Prezidentin fərmanı dəyişikliklərə zəmin yaradır?- Natiq Cəfərli yazır...
5-02-2021, 08:22

Bu gün iki fərman verilib:
1) Prezidentin xüsusi nümayəndəsi və onun müavini vəzifəsi təsis edilib,
2) Digər fərmanla “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilib.
Fərmanla mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirməlidirlər.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, ümid edirəm ki, bu keçici, müvəqqəti qərardır, yerli İcra Hakimiyyətlərinin tamamən ləğvini hazırlamağa zaman qazanmaq üçündür. Əks halda belə ikitirəlik, ikihakimiyyətlik ən çox elə vətəndaşa, biznesə ziyan vuracaq, orqanlar problemi bir-birinin üzərinə atacaqlar.
Hörmətli hökumət, enində-sonunda həmişə biz deyənə gəlirsiz, amma məmləkət zaman itirir, zaman isə qızıla bərabərdir - gəlin daşı ətəyinizdən tökün, yeni Konstitutsiya komissiyası yaradaq, sıfırdan "oyun qaydaları" müəyyən edək, işlək institutlar quraq, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq, ölkənə 12 (15 də ola bilər, baxır necə bölgü olacaq) iqtisadi bölgə təsis edək. Prezident isə bu 12 bölgədə öz nümayəndəsini təyin etsin, hökumət Parlamentdən çıxsın, sosial-iqtisadi məsələlərə hökumət baxsın, xarici siyasət, təhlükəsizlik, ordu, hüquq-mühafizə sahəsi Prezidentin nəzarətində qalsın.
Bir nəfərdən asılı sistem effektiv çalışa bilməz, bir nəfərə səlahiyyət veriləndə, məsuliyyət də bir nəfərin üzərində olacaq.
İndi isə səlahiyyətin və məsuliyyətin şəxslər deyil də, institutlar arasında proporsional bölünməsi zamanıdır. Dayanıqlı ölkə qurmağın, əsl sabitliyin yolu budur.
Hakimiyyət yeni Konstitutsiya üçün komissiya qursa, biz əlimizi daşın altına qoymağa, birgə çalışmağa hazırıq...
Teref.az