qarğıdalı ixracı gömrük rüsumundan azaddır, buğdaya isə 1 ton üçün 25 avro rüsum müəyyənləşdirilib. Kvotanın tətbiqində məqsəd qeyd olunan məhsullar üzrə daxildəki qiymətləri sabit saxlamaqdır.
Moskvanın bu qərarı dünya bazarında ciddi təşvişə səbəb olub. Nəticədə həm Avropa, həm də ABŞ-da əmtəə birjalarında buğdanın qiymətində 2014-cü ildən bəri ən yüksək həddə qədər bahalaşma baş verib. ABŞ-da bərk və yumşaq buğdanın mart fyuçersləri 1 ton üçün 236-249 dollara, Fransadakı birjalarda isə 280 dollara qədər artıb. Hazırda ABŞ-da qiymətlər 231-247, Fransada isə 275 dollar ətrafında dəyişir.
Rusiyanın buğda ixracına kvota tətbiqinin bazara belə böyük təsirinin əsas səbəbi, əlbəttə, dünyanın ən iri buğda ixracatçısının məhz bu ölkə olmasıdır. Rusiya Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə taxıl istehsalı əvvəlki illə müqayisədə 9,8 faiz artaraq 133,03 milyon ton təşkil edib. Bunun 85,873 milyon tonu buğdadır. Beləliklə, buğda istehsalı 2019-cu ildəkindən 15,3 faiz artıqdır. 2020-ci il ərzində Rusiyadan xaricə 39 milyon tona yaxın buğda ixrac olunub. Bu həcmin 11,3 milyon tonu Türkiyə tərəfindən alınıb.
Maraqlıdır ki, Rusiya hökumətinin qərarını ölkənin aqrar istehsalçıları kəskin etirazlarla qarşılamaqdadırlar. Xüsusilə Azərbaycanın buğda aldığı cənub regionlarında böyük istehsalçılar hökumətə müraciət ediblər. Onların müraciətində qeyd olunur ki, ixracın məhdudlaşdırılması, əlavə rüsumların tətbiqi dünya buğda bazarında Rusiyanın öz payını itirməsinə səbəb olacaq: “Əlavə rüsum Rusiya buğdasının qiymətini kəskin bahalaşdıracaq. Bundan isə bazardakı rəqiblərimiz - Rumıniya, Fransa, Ukrayna və digər dövlətlər istifadə edərək ənənəvi alıcıları özlərinə cəlb edəcəklər”.
Cənub fermerləri bildirirlər ki, 2021-ci il üçün səpin işlərinin aparıldığı payı aylarında yağıntıların kəskin azalması, yanvarın ortalarında isə sahələri kəskin şaxtaların vurması bu il buğda istehsalında gözləniləndən daha az məhsul əldə olunmasına gətirib çıxaracaq: “Bu isə Rusiya fermerlərinin dünya bazarında daha çox pay itirməsinə gətirib çıxaracaq”.
Əvvəllər buğdanı əsasən Qazaxıstandan alan Azərbaycan son 5 ildə bu məhsulun idxalında 98 faizə qədər Rusiyadan asılı vəziyyətə gəlib. Məsələn, ötən ilin yanvar-noyabrında 1 milyon 225,585 min ton təşkil edən buğda və meslin idxalımızın 1 milyon 196,118 min tonu Rusiyadan reallaşıb. Bu isə ixraca tətbiq olunan əlavə rüsumun Azərbaycana gətiriləcək buğdanın qiymətində bahalaşmaya səbəb olacağı deməkdir.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ümumilikdə 2020-ci ildə Azərbaycan 296,9 milyon dollar dəyərində 1 milyon 365,1 min ton buğda idxal edib. Bu, 2019-cu illə müqayisədə müvafiq olaraq 43,6 milyon dollar (12,8 faiz) və 219,9 min ton ( 13,9 faiz) azdır.
Nəzərə alsaq ki, 2020-ci ildə ölkədə 2019-cu illə müqayisədə 350 min ton az - 1 milyon 860 min ton buğda istehsal olunub, bu zaman ən azı iyun ayına qədər idxal buğdasından kəskin asılılıqda olacağımızı söyləyə bilərik.
Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, 2019-cu ildə ölkədə 2 milyon 114 min tondan yuxarı buğda istehsal olunub. Buğda idxalı isə 1,6 milyon tona yaxın olub. İl ərzində un və yarma istehsalına 2 milyon 386 min 859 ton buğda sərf edilib. Beləliklə, buğda ilə özünütəminat səviyyəsi 57,2 faiz təşkil edib. 2020-ci ildə buğdanın həm istehsalında, həm də idxalında kəskin azalma qeydə alınıb. Bu azalma Azərbaycanda un çatışmazlığına səbəb olmayıb, çünki 2019-cu ildəki rekord idxaldan sonra 2020-ci ilə də rekord həcmdə qalıq keçib - 864,1 min ton. Lakin ötən il istehsal və idxalda azalmanın baş verməsi nəticəsində 2021-ci ilə daha aşağı ehtiyatla keçmişik.
