Putinin nahar süfrəsində Paşinyana dediyi “sehirli cümlə”nin anlamı: Əliyev istədiyini mütləq alacaq
10-07-2021, 00:00

Azərbaycan Prezidenti İlham Əliyev önəmli bir fərmanla Ermənistana qaçılmaz “yol xəritəsi”ni göstərmiş oldu; Üstəlik, Rusiya da rəsmi İrəvanın ümidlərini puça çıxararaq, Ermənistana “çətin və həssas problemlər”in həllində beynəlxalq hüquq normaları ilə hesablaşmağı məsləhət gördü…
Son günlərdə bəzi maraqlı hadisələr baş verdi. Ən əsasısa, bu hadisələrin bir-biriylə dolayısı ilə də olsa, əlaqəsi olmamış deyil. Və hətta bəzi hallarda bir-birinə paralellik təşkil edir.
Onu da qeyd edək ki, son baş verən hadisələrə dayanaraq yaxın vaxtlarda Cənubi Qafqazda cərəyan edəcək yeni geopolitik proseslər barədə müəyyən ehtimallar da irəli sürmək mümkündür. Hər halda, indi Cənubi Qafqaza aidiyyatı olan və bu regionla bağlı planlar quran ölkələrin həm maraqları, həm də prinsipial mövqeləri dəqiqləşmiş kimi görünür. Bu baxımdan, bəzi örməklərə diqqət yetirmək maraqlı ola bilər.
Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 7-də Rusiyaya səfər etdi. Ermənistan bu səfərin rəsmi xarakter daşıdığını vurğuladı. Kremldən isə səfərin rəsmi olmadığını təsdiqləyən addım atıldı. Rusiya prezidenti Vladimir Putin erməni baş nazirlə nahar süfrəsi arxasında söhbətləşdi. Və bu, Kremlin söhbətin məzmununun ictimailəşdirilməsində maraqlı olmadığını göstərən məqam hesab oluna bilər.
Ancaq qətiyyən şübhə doğurmur ki, nahar süfrəsi arxasında Cənubi Qafqazla bağlı önəmli məsələlər müzakirə edilib. Daha doğrusu, Rusiya prezidenti erməni baş nazirə müəyyən prinsipial təlimatlar verib. Və heç şübhəsiz ki, həmin təlimatların məzmunu hazırda hər kəsi maraqlandırır.
Nahar süfrəli görüşlə bağlı geniş məlumat verilməsə də, prezident V.Putinin erməni baş nazirə dediyi iki cümlə söhbətin sonrakı ümumi məzmununu təxmin etməyə imkan verir. Kreml sahibinin erməni baş nazirlə Ermənistan cəmiyyətinin diqqəti üçün nəzərdə tutulan simvolik qucaqlaşması Rusiya prezidentinin təbriki ilə müşayiət olundu: “Çətin, həssas problemlərin həlli üçün xalqın dəstəyi çox vacibdir və mən sizi təbrik edirəm. Çünki, sizin artıq belə bir dəstəyiniz var”.
Əlbəttə, bəziləri üçün bu, bir prezidentin başqa bir ölkənin baş nazirini seçkilərdə qalib gəlməsi münasibətilə sadəcə, təbrik etməsi kimi də anlaşıla bilər. Ancaq qətiyyən belə deyil. Çünki prezident V.Putin erməni baş nazirə sadəcə, “Sizi seçki qələbəsi ilə bağlı təbrik edirəm” demədi. Kreml sahibinin dedikləri çox diqqətlə seçilmiş üstüörtülü mesajdır. Rusiya prezidenti erməni baş nazirə “çətin və həssas problemlərin həlli üçün xalqın dəstəyi”nin artıq mövcudluğunu xatırlatdı.
