“Vaksin vurulandan sonra da arxayın olmayın” - infeksionistlərdən xəbərdarlıq
2-03-2021, 08:27

Həkim illik qrip peyvəndi də daxil olmaqla, vaksinasiya cədvəlinə laqeyd yanaşmamağa çağırır
Əksər Avropa ölkələrində koronavirusun Britaniya və Afrika ştammı yayılıb. Bu arada “Dicle” Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin bildirib ki, maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyik. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.
Maraqlıdır ki, bir sıra Avropa ölkələri vaksin almayıblar. Üstəlik, bu ölkələrdə yoluxma sayı da yüksəkdir. Vaksinin bütün ölkələrdə tətbiq olunmadığını nəzərə alsaq, bunun Azərbaycana və yoluxma sayı az olan digər ölkələrə təsiri varmı?
Mövzu ilə bağlı infeksionist Gülnarə Əhmədova “Yeni Müsavat”a danışıb: “Bu ölkələrə gediş-gəliş olsa, əlbəttə, təhlükəlidir. Amma hər ölkənin öz içində müxtəlif mutasiyalar olur. Vaksinasiya oldu-olmadı, bu xəstəlikdən tam qurtulmaq mümkün deyil. Bununla bağlı hələ ki inamım yoxdur.
O ki qaldı arabir yoluxma sayının artmasına, artım olmalıdır, əgər məktəblər açılıbsa, əlaqə varsa, artımın da olması labüddür. Bu, tez bir zamanda yayılan xəstəlik olduğuna görə yoluxma sayı da artacaq. Bu, təbiidir. Ona görə də sosial məsafə saxlamaq, maska taxmaq mütləqdir. Süni yaradılmış virusdan hər şey gözləmək olar. Mən hesab edirəm ki, bu virus süni yaradılıb, buna görə də virusun nə zaman bitəcəyini də heç kim bilmir".
İnfeksionist insanları vaksin olunduqdan sonra arxayın olmamağa səsləyib: “Qrip peyvəndlərinin qoruyuculuğu necədirsə, koronavirusa qarşı vaksinlər də elədir. Qripin vaksini zəifdir. Qripin vaksini vurulduqdan sonra effektivliyinin aşağı olduğunu görmüşük, çünki başqa mutasiyalara qarşı qoruyuculuğu aşağıdır. Bunu koronavirus vaksini ilə müqayisə edəndə düşünürsən ki, effektivlik az olacaq. Çünki mutasiya çox güclüdür, biz silah hazırlayırıq, orda da virusun konfiqurasiyası dəyişir. Bir ştammın əsasında hazırlanmış vaksini tətbiq edirik, virus mutasiyaya uğrayaraq başqa-başqa ştamlar yaranır.
Ona görə də insanlar özlərini qorumalı, immunitetlərini artırmalıdırlar. Fərqli mutasiyalar daha qorxunc ola bilər. Əlac ona qalıb ki, insanlar özlərini qorusunlar".
Həkim viruslardan qorunmağın yolunu sağlam həyat tərzində görür: “Sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır. Virusdan sağalan insanlar da diqqətli olsunlar, yenidən yoluxa bilərlər. Hələ ki virusların canlı, yoxsa kimyəvi birləşmə olması da sübut olunmayıb. Mən bunu daha çox kimyəvi birləşmələrə uyğun görürəm, məsələn, bir yeri yandırdınsa, orqanizm oranı özü bərpa etməlidir.
Elə qidalanmalısan ki, orqanizm çox yüklənməsin. Biz rasional qidalansaq, təbii qidalar qəbul etsək, bədən “şlaq”lardan azad olmuş olacaq. Daha çox müqaviməti olacaq. Mədə-bağırsaq lazımsız qida ilə yüklənirsə o qidaları orqanizm parçalaya bilmir. Ağırlıq yaranır".
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da immun sisteminin önəmindən bəhs edən açıqlama verib: “İmmunitet bədənin təbii müdafiə sistemidir. Bədəni yad orqanizmlərdən qorumaq üçün birlikdə işləyən kompleks hüceyrə, toxuma və orqan şəbəkəsidir. İmmun sistem bədənə daxil olmağa çalışan bütün maddələri tanıyır, ayırır və zərərli gördüklərini məhv edir. Zülallar və amin turşularının quruluşlarına çox bənzər maddələri belə ayırd edə biləcək qədər həssaslığa malikdir.
Doğuşla aktivləşən immunitet zəiflədikdə xəstələnmə riski də eyni nisbətdə artır. İmmun sistem zəiflədikdə viruslar və digər mikroblar bədənə hücum edir və xəstəliklərə səbəb olur. Müxtəlif infeksion və qeyri-infeksion xəstəliklər immun sistemini daha da zəiflədə bilər. Bədənin infeksion xəstəliklərə tutulma riskini minimuma endirmək üçün immun sistemini gücləndirmək lazımdır. Bu şəkildə bədən yenidən xəstəliklərə qarşı yetərli müqavimət qazanır. İnsan orqanizmi xəstəliklərə qarşı bir müdafiə sistemi ilə təchiz olunub və bu səbəbdən özünü sağaltmaq qabiliyyətinə malikdir. İmmun sistem yad kimi qəbul etdiyi bir mikroorqanizmlə qarşılaşan kimi, müəyyən hüceyrələr ondan qurtulmaq üçün döyüşməyə başlayır. Əvvəllər qarşılaşdığı bir mikroorqanizmi tanıyan immun sistem, ondan qurtulmaq üçün daha sürətli reaksiya göstərə bilər. Buna qazanılmış toxunulmazlıq deyilir".
Baş infeksionist əlavə edib ki, immunitet genetik quruluşlu olub ümumi bədən quruluşu kimi bir çox fərqli səbəbdən hər kəsdə dəyişir: “Beləliklə, hər kəsin bir immunitet sistemi xəritəsi var. Həddindən artıq yorğunluq, stress və ya qeyri-düzgün qidalanma, şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi bir çox amillər immun sistemini zəiflədir. İmmun sistemin zəiflədiyinin ən aşkar göstəricisi insanın tez-tez infeksion xəstəliklərə yoluxmasıdır. Məsələn, qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına 3-4 dəfə yoluxmaq zəif immunitet sisteminin ən bariz göstəricisidir. Ümumiyyətlə, infeksiyalara həssaslıq zəif immuniteti göstərir. Xüsusilə hazırda yaşadığımız pandemiya dövründə immun sistemi zəif olan insanların xəstəlikdən daha çox təsirləndiyi görünür. Yaşlanma ilə əlaqədar bədənimizdəki biokimyəvi funksiya pozğunluqları hüceyrələrdən orqanlara qədər bir çox proseslərdə dəyişikliklərə səbəb olur. Bu mürəkkəb dəyişikliklərlə immun sistemi təbii olaraq qocalır. Buna görə yaşlı insanlara daha çox diqqət yetirmək lazımdır”.
Eyvazov COVİD-19-la mübarizədə immun sisteminin rolundan da bəhs edib: “COVİD-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır. Digər infeksion xəstəliklərdə olduğu kimi bu xəstəlik zamanı da anadangəlmə, qazanılmış immun çatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən ölümə səbəb olur. Ona görə də COVİD-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır.
İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr var. İllik qrip peyvəndi də daxil olmaqla, vaksinasiya cədvəlinə laqeyd yanaşmayın. Qida maddələrinin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin. Normal bir gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”