Azərbaycan Qarabağı bərpa olunan enerji mərkəzinə necə çevirir?
1-07-2021, 07:40

ABC MONEY, Böyük Britaniya
Müəllif: Debora Markus
Azərbaycan 2020-ci il noyabrın 10-na qədər davam etmiş qısa, lakin intensiv müharibə nəticəsində mübahisəli Dağlıq Qarabağ regionunun ətrafında yerləşən 7 rayon üzərində nəzarəti bərpa edib. Bu ərazilər Birinci Qarabağ müharibəsindən (1991-1994) sonra Ermənistan silahlı qüvvələrinin nəzarətində idi.
Azərbaycanın ən çiçəklənən regionlarından biri olmuş, bir zamanlar 700 min azərbaycanlının yaşadığı Qarabağ bölgəsi 1994-cü ildən tənəzzülə uğrayıb. O vaxtdan regionun enerji infrastrukturu tamamilə dağıdılıb. Üstəlik, Ermənistan silahlı qüvvələri regiona mina və digər növ partlayıcı sursatlar basdırıb. Bu, müharibədən sonra yerli əhaliyə ciddi təhdid yaradır. Nəticədə postmünaqişə dövründə də insanlar həlak olur. Mövcud vəziyyət regionda bərpa işlərinin gedişinə də ciddi maneələr yaradır.
Azərbaycanla müharibəni uduzmuş Ermənistanda dərin siyasi böhran yaşanır. Ermənistan vətəndaşlarının bir hissəsi hakimiyyətin dəyişməsini tələb edir. Bunun fonunda Ermənistanın siyasi partiyaları arasında Dağlıq Qarabağın statusu ilə bağlı mübahisələrin getdiyi bir vaxtda Azərbaycan bu ərazilərin bərpasına başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev Bakıya səfər etmiş italiyalı deputatlardan ibarət nümayəndə heyəti ilə görüşdə bildirib ki, “indi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.
Azərbaycan hökuməti bu hədəflərə nail olmaq məqsədilə Qarabağın 6 rayonunda günəş və külək elektrik stansiyalarının tikintisi üçün ərazilər ayırıb. Bu il fevralın 15-də Azərbaycanın dövlət başçısı İlham Əliyev Laçın rayonunun Güləbird kəndində su elektrik stansiyasının açılışında iştirak edib.
Bir sözlə, Azərbaycan Qarabağda bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək, ölkənin yanacaqla işləyən elektrik stansiyalarından asılılığını azaltmağa çalışır. Bu gün Azərbaycanda bərpa olunan enerji mənbələri vasitəsilə elektrik enerjisi istehsalı 8%-ə çatıb. Ölkənin Energetika Nazirliyi 2030-cu ilədək bu göstəricini ən azı 30%-dək artırmağı planlaşdırır.
Azərbaycanın “yaşıl enerji” istehsalının artırılması ilə bağlı həyata keçirdiyi proqrama beynəlxalq şirkətlər də qoşulmaq istəyir. Onlar bunda maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər. Hazırda BP ilə İlham Əliyevin başçılıq etdiyi hökumət Qarabağda günəş elektrik stansiyasının tikintisi ilə məşğuldur. Azərbaycanın coğrafi mövqeyi də “yaşıl enerji” istehsalının kəskin artırılmasına imkan verir.
Beləliklə, Qarabağ bölgəsi belə layihələr sayəsində regionda potensial olaraq bərpa olunan enerji mənbəyinə çevrilə bilər. Burada 400 meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi istehsal etmək mümkündür. Bundan başqa, Azərbaycanın daxili su resurslarının 25%-nin mənbəyi məhz bu regiondadır. Odur ki, bölgədə yerləşən çayların üzərində su elektrik stansiyalarının tikintisi optimal variantdır. Bu stansiyaların tikintisi uğurla həyata keçirilərsə, Azərbaycana təkcə öz daxili təlabatını ödəməyəcək, həm də Xəzər dənizi vasitəsilə qonşu ölkələrə enerji satmaq imkanı qazanacaq.
Azərbaycanın regionda bərpa olunan enerji ilə bağlı layihələri həm Dağlıq Qarabağda yaşayan etnik ermənilər, həm də azərbaycanlılar üçün iş yerlərinin açılmasına səbəb olacaq.
Azərbaycan “yaşıl enerji” istehsalı ilə bağlı avadanlıqlar almaq niyyətindədir. Bu, regionda yaşayan yerli əhali üçün elektrik enerjisinin qiymətinin aşağı düşməsinə səbəb olacaq, Qarabağ isə qlobal miqyasda “yaşıl enerji” regionun çevriləcək.
Bir sözlə, uzun illər davam etmiş müharibələrdən sonra Dağlıq Qarabağ regionunun “yaşıl enerji” istehsalı ilə bağlı cənnətə çevrilməsi təkcə yerli əhaliyə deyil, həm də bütün Qafqaz regionuna böyük fayda qazandıracaq.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)