“Prezident eyham vurdu ki, rusları ölkəmizdə 5 ildən çox görmək istəmirik”

27-02-2021, 00:35           
“Prezident eyham vurdu ki, rusları ölkəmizdə 5 ildən çox görmək istəmirik”
Dövlət başçısının Qarabağdakı sülhməramlı missiya barədə açıqlaması müxtəlif istiqamətlərdən şərh edilir
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün onlayn formada mətbuat konfransı keçirib. Ölkə başçısı videokonfransda bir sıra məsələlərə toxunub, suallara cavab verib.

Prezidentin toxunduğu məsələlərdən biri də, Vətən müharibəsindən sonra əsas müzakirə mövzularından olan Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı olub. Əliyev bildirib ki, onların Azərbaycan ərazisində fəaliyyəti müvəqqəti xarakter daşıyır və bu əsgərlər xüsusi missiya icra edirlər: “Bu, hərbi baza anlamına gəlmir. Rusiya hərbçiləri burada sülhməramlı missiyanı icra edirlər. Hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Ara-sıra müəyyən problemlər üzə çıxır, amma ümumilikdə, Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulub. Əgər beş ildən sonra Azərbaycan bu məsələdə fərqli fikir sərgiləsə, o zaman əlbəttə ki, onların fəaliyyətinə son veriləcək”.


Dövlət başçısının açıqlamasını AYNA-ya şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib ki, 10 noyabr üçtərəfli razılaşmasında rus sülhməramlılarının Azərbaycan ərazilərinə yerləşməsi konkret zamanla müəyyənləşib: “Burada bir məsələ də var ki, rus sülhməramlıları eyni zamanda erməniləri də erməni revanşistlərindən qorumalıdırlar. Çünki məlum olduğu kimi, Azərbaycanın Qarabağ bölgəsinə yerləşmək istəyən ermənilərə qarşı da müxtəlif erməni terrorçu qurplaşmaları təxribat törədə və təhlükəli addımlar ata bilərlər və sülhməramlılar onları da qorumalıdırlar. Həmçinin, həmin əsgərlərin bir missiyası da azərbaycanlıların böyük qayıdışına təhlükə törətmək və mane olmaq istəyən qüvvələrin qarşısını almaqdan ibarətdir”.


“Mənə elə gəlir ki, Prezident bu açıqlamaları ilə Azərbaycanın strategiyasını çox düzgün formada müəyyənləşdirdi və bütün dünyaya tam açıq şəkildə bəyan elədi. Çünki Azərbaycan həqiqətən də sülh istəyir və Azərbaycan sülhün nəticəsində bölgəni cənnətə çevirməyə qadir ölkədir. Çünki bölgədə yaşayan hər kəsin ənənələri, dini baxışları və etnik mənsubiyyəti bizim üçün çox önəmlidir və Azərbaycan bunu dəfələrlə nümayiş etdirib ki, biz bütün mənsubiyyətlərə hörmətlə yanaşırıq. Azərbaycan dövləti istər müsəlman, istər xristian, istər yəhudi, istərsə də digər dinlərin mənsublarına dövlət dəstəyi göstərir. Azərbaycan tərəfindən təmir olunmuş erməni kilsəsi də Azərbaycanın bu yanaşmasının bariz nümunəsidir. Bunun qarşılığında isə hər kəs Azərbaycanın maddi və mədəni dəyərlərinə qarşı erməni vandalizminin şahidi oldu ki, bu da çox mühüm amildir”, - deyə deputat bildirib.

ADİP sədri əlavə edib ki, bizə sülh lazımdır və Azərbaycanın bu proseslərdə əsas mövqeyi tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir: “Ona görə də biz hamını bu əməkdaşlığa dəvət edirik. Biz yeni bir platforma yardırıq və bu platforma bir sıra strateji layihələrin inkişafına da xidmət edəcək və hər kəsə bu əməkdaşlıqdan bəhrələnmək imkanı yaradacaq. Bu, Azərbaycanın mövqeyidir və bu strategiyanı Prezident beynəlxalq media vasitəsi ilə növbəti dəfə dünyaya çatdırdı. Hesab edirəm ki, Azərbaycanla bu istiqamətdə əməkdaşlıq etmək istəyən və edən ölkələrin sayı da artır və artacaq. Çünki Azərbaycan bölgədə sülhün və əminamanlığın qorunması gücünə tam malikdir. Həmçinin, bizim dəmir yumruğumuz da yerindədir və Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə ölkəmizin inkişaf sistemini daha da sürətləndirir ki, bu da Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün çox ciddi amildir və bu amili hər kəs nəzərə almalıdır”.

“Bir sözlə, Azərbaycan güclü dövlət kimi böyük imkanlara malikdir. Azərbaycanla əməkdaşlıq edən güclü dövlətlər və dost ölkələr var. Biz də bu dostluğu inkişaf etdirmək üçün əməkdaşlığı daha da genişləndiririk”, - deyə Mollazadə vurğulayıb.


Politoloq Əhəd Məmmədli isə AYNA-ya şərhində qeyd edib ki, Prezidentin rus sülhməramlıları ilə bağlı çıxışı mesaj xarakteri daşıyır: “Yada salmaq lazımdır ki, Prezident bir müddət əvvəl də belə bir açıqlama vermişdi və rus sülhməramlılarının erməni əhaliyə kömək etdiyini, onlara evlər tikdiyini və bütün bunların onların işi olmadığını, sadəcə Azərbaycan humanist olduğu üçün buna imkan verdiyini demişdi. Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya istehsalı “İsgəndər” raket kompleksləri ilə bağlı məlum açıqlamasından sonra da İlham Əliyev narazılıq dolu açıqlama vermiş və bu raketləri Ermənistana Rusiyanın göndərdiyinə dair eyham vurmuşdu. İndi isə bu son açıqlama ilə Prezident Rusiyaya növbəti dəfə mesaj verdi və onların çox da rahat olmamalarını və onları Qarabağda 5 ildən çox görmək istəmədiyimizi diqqətə çatdırdı”.

“Bununla yanaşı, İlham Əliyev həm də sətiraltı olaraq, yəni dolayı yolla rus sülhməramlılarının fəaliyyətindən narazı olduğunu göstərdi. Çünki hamıya məlumdur ki, rus sülhməramlıları özlərini sülhməramlıdan daha çox ermənilərin tərbiyəçisi kimi aparır, onların qondarma bayramlarını keçirir, medallarla təltif edir və s. Lakin hər şeyə rəğmən, biz onların fəaliyyətini görür və nəticə çıxarırıq. İlham Əliyev də dolayı yolla bu məsələlərə işarə verdi. Ona görə də hesab edirəm ki, bu məsələlər hələlik üstüörtülü mesaj formasında səslənsə də, zamanla açıq müstəviyə də keçə bilər”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsibшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.