“YENİ SEÇKİLƏR KEÇİRİLMƏLİ, PARLAMENT DƏ "5-Cİ KOLON"-dan TƏMİZLƏNMƏLİDİR” - Siyasi arenada YAP-dan gözləntilər

7-03-2021, 10:39           
“YENİ SEÇKİLƏR KEÇİRİLMƏLİ, PARLAMENT DƏ "5-Cİ KOLON"-dan TƏMİZLƏNMƏLİDİR” -
Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirlən növbədənkənar VII qurultayı cəmiyyətə hakim partiyanın sürprizi olsa da, onun nəticələri daha geniş müzakirələrə səbəb olub. Keçmiş məmurların partiya rəhbərliyindən uzaqlaşdırılması, tədbirdə səsləndirlən bəyanatlar ölkənin siyasi sistemində yeni dövrün başlanğıcı kimi xarakterizə olunur.

Bəs partiya nümayəndələri bu yeniliyi necə dəyərləndirilər, nə gözləyirlər?

Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı "AzPolitika.info"-ya bildirib ki, qurultayda partiyanın sədri, Prezident İlham Əliyevin məruzəsi bütün partiya üzvləri üçün yeni məsuliyyətlər və vəzifələr müəyyənləşdirdi: "Prezident İlham Əliyev son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb".

Onun sözlərinə görə, YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəbi də ölkədə və regionda yaranmış yeni reallıqlardır: "Nəzərə alınmalıdır ki, bundan əvvəlki dövrlərdə Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasəti bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı, Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb”.

Millət vəkili qeyd edib ki, yeni dövrdə Azərbaycanın qarşısında mühüm vəzifələr durur: “Konseptual nöqteyi-nəzərdən Azərbaycanın gələcək inkişafı ilə bağlı dərin əsaslandırılmış proqramların, aydın baxışın olması, siyasi dialoqun daha da dərinləşdirilməsi, ölkənin əksər siyasi partiyalarının iqtidarın siyasi dialoq təşəbbüsünü dəstəkləməsi, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, iqtisadiyyatda şəffaflığın, dürüstlüyün dərinləşdirilməsi, inhisarçılığa son qoyulması, özəl sahibkarlığın inkişaf etdirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdir. Bu vəzifələr sırasına müstəqil, məqsədyönlü, qətiyyətli və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi də daxildir”.

ReAL Partiyasının sədri İlqar Məmmədov isə bildirib ki, YAP daha səmərəli partiya idarəçiliyini onlardan öyrənir: "Ötən il apardığımız struktur dəyişikliyini bu gün YAP təkrarladı: özünün ali seçkili orqanını buraxdı və bizim idarəetmə modelinə keçdi. Əsas fərq odur ki, partiya sədrini onlarda qurultay seçir, bizdə isə qurultayın seçdiyi ali orqan. Bu, sədr funksiyasını bizdə daha kollegial, daha demokratik edir. Sovetin partiya modellərindən tədricən bütün partiyalar uzaqlaşacaq. ReAL bu dəyişikliyin də önündə gedir".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə "AzPolitika.info"-ya bildirib ki, YAP-ın növbədənkənar qurultayının nəticələri Rusiyaya bağlı "beşinci kolon"-a vurulan növbəti zərbə kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, ölkənin həm icra strukturlarında, həm parlamentində, həm də YAP-da bu qruplaşma özünə möhkəm yer edib.

"Prezidentin apardığı islahatlar nəticəsində icra hakimiyyətində "beşinci kolon"-a qarşı ciddi zərbələr vurulub. Hakimiyyət strukturlarından onların nümayəndələrini tam təmizləmək mümkün olmasa da, hər halda ortada ciddi nəticələr var. Onlar əvvəlki sabotaj, düşmənçilik, cəmiyyətdə iqtidara qarşı cəmiyyətdə etimadsızlıq yaratmaq rolunu oynaya bilmirlər. Hesab edirəm ki, bundan sonra YAP-da da onların əvvəlki söz sahibi olmaq imkanları əllərindən alınıb", - deyə ADP sədri vurğulayıb.

Sərdar Cəlaloğlu hesab edir ki, hazırda "beşinci kolon"-un mövqelərinin ən güclü olduğu təsisat parlamentdir: "Məlumdur ki, ötən il keçirilən növbədənkənar seçkilərə Ramiz Mehdiyev çox ciddi müdaxilə etdi və nəticədə parlament kürslərində "beşinci kolon"-un nümayənədləri əyləşdilər. Çox təəssüf ki, orada cəmiyyətin sözünü deyən, Prezidentin apardığı islahat kursuna dəstək verən şəxslərin sayı çox azdır".

ADP sədri daha sonra qeyd etdi ki, YAP-ın rəhbərliyindən "beşinci kolon" nümayəndələrinin qovulması bu partiyanın ənənəvi problemlərdən yaxa qurtarmasına gətirib çıxara bilər: "İdarə Heyətindən kənarlaşdırılan şəxslərə, onların cəmiyyətdəki obrazlarına baxın. Hamısı birmənalı neqativ reputasiyaya malikdirlər və "beşinci kolon"-un əmrlərini yerinə yetirirdilər. YAP-ın yeni rəhbərliyinə nəzər saldıqda partiyanın bundan sonra daha mülayim, yumşaq mövqedə dayanacağına, ölkədə siyasi mədəniyyətin yüksələcəyinə, normal iqtidar-müxalifət münasibətlərinin formalaşacağına ümidlər yaranır. Buna Azərbaycanın çox ehtiyacı var. Prezident qurultayda çıxışında bildirdi ki, hakim partiyanın yeni proqramı hazırlanacaq. Bu, ondan xəbər verir ki, ölkə başçısının özü də YAP-ın yenilənməsini istəyir. Yeni ideologiyaya, proqrama, hədəflərə ehtiyac var. Ümid edək ki, bu gözləntilər özünü doğruldacaq".

S.Cəlaloğlu hesab edir ki, islahatların məntiq davamı ölkədə yeni parlament seçkilərinin keçirilməsi olardı: "Bu seçkilər keçirilməyəcəksə, heç bir islahatdan danışmaq olmaz. Çünki parlament idarəçilikdə öz funksiyasını oynamalıdır və o kənar qüvvələrə işləyən "beşinci kolon"-un nümayəndələrindən təmizlənməlidir. Hazırda çox təəssüf ki, siyasi idarəçilikdə parlamentin rolu hiss olunmur. İcra hakimiyyətinin fəaliyyətinə nəzarət etməli olan bu qurum, onun əlavəsinə çevrilib. Təkcə bununla kifayətlənməyib, ölkədəki korrupsiya, rüşvət meyilləri üçün daha əlverişli şərait yaradır. Çünki orada təmsil olunan bəzi şəxslərin özləri bu əməllərlə məşğuldurlarsa, biznes sahibidirlərsə, mandatdan öz maraqları üçün istifadə edirlərsə, mərmurların fəaliyyətinə necə nəzarət edib şəffaflıq tələb edə bilərlər? Ona görə də hesab edirəm ki, parlament seçkiləri keçirilməlidir və qanunverici hakimiyyətin səlahiyyətləri genişləndirilməlidir".

"AzPolitika.info"шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.