Paşinyanın “U” gedişi, Kremlin “dobro”su, Bakının gözləntisi - TƏHLİL

20-03-2021, 09:41           
Paşinyanın “U” gedişi, Kremlin “dobro”su, Bakının gözləntisi - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkilərinin keçirilmə vaxtını açıqlayıb - 20 iyun 2021-ci il. Baş nazir bu barədə qərarını “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla görüşdən sonra bəyan edib.

“Görüş zamanı bu qənaətə gəldik ki, daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu növbədənkənar seçkilərdir. Mənim habelə Ermənistan prezidenti, ”Mənim addımım" fraksiyası və “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyanla müzakirələrimi də diqqətə alaraq, bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsinə qərar verdik", - hökumət rəhbəri bildirib.

*****

Qeyd edək ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışan birləşmiş müxalifət - “Vətənin xilası naminə hərəkat” və onun rəhbəri Vazgen Manukyan indiki hökumətin nəzarətində hər hansı seçkiləri yolverilməz hesab edir. Bu üzdən Manukyan 20 iyun seçkilərinə qatılmayacağını bildirib. Hərçənd gerçək səbəb başqadır. Bu barədə aşağıda. Əksər müxalifət partiyaları isə seçkilərdə iştirak barədə düşünür.

Bu da faktdır ki, müxalifətin radikal-revanşist özəyini təşkil edən qüvvələr 4 aydan çoxdur Nikol Paşinyanın istefasına nail ola bilmir və bundan sonra çətin ki, nail ola. Bu xüsusda baş nazirin seçki qərarı müxalifətin onu yıxa bilməməsinin rəsmi təsbiti hesab oluna bilər. Eyni zamanda, Paşinyanın özü də hazırkı mərhələnin qalibi sayıla bilməz. Yoxsa növbədənkənar seçkilərə getməyə razılaşmazdı...

*****

Bəs erkən seçkilər neçə aydır mövcud olan faktiki “pat vəziyyəti”ni, hökm sürən ikihakimiyyətliliyi aradan qaldırıb, ölkəyə daxili siyasi tarazlıq gətirəcəkmi? Rəsmi Bakı necə, seçki dönəmidir deyə, Paşinyan hökumətinə 2018-ci ildəki kimi yenə hansısa güzəşt tanıyacaqmı? Nəhayət, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin aqibəti necə olacaq? Seçkini bəhanə edib İrəvan onun icrasını ləngidə bilərmi?

Öncə yada salaq ki, Ermənistana ciddi təsir rıçaqları olan xarici oyunçuların hamısı - Rusiya, ABŞ və aparıcı Avropa dövlətləri bu ölkədə hakimiyyət dəyişikliyinin yalnız konstitusion məcrada getməsinə tərəfdar olduğunu bildirib. Sözsüz ki, Paşinyanın seçki qərarı verməsinə, müxalifətin isə ona qarşı mübarizədə ən sərt, qanunsuz (terror) üsullarına əl atmamasına bu amilin ciddi, bəlkə də həlledici təsiri olub.

“Növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı qərara Ermənistanın daxili işi kimi baxırıq. Biz Ermənistanda tərəflərin erkən seçkilərinin tarixi ilə bağlı razılığa gəldiklərini qeyd etdik. Ümid edirik ki, seçki öncəsi mərhələ konstruktiv atmosferdə keçəcək və uzunmüddətli nəticə əldə ediləcək”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Bunu Kremlin seçkilərə “dobro”su da saymaq mümkündür. Göründüyü kimi, Moskva da Ermənistanda hakimiyyətin legitim dəyişidirilməsindən yanadır - əgər dəyişiklik seçki yolu ilə olacaqsa...

*****

Onu da qeyd edək ki, erkən seçkilərin baş tutması üçün konstitusiyaya əsasən, parlament özünü buraxmalıdır. Bundan ötrü isə Paşinyan istefa verməli, sonra isə 2 həftə ərzində onun yerinə heç kim seçilməməlidir. O halda 45 gün ərzində seçki keçiriləcək. Demək, Paşinyan uzağı, aprelin 20-də, yəni 1 ay sonra öz postundan getməlidir. Bu arada baş nazirin mətbuat xidmətindən bildirilib ki, “N.Paşinyanın erkən seçkilər üçün istefasının dəqiq tarixi daha sonra açıqlanacaq”.

Beləcə, Paşinyan iqtidardan gedir. Amma bu gediş daha çox müxalifətə qarşı “U gedişi”nə bənzəyir. Yəni Nikol gedir ki, qayıtmaq üçün. Bu ehtimalı gücləndirən amillərdən biri də odur ki, müstəqil beynəlxalq rəy sorğuları, özəlliklə ABŞ-ın “Gallup” şirkəti, Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) keçirdiyi sorğular 44 günlük müharibədəki kapitulyasiyaya rəğmən, baş nazirin reytinqinin rəqiblərindən hələ də kifayət qədər yüksək olaraq qaldığını göstərib. Əgər bu nəticələr özünü növbəti parlament seçkilərində də təsdiqləyərsə, yəni baş nazirin partiyası təzədən səslərin çoxunu, yaxud nisbi çoxluğunu qazanarsa, o zaman Paşinyan müxalifətin ağzını uzun müddətə yummuş olacaq.

*****

Bundan dolayı seçkilərlə bağlı Bakı və Kremlin də müəyyən gözləntisi ola bilər. O anlamda ki, həm Azərbaycan, həm də Rusiya 10 noyabr və 11 yanvar üçtərəfli anlaşma sənədlərinin vaxtında həyata keçməsində maraqlıdır. Bunu da ən yaxşı Paşinyan və komandası bacarardı. Çünki o, artıq Azərbaycanın “dəmir yumruğu”nu görüb. Daha bir səbəbdən: müxalifətdən seçiləcək baş nazir yüzdə yüz yeni olduğunu bəhanə edib vaxtı uzatmağa çalışacaq.

Ən önəmlisi, N.Paşinyanın yeni seçkilər nəticəsində öz postunda qalması Ermənistanın, erməni xalqının savaşın nəticələri ilə rəsmən barışması anlamına gələcək. Ona görə ki, məntiqlə kapitulyasiya ilə barışmayan toplum kapitulyasiyaya imza atan rəhbərə, yaxud iqtidara seçkilərdə səs verməz. Verirsə, demək, müxalifətin əsas demaqogik kozuru əlindən çıxmış olacaq. İndinin özündə erkən seçkilərin gününü elan eləməklə Paşinyan əslində, müxalif düşərgədə siyasi ehtirasları xeyli səngidib, istefa aksiyalarını faktiki gərəksiz edib.

Əlavə edək ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) son rəy sorğusuna görə, Ermənistanda əhalinin 70%-i Azərbaycanla yeni müharibə istəmir (APA) və əldə edilmiş atəşkəs razılaşmasının qorunmasına tərəfdardır. Belə ki, “10 noyabr atəşkəs razılaşmasından sonra Ermənistan hökumətinin fokuslanmalı olduğu növbəti addımlar nə olmalıdır” sualına cavabında respondentlərin 97%-i hökumətin iqtisadiyyat, siyasi stabillik və sosial məsələlər kimi daxili problemlərə diqqət ayırmalı olduğunu qeyd edib. Respondentlərin 70%-i hərbi münaqişənin yenilənməsi bahasına Ermənistanın atəşkəs razılaşmasından geri çəkilməsinin əleyhinədir, 25%-i lehinə, 5%-i isə bitərəfdir.

Nəticələr öz-özlüyündə az şey demir...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.