“İskəndər"i İsrail silahı zərərsizləşdirib? - Rusiyanın silah bazarındakı mövqeləri təhlükə altında

7-03-2021, 10:41           
“İskəndər"i İsrail silahı zərərsizləşdirib? -
Bu günlərdə Britaniyanın “Middle East Eye” nəşri sensasiyalı məlumat yayaraq, Ermənistanın Azərbaycan ərazisinə atdığı “İskəndər” raketinin Bakı üzərində Azərbaycan Ordusu tərəfindən vurulduğunu yazıb: “İrəvan “İskəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”.

Bu məlumat Rusiyanın 44 günlük müharibədə “İskəndər” raketlərindən istifadə edilmədiyinə dair açıqlamasıyla ziddiyyət təşkil etsə də, bundan öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın və sabiq Prezident Serj Sarqsyanın etirafları ilə üst-üstə düşür.

Xatırladaq ki, ötən il noyabrın 9-dan 10-na keçən gecə, təxminən 1 radələrində Bakıda dəhşətli partlayış səsləri eşidildiyinə dair məlumatlar yayıldı. Sonradan məlum oldu ki, Xırdalan ərazisində nəsə baş verib. Bu barədə rəsmi açıqlama olmasa da, Xırdalanın yaşayış az olan ərazisinə nəsə düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayıldı. Hətta fotolar da paylaşılmışdı. Təbii ki, bütün bu baş verənlərin həqiqətən də “İskəndər” raketinə aid olub-olmadığını rəsmi qurumlar daha yaxşı bilir, lakin onlardan bu barədə hər hansı təsdiq, yaxud təkzib mesajı verilmədi…

Əvəzində, Rusiyanın bu məsələyə kəskin reaksiyası, Putinin Paşinyanla telefion əlaqəsi yaradaraq, “İskəndər” barədə dediklərini “geri oxutdurması” və s. göstərir ki, Moskva narahatdır.

Bəs, Ermənistan 44 günlük müharibədə həqiqətən “İskəndər” raketini işə salıbmı? Raket atılıbsa, bunun nəticəsi nə olub?

Hal-hazırda, bir çox erməni mənbələri də iddia edir ki, İkinci Qarabağ Müharibəsində “İskəndər”dən istifadə olunub, lakin raket İsrail istehsalı olan “Barak 8” vasitəsilə zərərsizləşdirilib.

Məlumat üçün bildirək ki, “Barak 8” İsrail və Hindistanın birgə istehsal etdiyi silah növüdür. İstehsalçı ölkələrdən başqa yalnız Azərbaycan bu silahdan istifadə edir. 2017-ci ildən başlayaraq istehsal edilən raketin çəkisi 275 kiloqramdır. İsrail Aerokosmik Sənayesi, Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı, İsrail Silahların və Texnoloji İnfrastrukturun İnkişafı İdarəsi, “Elta Systems” və digər şirkətlər tərəfindən birgə hazırlanan raket hava hücumundan müdafiə üçün nəzərədə tutlub. Həm yer, həm də dənizdən atıla bilən raketlər, təyyarələr, helikopterlər, gəmi əleyhinə raketlər və PUA-lar, habelə ballistik raketlər də daxil olmaqla havadan gələ biləcək hər növ təhdidlərdən qorunmaq üçün hazırlanıb. Azərbaycan, İsrail və Hindistanla yanaşı yaxın gələcəkdə Almaniya, Polşa və Kolumbiya da “Barak 8”-dən istifadə edə bilər. Bu ölkələr həmin raketləri əldə etməklə bağlı niyyətlərini bildiriblər və Polşa artıq onları sınaqdan keçirib. “İskəndər”-ə gəlincə, bu raketlər 2006-cı ildən istehsal edilir və 2007-ci ildən Rusiya ordusunun sərəncamındadır. 500 km məsafədəki hədəfləri vura bilən raket nüvə başlığı da daşıya bilir. Bu qəbildən olan raketlərdən ən müasiri “İskəndər-M”- dir. Onun ən mühüm özəlliyi ondadır ki, bu raket start anından etibarən trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir.

Nəticədə ən müasir radar kompleksləri belə onun trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya ilə yanaşı Ermənistan da “İskəndər M” raketlərinə sahibdir və bu raketlər İrəvanda ilk dəfə 2016-ci ildəki hərbi paradda nümayiş etdirilib. Ancaq belə görünür ki, Rusiya bu raketləri Ermənistana verdiyinə görə peşmandır. Belə ki, 44 günlük müharibədə “İskəndər”dən istifadə edilməsi, lakin bunun gözlənilən nəticəni verməməsinə dair qalmaqal Rusiyanın silah bazarındakı mövqeyinə ciddi zərbə vurub. Onu da nəzərə almaq lazımdır ki, söhbət “İskəndər”-in məhz Rusiyanın silah bazarındakı güclü rəqiblərindən olan İsrailin istehsal etdiyi raketlə vurulmasından gedir. Unutmayaq ki, 2-ci Qarabağ Müharibəsi həm də Rusiya ilə Türkiyə və İsrail silahlarını üz-üzə qoymuşdu. Bu mübarizədəki qalib artıq məlumdur. Nəticə birmənalı olaraq Rusiyanın hərbi sənayesinin xeyrinə deyil…

Paşinyanın “İskəndər” raketləri ilə bağlı açıqlamasına gəlincə, bunu fərqli şərh edən ekspertlər düşünürlər ki, Baş nazir bununla ölkəsinin təkcə Rusiya silahlarından asılılığını aradan qaldırmaq məqsədi güdür və ordunun təchizatında müxtəliflik yaratmaq niyyətindədir.

Ermənistandan fərqli olaraq Azərbaycan bu problemi həll edərək ordunu müxtəlif ölkələrdən alınan silahlarla təchiz edib. Bununla da birtərəfli asılılıqdan xilas olub. Ermənistanda isə bu asılılıq ordunun ən zəif nöqtələrindən hesab olunur. “İskəndər”ə gəlincə, belə qənaət yaranır ki, bu raket Ermənistan tərəfindən istifadə olunsa da, Azərbaycan ərazisinə planlaşdırılan formada düşməyib, yəni qarşı tərəfin gözlədiyi effekti verməyib, ya da həqiqətən “Barak 8” vasitəsilə məhv edilib. Odur ki, Ermənistanın “İskəndər” nağılı, xülyası da bu cür puç olub. Və yəqin ki, bundan nəticə çıxaran Rusiya növbəti dəfə bu tip silahları öz avantürist müttəfiqinə vermək istədikdə, daha dərindən düşünməli olacaq…

Güntəkin Nizam

“AzPolitika.info”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.