Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir

27-02-2021, 09:49           
Şəhid ailələrinə və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir
Dövlətimizin başçısı İlham Əliyev Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində bir daha 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizi şərtləndirən amilləri, həmçinin 30 ilə yaxın dövrdə işğalçı Ermənistanın başına çəkilən sığalların fonunda dünyanın ədalət, beynəlxalq hüquq deyilən məfhumları unudub imitasiya naminə danışıqlara dəstək olmasını əsaslı şəkildə diqqətə çatdıraraq bu fikri böyük qürurla qeyd etmişdir ki, müharibədən sonra bu gün dünyada yeni reallıq yaranıb.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında öz layiqli yerini tutacaqdır. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi. “Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik.”
Döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Ölkə başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə bunu qeyd etmişdir. Təkcə Ramana kompleksində 30 ədəd doqquz mərtəbəli bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub, bütün lazımi şərait yaradılıb. Qeyd etmək lazımdır ki, 2-ci Vətən müharibəsindən cəmi 3 ay keçməsinə baxmayaraq şəhid ailələri və müharibə əlilləri üçün belə gözəl şəhərcik inşa olunaraq onlara təqdim edilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcəkdir.
Eyni zamanda yenicə təmirdən çıxmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində müharıbədə yaralanan qazilərimizə hərtərəfli tibbi yardım göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcəkdir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər.
Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Bu gün dövlətin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan dövləti və Prezident İlham Əliyevin sosial siyasətinin əsas strateji prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək “ağıllı şəhər”, “ağıllı kənd” layihələri bu ərazilərimizi əvvəlkindən də diqqət çəkən edəcək. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə əməkdaşlıq əlaqələrimizin də genişlənməsinə böyük imkanlar açacaq. Proses artıq başlayıb. Müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq.
Metin Hüseynov - politoloq
Teref.az














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.