Aydın məsələdir ki, Rusiyanın ixraca rüsumu artırmaqla dünya bazarında da bahalaşmaya yol açması Azərbaycanda buğda qıtlığına səbəb olmayacaq. Belə ki, ölkəmizin buğda idxalını sürətlə Qazaxıstan və Ukraynaya keçirmək imkanı var. Ukraynada 2020-ci ildə 26,6 milyon ton buğda istehsal olunub. Keyfiyyət göstəricilərinə görə Rusiya məhsulundan daha yüksək standartlara malik olan Ukrayna məhsulu qiymət baxımından bir qədər bahalı, Qazaxıstan buğdası isə ucuzdur. Yəni idxal üçün mənbə tapmaq sahəsində hər hansı problem gözlənilmir.
Lakin yaranmış vəziyyətdə Azərbaycanda un və çörək məhsullarının bahalaşması təhlükəsi kifayət qədər böyükdür. Əslində bu proses artıq başlanıb. Yanvarın əvvəlindən bəri ölkənin əksər regionlarında un kisələrinin qiymətində 10 faizdən yuxarı bahalaşma baş verib. Belə görünür ki, yeni mövsüm məhsulunun bazara daxil olmasına - yəni ən azı iyunadək bahalaşma daha da sürətlənə bilər.
Onu da qeyd edək ki, Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunda buğda ehtiyatları yaradılır. Bu fondda hər yeni məhsul mövsümündə 750 min ton ehtiyatın toplanması nəzərdə tutulur ki, bu da ərzaq buğdasına olan tələbatın 30 faizindən yuxarıdır. Təəssüf ki, ötən il Taxıl Fonduna nə qədər buğda alındığına dair məlumat açıqlanmır.
Yeri gəlmişkən, bu ildən etibarən Azərbaycanda buğda əkinlərinin sığortalanmasına başlanıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə taxıl zəmilərinin - buğda əkinlərinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Buğda əkini sahələrinin sığortalanması zamanı buğdanın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
Rəsmi məlumatlara əsasən, 2021-ci il məhsulu üçün Azərbaycanda 1 milyon 37 min 507 hektar sahədə payızlıq əkin aparılması nəzərdə tutulub. Bu sahələrin 564 min 793 hektarı suvarılan, 472 min 714 hektarı dəmyə sahələrdir. 2020-ci il dekabrın 25-dək proqnozlaşdırılan əkin sahələrinin 95,9 faizində faktiki şum aparılıb, 929 min 760,3 hektar sahədə isə səpin işləri həyata keçirilib. Həmin tarixədək fermerlər tərəfindən 594,9 min hektar sahədə buğda, 367,2 min hektar sahədə arpa səpilib.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, əvvəlki illərdən fərqli olaraq fermerlər əkin zamanı sertifikatlı toxum səpməyə üstünlük verirlər. Sertifikatlı toxumdan istifadə məhsuldarlığın əsas amillərindən biri hesab olunur. Bu günədək səpin prosesində 139 min 148,7 ton sertifikatlı toxumdan istifadə olunub ki, bunun da 99 min 137,2 tonu buğda, 40 min 11,5 tonunu isə arpa toxumu təşkil edir.
Əvvəlki illərdə olduğu kimi, bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.
Qeyd edək ki, ötən mövsüm üçün Azərbaycanda 588,4 min hektar sahədə buğda əkilib, 1 milyon 867,3 min ton məhsul yığılıb. Məhsuldarlıq 31,7 sentner/ha təşkil edib. Həmçinin 345,0 min hektarda arpa əkilərək 1 milyon 20,1 min ton məhsul əldə edilib, məhsuldarlıq 29,6 sentner/ha olub.
Kənd təsərrüfatı naziri İnam Kərimovun Nazirlər Kabinetinin 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində verdiyi məlumata görə, ötən il Azərbaycanda müşahidə olunan kəskin quraqlıq nəticəsində 100 min hektar buğda sahəsindən məhsul əldə etmək mümkün olmayıb. Nazir bildirib ki, 2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 min hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib. Suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb.
2021-ci il məhsulu üçün buğda əkinlərinin genişləndirilməsi həm də işğaldan azad olunan ərazilərdə əkinə başlanması hesabına həyata keçirilir. Belə ki, artıq Ağdam rayonunun işğaldan azad olunan ərazilərinin minalardan təmizlənmiş 1 625 hektar əkin sahəsində şumlama və səpin işləri aparılır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevin sözlərinə görə, təmizlənmiş 1 625 hektar əkin sahəsi şumlanıb, onun 1 611 hektarına buğda səpilib. Əkinəyararlı sahələrdə təmizlənmə prosesi davam etdirilir.
Beləliklə, görünən odur ki, yeni məhsul bazara çıxanadək Azərbaycanın xaricdən buğda idxalından asılılığı yüksək olaraq qalacaq. İdxal məhsulunun bahalaşması daxildə unun bahalaşmasını, bu isə son nəticədə çörəyin qiymətinin artmasını şərtləndirəcək. Bu baxımdan, hökumətin çörəyin bahalaşmaması üçün addımlar atmasına ehtiyac yaranacaq. Bu addımlardan biri ölkənin çörəklə təminatında idxalın payını azaltmaq üçün Taxın Fondundan bazara ucuz mal çıxarmaqdır. Fondun belə imkanının olub-olmadığı açıqlanmır. Digər bir tədbirə artıq əl atılıb. Belə ki, Azərbaycana buğda idxalı daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir. Bununla bağlı təklif Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Layihəyə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad olunma müddəti 1 il də artırılır.
“Yeni Müsavat”