Şəhidə “həyatını itirmiş” deyən söz aşiqləri
3-05-2021, 00:17

Türkiyədə dəfələrlə bu sayaq hadisələrin şahidi olmuş, xəbərlərdə izləmişik. Şəhidlərə dil uzadan, başından böyük danışan şəxslərlə bağlı cəzalandırmanı hüquq-mühafizə orqanları edir. Google-da axtarış verin, qarşınıza yüzlərlə belə videomaterial çıxacaq. Açar sözlər olaraq “şehit hakaret” yazın, o mövzudakı videoları izləməyə saatlarınız gedəcək.
Bəli, insan məfhumu harda varsa, özünü bilməz, tərbiyəsiz, əxlaqdan, vətən anlayışından uzaq olan məxluqların da orda olma ehtimalı hər zaman olacaq. Fotosuna baxanda gözümüz dolan, gülən üzünü görəndə ürəyimiz parçalanan, ecazkar səsini eşidəndə bu dünyanı unutduğumuz gül üzlü şəhidimiz Xudayara dil uzadan da çıxarmış, sən demə... Kimlərsə o noxud boyda beyni ilə şəhidimizi məsxərəyə qoymaq cəsarətini göstərə bilərmiş. Nəinki Xudayar, bütün şəhidlərimiz, qazilərmizlə bağlı danışanda ən gözəl cümlələri qurmalı, ən həssas ifadələri seçməliyik əslində. Bunu etməyənləri də qanun cəzalandırmalıdır. Qanunda bununla bağlı bir kiçicik boşluq belə olmamalıdır. Bəli, kimsə özünü, sözünü bilmədən belə bir yanlışa yol verdisə, dərhal polis qapısında olmalıdır. Öncə məhkəmə, sonra türmə... Maddəsi də “belində”: şəhidə həqarət, qaziyə sayğısızlıq... Bəli, qardaş Türkiyədəki kimi. İnsanlar belə özünübilməzlərin videolarını izləyən kimi dərhal polisə bu barədə məlumat verməlidir. (polis bütün sayğısız, vətənsizlərin videosunu anında izləmək imkanına malik olmaya bilər-müəl.). O şikayətlər əsasında da qanun qarşısında cavab verməlidir. Hə, o adam gedib layiq olduğu türməyə düşəndə içəridə ona həyatın nə olduğunu başa salmalıdılar. O, orda anlamalıdır necə böyük yanlışa yol verdiyini. Bu torpağın üzərində azad gəzirsə, təhsil alırsa, gələcəyini qurursa, bu, Xudayarların sayəsindədir, onu anlamaldır. Gec və ya tez... Amma qanunla, amma məhkəmənin dili ilə, amma türmənin soyuq divarları arasında...
Bu, faşizm deyil, bu, qəddarlıq da deyil. Bu, Vətənə olan münasibətin qanunda öz əksini tapmasıdır. Necə olur ki, hansısa boynuyoğun məmurun rüşvətxorluğundan yazanda məhkəməyə verib, jurnalistləri türməyə göndərirlər, qəzetləri milyon manatlarla cərimələyirlər, amma şəhidə dil uzadan ortalıqda dişlərini ağardaraq gəzir? Bu ölkədə maskanı burnunun altına beş santimetr sürüşdürən kimi, yolda tutub, 100 manat cərimə yazırlarsa, qanun lazım olanda sərtləşə bilirsə, bir zəhmət şəhidlərimizi, şəhid ailələrimizi, qazilərimizi, onların heysiyyatını da qoruyan qanunlar da yazılsın. Yoxsa hər əlinə klaviatura düşən ləyaqətsiz layk yığmaq, “bomba, zarafatcıl oğlan” olmaq eşqi ilə ağzına gələni yazacaq, “qoçaqsız, gəlin məni döyün” deyib meydan oxuyacaq, təxribata çəkəcək insanları... Sonra şəhid ailəsi bu qədər dərd-sərin, itkinin arasında onu cəzalandırmaq üçün səfərbər olacaq, balasını itirmiş şəhid anası digər balalar cəzalanmasın deyə məsuliyyəti üzərinə götürəcək... Olmamalıdır, şəhid ailəsindən, elə bizdən, sizdən əvvəl qanunlar dövriyyəyə girməlidir, “asayişi pozmusan” deyib, müxalifətçiləri 5-6 illiyinə azadlıqdan məhrum edən hakimlər bu vətənsizlərə lazımi cəzanı oxumalıdır. Dərs olmalı, görk olmalı, ibrət olmalıdır. Şəhidimizi biz qorumasaq, müqəddəs varlıqlara dil uzadanın cəzasını qanunla verməsək, bunun qarşısını almaq olmayacaq. Məmurundan tutmuş, icra başçısına, sıravi mağaza işçisinə qədər... Hər kəs üçün dərs olmalıdır.
Onsuz da bu ölkədə hamıya ağıl vermək hüququnu özündə tanıyan bəzi həmkarlar Amerikanı yenidən kəşf etməklə məşğuldular. Dindirsən, sənə söz azadlığından, tərəfsizlikdən, plüralizmdən....dəm vurarlar, yazdığın yazıları, apardığın verilişləri təftiş edib, haqsız belə çıxararlar. Di gəl, özləri şəhidlərimizə şəhid demirlər, “həyatını itirmiş” deyirlər. Xəbərçilikdə “yeni cığır”, jurnalistikada təptəzə üslub. Bu zəka əlillərinə kimsə başa salmalıdır ki, şəhidlik dövlətin verdiyi statusdur, rəsmi statusdur. Sənin pul aldığın dairələr, okeanın o tayındakılar da anlamalır ki, torpağı işğalda olan, onun azadlığı uğrunda savaşan insanları sanki yol qəzasında ölmüş kimi “həyatını itirmiş” kateqoriyasına aid edə bilməzsən. Onların bir statusu var, şanlı bir statusu. Ağalarınız qrantınızı kəsəcək deyə, özünüzdən hoqqa çıxarmayın. Veteran necə veterandırsa, qazi necə qazidirsə, şəhid də o cür... Siz necə bu ölkənin vətəndaşı olaraq şəxsiyyət vəsiqəsi daşıyırsınızsa, əziyyət çəkib, bu ölkənin qanunlarına da hörmət etmək zorundasız. Yoxsa ki, korrupsioner məmur öləndə ona ağlaşma qurub, “oyy, çox kədərləndim, ağlamaqdan öldüm” tipli statuslar yazmaq sizi qədirbilən azərbaycanlı etmir. Uzaqbaşı mənfəətli insan olursuz ki, bu da barənizdə yazılacaq ən yumşaq ifadədir...
Kəsəsi, şəhidimizi qanunlar, bu ölkənin konstitusiyası, Dövlət Baba qoruyacaq öncə. Bizsə vətəndaş olaraq əlimizdən gələni edəcəyik. Əl birliyi ilə meydan oxuyacağıq bu vətənsizlərə, şəhid qədri bilməyən anlaqsızlara. Əks halda, şəhidini əl üstündə tutmağa iddialı olan xalqımız ona dil uzadanların da cəzasını elə layiq olduqları yerdə, küçədə verəcək...
Sevinc TELMANQIZI
musavat