AMEA-da yeni qərarlar qəbul edildi,təyinatlar oldu

18-02-2016, 00:49           
AMEA-da yeni qərarlar qəbul edildi,təyinatlar oldu
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Strateq.az xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq AMEA rəhbəri Akademiyanın Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin müəlliflər kollektivinin hazırladığı 3 cildlik “Naxçıvan tarixi” kitabı haqqında danışıb. Akademik bildirib ki, əsər Naxçıvanın qədim tarixini, ayrı-ayrı mərhələlərdəki inkişaf səviyyəsini, bu diyarın ölkəmizə və dünyaya bəxş etdiyi görkəmli siyasi və ədəbi şəxsiyyətləri, onların müstəqillik uğrunda mübarizəsini əks etdirən dəyərli monoqrafik tədqiqatdır.
Rəyasət Heyəti kitabın aktuallığı və azərbaycançılıq ideologiyasının təbliği baxımından əhəmiyyətini nəzərə alaraq, əsəri 2015-ci ilin ən mühüm elmi nəticəsi hesab edib. Tədbirdə kitabın müəlliflər kollektivinin 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunması qərara alınıb.
Sonra AMEA-nın Naxçıvan və Gəncə elmi bölmələri, Lənkəran və Şəki regional elmi mərkəzlərinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.
Məruzələrdə bu müəssisələrin həm fundamental elmi-tədqiqat işləri, həm də elmi-texniki tədqiqatları haqqında məlumatlar verilib. Birbaşa internet üzərindən iclası izləyən Naxçıvan və Gəncə bölmələrinin elm və təhsil ictimaiyyəti iclasın müzakirələrində fəal iştirak ediblər.
2015-ci ildə bu müəssisələrin fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və sərəncamları, dövlət proqramları, Nazirlər Kabinetinin sərəncamları, AMEA Rəyasət Heyətinin qərarları əsas götürülüb. Hesabat məruzələrində 2015-ci ildə keçirilmiş konfrans və simpoziumlardan, beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən danışılıb, bölmə və mərkəzlərin mühüm elmi nəticələri açıqlanıb.
Sonra elmi-təşkilati məsələlər müzakirə edilib.
İclasda 2016-cı il üçün “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na müsabiqənin elan ediləcəyi bildirilib.
Bu barədə danışan akademik Akif Əlizafdə qeyd edib ki, medala namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Akademik onu da əlavə edib ki, mükafat üçün irəli sürülmüş namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə bilikdə 2016-cı il martın 18-dək Ekspert Komissiyasına təqdim edilməlidir.
Tədbirdə həmçinin AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə də 2016-cı il üçün müsabiqənin elan edilməsi barədə qərar qəbul edilib.
Daha sonra AMEA-nın “Elm” Nəşriyyatının 2016-cı il üzrə Tematik planı muzakirə edilib. Bu il AMEA üzrə nəşri nəzərdə tutulan materialların çapının təmin etmək məqsədilə görüləcək işlərdən danışılıb. Rəyasət Heyətinin qərarı ilə Tematik plan təsdiq edilib.
Növbəti qərarla AMEA-nın Nizamnaməsinin Akademiyanın elmi müəssisələrinin ştat cədvəllərinin təsdiq edilməsi barədə müvafiq bəndlərinin tələblərinə uyğun olaraq AMEA-nın bir sıra elmi müəssisələrinin ştat cədvəlləri təsdiq edilib.
Gündəlikdə əksini tapan növbəti məsələ Akademik Tofiq Nağıyevin 75 illik yubileyi ilə bağlı olub.
Bu barədə çıxış edən AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev bildirib ki, 2016-cı il mart ayının 4-də AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzin direktoru, kimya üzrə elmlər doktoru, akademik, Tofiq Murtuza oğlu Nağıyevin anadan olmasının 75 ili tamam olur.
