Normal iqtisadi və idarəetmə sistemi olan ölkələrdə Mərkəzi Banklar hökumət yox, dövlət qurumu olur
22-03-2021, 19:40

Normal iqtisadi və idarəetmə sistemi olan ölkələrdə Mərkəzi Banklar hökumət yox, dövlət qurumu olur, bəlli müstəqilliyi olur, qərarvermə mexanizmində hökumətdən asılılığı olmur, əslində iqtisadi müstəvidə hökumətlərin "müxalifətinə" çevrilir. Niyə belədir?! Çünki, hökumətlər xərcləri artırmaq, kredit faizini azaltmaqla iqtisadi artıma nail olmaq, iqtisadiyyatı canlandırmağı istəyirlər, səbəbi də çox sadədir – növbəti seçkilərdə səs qazanmaq, siyasi dividentlər əldə etmək.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır.
Daha sonra Natiq Cəfərli yazır, hökumətin populist siyasətini tənzimləmək üçün bu zaman Mərkəzi Banklar işə düşür, faiz (uçot) dərəcələri və digər iqtisadi tənzimləmə alətləri ilə iqtisadiyyatın lazım olandan artıq “qızmasına” imkan vermirlər, iqtisadiyyatın həm “təzyiqini”, həm də “qızdırmasını” aşağı çəkirlər (bəzən isə tam tərsi, “təzyiqi və qızdırmanı” artırırlar, amma hər bir halda hökumətin addımlarına çəki-düzən vermək üçün bunu edirlər). Yəni, çox qısa və bəsit şəkildə MB-ların rolunu belə izah etmək olar.
Teref.az xəbər verir ki, Natiq Cəfərli qeydlərini davam etdirərərk yazır, qardaş Türkiyədə AKP hökuməti və Erdoğan iqtisadiyyata populist yanaşma ilə yanaşı birbaşa müdaxilələrlə də həmişə gündəmə gəlib. Mərkəzi Bankın müstəqilliyinə son verib, etibarlılığını azaldıb – 5-ci gün gecə saatlarında Türkiyə Mərkəzi Bankının yeni işə başlamış Ağbalı (bu da öz komandası üzvüdür, sadəcə, peşəkardır) işindən atdı, özünə çox yaxın, AKP-dən əvvəl deputat olan birini - Kacıoğlunu MB rəhbər təyin etdi. Bir daha: Gecə saatlarında bunu etdi, gözlədi ki, Türkiyədə və Dünyada birjalar qapansın, səhm-valyuta bazarı buna həmən reaksiya verə bilməsin. Ancaq elektron ticarət platformaları buna həmən reaksiya verə bildilər, lirə bir neçə saata 16%-dən çox dəyər itirdi, pik nöqtədə 1 dollar 8,36 lirə oldu. Bu gün səhər sözlü müdaxilələrlə (məsələn, MB müstəqil olacaq, faiz qərarı indi olmayacaq və s.) məzənnəni 1 dollar 7,91 lirə qədər saldılar, halbuki, Ağbal peşəkar addımlarla məzənnəni 7 lirə qədər salmışdı. İndi investorlar, bazar oyunçuları MB-a inanmırlar, həm də Erdoğanın basqısı ilə yaxın zamanda uçot dərəcəsinin azaldılacağını, deməli “nakit bolluğu” olacağını düşünərək lirənin daha da ucuzlaşcağını gözləyirlər.
Hə, bax belə, normal ölkələrdə, az-maz insitutlaşmış iqtisadiyyatlarda Mərkəzi Bankların rolu, atdığı addımlar maraqla izlənilir, bazarlar buna reaksiya verirlər. Bizim ölkədə isə Mərkəzi Bank nəinki müstəqil qurum deyil, həm də iqtisadiyyata qarışmır, öz balaca həyatı, öz dünyası var, ancaq Banklara nəzarət funksiyası ilə pul qazanmağı, Banklara likvidlik verəndə “şapka” almağı düşünür. O qədər siyasətə (iqtisadi siyasətə) qarışmayan orqandır ki, uçot dərəcəsi 6 il əvvəl 3% olanda istehlak kreditləri 30%, biznes kreditləri 25-26% idi, sonra uçot dərəcəsi 15% olanda da eyniq qaldı, indi uçot dərəcəsi 6,25%-dir, yenə dəyişən bir şey yoxdur...
Teref.az