Siyavuş Novruzovun DİN-ə qarşı baş tutmayan iddiası - GƏLİŞMƏ

12-02-2021, 08:43           
 Siyavuş Novruzovun DİN-ə qarşı baş tutmayan iddiası - GƏLİŞMƏ
Əsas müzakirə olunan xəbərlərindən biri Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzovun Daxili İşlər Nazirliyini (DİN) məhkəməyə verəcəyi barədə açıqlaması, sonra bundan vaz keçməsidir.

S.Novruzov ötən ilin yayında Ramiz Mehdiyevin nəvəsinin toy əhavalatına görə DİN əməkdaşları tərəfindən 400 manat cərimə edilmişdi. Bu hadisədən yarım ildən artıq vaxt keçib. Amma S. Novruzov bir gün öncə deyib ki, karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi qanunsuzdur:

“Görünən odur ki, aidiyyəti qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, deputat hara istəyir, gedə bilər. Ona görə də, deputat olaraq, həmin qanunun müvafiq maddəsi ilə mənim barəmdə cərimə qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.

Deputat onu da bildirmişdi ki, bu məsələdə geri addım atmaq, güzəştə getmək niyyətində deyil, Avropa Məhkəməsinə qədər gedəcək: “Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.

Bu xəbər yayıldıqdan bir neçə saat sonra YAP-çı deputatdan daha bir açıqlama gəldi. O bildirdi ki, Daxili İşlər Nazirliyi ilə hər hansı problemi yoxdur: “Nazirlik həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Orada çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər. Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur”.

Bu təkzib açıqlamasını kifayət hesab etmədiyini düşünən S. Novruzov bir qədər sonra xəbəri yayan KİV-i ittiham etdi:

“Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi? Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm”.

YAP-çı deputatın bu mövzuda üçüncü, hələlik son açıqlaması isə daha maraqlı olub. S. Novruzov siyasi məsələlərdən artıq uzaq durduğunu söyləyərək jurnalistlərdən onu siyasətə qatmamağı xahiş edib.

Parlament üzvünün ardıcıl təkziblərindən belə güman etmək olar ki, DİN-i məhkəməyə verəcəyi barədə dediklərindən sonra o, təzyiqlərə məruz qalıb. Nəticədə fikrindən daşınıb. Məsələnin araşdırmaya ehtiyac olan hissəsi isə cərimə məsələsində deputatın, yoxsa DİN-in hüquqi baxımdan haqlı olub-olmamasıdır.

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov “Press Klub”un sorğusuna cavab olaraq bildirdi ki, məlum toy mərasimində iştirakına görə Milli Məclisin deputatı Siyavuş Novruzov barəsində inzibati tənbeh tədbirinin tətbiqi hüquqi əsaslara söykənmir:

“Belə ki, Konstitusiyanın 90-cı maddəsinə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatının şəxsiyyəti toxunulmazdır. Deputat səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz”.

Əks arqument bundan ibarətdir ki, bu maddədə deputat barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiqindən söhbət gedir və Siyavuş Novruzov barəsində inzibati tənbeh tədbiri məhkəmə tərəfindən deyil, polis tərəfindən tətbiq edilib. Hüquqşünas hesab edir ki, bu yanaşma düzgün hesab oluna bilməz:

“Çünki əgər indiki halda qanun deputat barəsində məhkəmə tərəfindən inzibati cərimənin tətbiqinə imkan vermirsə, həmin inzibati tənbeh tədbirinin polis tərəfindən də tətbiqinə hüquqi əsas yoxdur. Yəni, toxunulmazlıq hüququ olan şəxs barəsində məhkəmə tərəfindən tətbiq edilə bilməyən inzibati tənbeh tədbiri vəzifəli şəxs kimi polis tərəfindən də tətbiq edilə bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.