Alim qeyd edib ki, akademik Tofiq Nağıyevin elmi fəaliyyəti müvafiq tədqiqat sahəsinin bir çox istiqamətlərini əhatə edir. Akademik bütün dünyada tükənməz ehtiyatlara malik azot və hidrogen peroksidin neft-kimya sintezinə cəlb edilməsi sahəsində ilk işlərin müəlliflərindən sayılır. Görkəmli alim bu gün də elmi, ictimai-humanitar fəaliyyəti ilə fikir tariximizi zənginləşdirir, məşğul olduğu sahələrə yeni-yeni töhfələr bəxş edir.
İclasda akademik Tofiq Nağıyevin 75 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif ediliməsi barədə qərar qəbul edilib.
Sonra AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyevin Akademiyada həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini təşkil edən elmi fəaliyyətin normativ-hüquqi bazasının gücləndirilməsi, elmi fəaliyyəti tənzimləyən bir sıra hüquqi sənədlərin hazırlanması, həmçinin kadr işi sahəsində fəaliyyətin müasir tələblər səviyyəsində təşkili istiqamətində səmərəli fəaliyyətini və 60 illik yubileyini nəzərə alaraq, AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi qərara alınıb.
Tədbirdə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru Vidadi Aydın oğlu Muradovun da AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi haqqında qərar verilib.
Bildirilib ki, V.Muradov 40 ilə yaxındır ki, Azərbaycan xalçalarının öyrənilməsi, araşdırılması və toplanılması istiqamətində fəaliyyət göstərir. Bu sahədə müxtəlif elmi tədqiqatları ilə tanınan alim Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq edir.
İclasda AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəzin yaradılması məsələsi müzakirə olunub. Beynəlxalaq təcrübəni nəzərə alaraq qiymətli cihaz və avadanlıqların istismarının səmərəliliyini artırmaq, AMEA-da plan üzrə aparılan fundamental və tətbiqi elmi tədqiqat işlərinin, həmçinin digər təşkilatlarla aparılan birgə kompleks işlərin səviyyəsini yüksəltmək, elmi avadanlıqların yüklənmə səviyyəsini artırmaq, lisenziyalaşma işlərini aparmaq məqsədi ilə AMEA Rəyasət Heyətinin nəzdində Fənlərarası Analitik Mərkəz yaradılıb. Kimya üzrə fəlsəfə doktoru Rüfət Məmmədov mərkəzin direktoru vəzifəsini icra edən təyin edililib.

Daha sonra iclasda AMEA-nın "Nafta" Elmi İstehsalat Birliyinin fəaliyyətinin təmin edilməsi məsələsinə baxılıb. “Nafta” Elmi İstehsalat Birliyi təsərrüfat-hesablı elmi xidmət müəssisəsinin nizamnaməsi qərarla təsdiq edilib. AMEA-nın İşlər idarəsinin nəzdində fəaliyyət göstərəcək müəssisənin direktoru vəzifəsinə kimya üzrə fəlsəfə doktoru Adəm Quluzadə təyin olunub.
Digər qərarla AMEA-nın “Türkologiya” jurnalının yeni redaksiya heyəti təsdiq edilib.
Tədbirdə jurnalın XX əsrin ikinci yarısından sonra Azərbaycanda və türk dünyasında türkologiya elminin inkişafında müstəsna rolundan danışılıb. Əsasən filoloji elmi isitqamətlər üzrə fundamental elmi məqalələrin nəşrini həyata keçirən jurnalın uzun illər ərzində bu sahədəki nüfuzlu mütəxəssislərin əsas tribunası olduğu vurğulanıb. Rəyasət Heyətinin qərarı ilə akademik Kamal Abdullayev jurnalın Baş redaktoru vəzifəsinə təyin edilib.
İclasın sonunda AMEA-nın bəzi institutlarında struktur dəyişikliklərinin edilməsi ilə bağlı məsələlərə baxılıb. Rəyasət Heyəti AMEA-nın Fizika İnstitutunda Tətbiqi fizika şöbəsinin, Radiasiya Problemləri İnstitutunda, Riyaziyyat və Mexanika İnstitutunda isə təhsil şöbələrinin yaradılmasını məqsədəuyğun hesab edərək bu barədə qərar qəbul edib.
Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.