KVN-çilər mühacirətə getmək istəyir, yoxsa…?
18-02-2016, 02:07
“Senzura” harayının arxasında nələr var?
Bir neçə ildir ki, “Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanovun, eləcə də komandanın məşhur siması, onun qardaşı Cabir İmanovun senzura ilə bağlı gileyləri mediada yer alır. Onlar bir qayda olaraq telekanalların KVN-in süjetlərini “qayçılama”dığını iddia edir, ayrı-ayrı məmurlar, sahələrlə bağlı hazırladıqları səhnəciklərə isə ümumiyyətlə, qadağa qoyulduğunu deyirlər.
Mediaya son açıqlamalarında isə komandanın üzvləri bildiriblər ki, hər şey “Gülüş yığması” layihəsindən sonra başlayıb: “Bu layihədə “Hit-parad” adlı rubrikamız var. Musiqili nömrədə baş qəhrəmanlardan biri polis əməkdaşı idi. “Space” telekanalı çıxışımızı verərkən bu hissəni çox qeyri-peşəkar formada kəsib. Sonra isə ümumiyyətlə polislə bağlı olan bütün süjetlər kəsilməyə başlandı”.
T.İmanovun sözlərinə görə, sonradan telekanalın rəhbəri Vaqif Mustafayevlə görüşdə, o, deyib ki, polisi ümumiyyətlə tənqid etmək olmaz.
T.İmanov bəyan edib ki, demokratik ölkədə yaşayır və belə bir yanaşmanı düzgün saymır. Teatrın rəhbəri deyib ki, “Space”dən sonra ATV kanalına müraciət ediblər. “Orada bundan da artıq dedilər. Bizə bildirildi ki, polisi, vergiləri, gömrük və FHN-ni tənqid etmək olmaz. Dedilər ki, siz vergiləri tənqid edirsiz, sonradan vergilər bizə yoxlama göndərir, başqa nazirlər zəng vurub hədə-qorxu gəlir”, - T.İmanov deyib.
O bildirib ki, məmurlar dövlət başçısının adından istifadə edirlər: “Amma mən tam bilirəm ki, bu yalandır. Bilirik ki, dövlət başçısı hər zaman problemin demokratik həllinin tərəfdarı olub”.
T.İmanov deyib ki, ATV-də son konserti hələ yazda verməli idilər, amma zəng vurub dedilər ki, “nazirlərin uşaqlığı haqqında süjeti, polis və gömrük haqqında süjetləri kəsirik”.
Onun sözlərinə görə “Lider” telekanalı onlara 2003-cü ildən sonra qadağa qoyub, ANS isə formatın onlara uyğun gəlmədiyini bildirib.
Amma KVN-çilərin daha maraqlı müqayisəsi isə mərhum prezident Heydər Əliyevin hakimiyyət dövrü ilə bağlı olandır.
"Heydər Əliyevin vaxtında bəzi məmurlar gəlib deyirdi ki, bizi də parodiya edin. Hətta Heydər Əliyev səhnə arxasında bizimlə görüşəndə adını çəkmək istəmədiyim bir nəfər öz parodiyasına pis yanaşdı. Heydər Əliyev onun cavabını yerindəcə verdi. Kadrlarda da var. O özü deyirdi ki, əgər məni parodiya edirsinizsə, heç kəs sizə bir söz deyə bilməz”, - komandanın üzvü Azər Məmmədzadə vurğulayır.
Tahir İmanovun sözlərinə görə, məmurlar konsertqabağı zəng edib deyirlər ki, onları parodiya etməsinlər: "İndi həmin məmurlar konsertqabağı zəng vururlar ki, bizim haqqımızda heç nə olmasın. Niyə tənqid etməyim e səni? Heydər Əliyevin qurduğu azad, demokratik ölkədə yaşayıram”.
Təbii ki, İmanovların bu iradlarının nə qədər haqlı olduğunu bilmək mümkün deyil. Çünki bütün bunlar “mətbəxdə” baş verənlərdir. Amma bunun cəmiyyətdə niyə reaksiya doğurmamasının səbəbləri də dərindir. Səbəb sözügedən teatrın hazırladıqları səhnəciklərdə “arabanın beşinci təkərlərinin” hədəf göstərilməsidir. Daha çox kiçik fiqurları pardoiya etməyə çalışan aktyorlara qadağanın qoyulması isə gözləniləndir. Biz zəng edəndə “Mən müxalifət qəzetlərinə müsahibə vermirəm” deyən T.İmanovla da eyni dillə danışıblar. “Müxalifətçilik” pisdirsə, siz niyə edirsiz? Yaxşı və normaldırsa, niyə ayrı-seçkilik edirsiz?
Üstəgəl, bu günə qədər xalqın başına gələn müsibətlərdə, problemlərdə bu gəncləri onların yanında görən olubmu? Dediyimiz kimi, ancaq arabanın beşinci təkəri ilə uğraşmağa özündə güc tapan teatr üzvlərini indi belə danışmağa nə vadar edir? Bu günə qədər müsahibə verməyə tənəzzül etmədiyi qəzetlər bu barədə yazanda onların hansının səsinə səs verirdilər? Haqları tapdanan insanlar, tutulan gənc insanlar, evlərindən köçürülənlər… bunlar həmin səhnəciklərin hansında yer alırdı? Problemlər böyükdürsə, dəniz boydadırsa, ondan bir qaşıq olsa nə olacaq, olmasa nə…
Digər tərəfdən, ehtimallar var ki, İmanovların bu addımı heç təsadüfi deyil. Zamanında yüksək vəzifələrdə çalışan, yaxşı imkanlar qazanan qardaşlar indi gözdən düşdükləri üçün vaxtilə üzlərinə açıq olan qapılar indi bir-bir bağlanıb. Bu səbəbdən də son günlər artan səs-küyün fonunda mühacirət üçün hazırlıq ab-havası var. Xatırlayırsızsa, adını çəkmək istəmədiyimiz müğənnilərdən biri də daha öncə telekanalların ona qadağa qoymasından şikayətlənmişdi. O bildirdmişdi ki, Məhəmməd Əmin Rəsulzadə ilə bağlı mahnı bəstələyib səsləndirdiyi üçün telekanallar ona efir qadağası qoyub. Bunun ardınca səsi Almaniyadan gələn müğənni sosial şəbəkədəki statusu vasitəsilə xalqı boykota çağırmışdı.
Odur ki, indi Imanov qardaşlarının səmimiyyətinə inanmamaq üçün əlimizdə xeyli səbəb var.
musavat.com