Ölkədə subsidiya problemləri yığılır - hər dörd fermerdən biri payız əkini üçün subsidiyanı hələ almayıb...

23-04-2021, 00:09           
Ölkədə subsidiya problemləri yığılır -
Firdovsi Şahbazov: “Problem ondadır ki, subsidiyanın verilməsi elektronlaşdırılsa da, mexanizm tam təkmil deyil”
img
Azərbaycanda 1 yanvar 2020-ci ildən başlayaraq kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizm tətbiq olunmağa başlanıb. Belə ki, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılıb.

Bu məqsədlə 2019-cu ildə tələb olunan qanunvericilik bazası qəbul edilib. Müvafiq elektron sistem və ona daxil olan altsistemlər formalaşdırılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bir neçə altsistem fəaliyyət göstərir. Onlardan ən əsası kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, subsidiyalar, heyvandarlıq və süni mayalanma altsistemləridir. EKTİS-də təkcə fermerlər qeydiyyatdan keçmirlər. Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi nəzərdə tutulur. Örən ilin yanvarından başlayaraq subsidiya almaq istəyən fermer mütləq əvvəlcə EKTİS-dən qeydiyyatdan keçməli, daha sonra isə müvafiq məlumatları subsidiyalar altsisteminə daxil etməlidir. Ancaq bütün bunlara baxmayaraq, son dövrlər fermerlərin subsidiya almaqla bağlı narazılıqları artır. Subsidiyalarla bağlı problemin həlli yubanır. Bu isə kənd təsərrüfatında istehsalın azalması risqini artırır. Problem ondadır ki, Azərbaycanda hər dörd fermerdən biri payızlıq əkin üçün subsidiya almayıb. Subsidiya ilə bağlı nə baş verir?

“Bəzi fermerlər payızlıq əkin adı altında subsidiya alsalar da, vəsaiti təyinatı üzrə xərcləmirlər”
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, bu cür vəziyyətin yaranmasının obyektiv və subyektiv səbəbləri var: “Problem ondadır ki, subsidiyanın verilməsi elektronlaşdırılsa da, mexanizm tam təkmil deyil. Təəssüflər olsun ki, bununla bağlı müəyyən bürokratik hallar var. Subsidiyaların verilməsi qaydası daha da təkmilləşdirilsə, o zaman bu qədər yubanma baş verməz. Problemin subyektiv səbəbi onunla bağlıdır ki, bəzi fermerlər payızlıq əkin adı altında subsidiya alsalar da, vəsaiti təyinatı üzrə xərcləmirlər. Subsidiyanı almaq üçün nəzərdə tutulan şərtlərə əməl etmirlər. Bax, belə problemlər də var. Üstəlik, ölkədə subsidiya almaq istəyənlər çoxdur. Yeri gəlmişkən onu da qeyd edim ki, subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75 faiz nağdsız hissə şəklində ödənilir. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar
Ekspert hesab edir ki, hər dörd fermerdən birinin subsidiya ala bilməməsi müvafiq qurumlar tərəfindən araşdırılmalıdır./baki-xeber.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.