Bu, o deməkdir ki, Kreml sahibi N.Paşinyana seçkilərdən öncə edə bilmədiyi “çətin və həssas problemlər”in həlli məqsədilə indi artıq konkret qərarların qəbul edilməsinin və addımların atılmasının vacibliyinə eyham vurmuş oldu. Eyni zamanda, bu mesajdan Ermənistan cəmiyyətinin də payına düşən məqamlar olmamış deyil. Yəni, Rusiya prezidentinin N.Paşinyana dediklərini əslində, Ermənistan cəmiyyəti “Tezliklə sizin lideriniz xoşunuza gəlməyəcək qərarlar qəbul etməli olacaq. Azərbaycanın maraqlarını təmin etmək lazım gələcək. Ancaq qətiyyən unutmayın ki, onu məhz siz seçmisiniz” kimi anlamalıdır.
Bütün bunları nəzərə aldıqda, belə düşünmək olar ki, yaxın aylarda Ermənistan baş naziri N.Paşinyan Azərbaycanla yekun sülh sazişini imzalayacaq. Həmin sazişlə Dağlıq Qarabağı birdəfəlik olaraq, Azərbaycan ərazisi kimi tanıyacaq. Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. İki qonşu ölkə arasında sərhədlərin demarkasiyası prosesinin sürətləndirilməsiniə şərait yaradacaq. Və ümumiyyətlə, problem hesab edilə biləcək heç bir məsələnin həllinə əngəl törətməyəcək.
Əlbəttə, açıq deməsə də, Rusiya prezidenti “çətin və həssas problemlərin həlli üçün xalqın dəstəyinin olması”ndan danışarkər əslində, rəsmi Bakının istənilən halda, öz hədəflərinə mütləq çatacağı ilə bağlı reallığı da açmış olur. Çünki, beynəlxalq hüququ öz arxasına almış Azərbaycanın bütün hədəfləri Ermənistan üçün “çətin və həssas məsələlər” hesab olunur. Və indi həmin “çətin və həssas məsələlər”in həllində baş nazir N.Paşinyana məhz onu seçən Ermənistan əhalisi dəstək verməli olacaq.
Ona görə də hesab etmək olar ki, Kreml sahibi nahar süfrəsi arxasında erməni baş nazirə əslində, məhz Ermənistanın gələcək taleyini həll edə biləcək “sehirli cümlə” söyləyib. Həmin “sehirli cümlə”ni həm baş nazir N.Paşinyan, həm də Ermənistan cəmiyyəti “Azərbaycan Prezidenti İlham Əliyevin öz istədiklərini alması qaçılmazdır” kimi anlasa, daha doğru olar. Və Azərbaycan Prezidentinin Azərbaycanın hədəflərinə nə qədər qətiyyətlə, həm də planlı şəkildə irəlilədiyini isə onun imzaladığı son fərman da təsdiqləyir.
Məsələ ondadır ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı strateji hüquqi sənəddir. Bu sənəd Azərbaycanın gələcək inkişaf perspektivlərini tənzimləməklə yanaşı, həm birbaşa Ermənistana, həm də Cənubi Qafqazda maraqları olan kənar ölkələrə açıq mesaj xarakteri daşıyır. Və bundan sonra bütün regionun taleyinin müəyyənləşdirilməsində bu fərmanın birbaşa, həlledici təsiri olacaq.
Onu da qeyd edək ki, fərmana əsasən Azərbaycanda Şərqi Zəngəzur iqtisadi rayonunun (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) və Qarabağ iqtisadi rayonunun (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaradılması Ermənistan cəmiyyətində sarsıntıya yol açıb. Çünki bu fərmanla rəsmi Bakı ermənilərin status xəyallarını həmişəlik dəfn etmiş oldu. Və Azərbaycanın öz hədəflərində nə qədər qərarlı, ardıcıl olduğunu göstərdi.
Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonu Ermənistan üçün “geopolitik labirint xarakteri daşıyır. Belə ki, rəsmi Bakı bununla Ermənistan cəmiyyətinə Zəngəzurun qərb hissəsinin də olduğunu xatırladır. Və Azərbaycan ərazisi olan Qərbi Zəngəzura iddiasını biruzə vermiş olur.
Digər tərəfdənsə, Şərqi Zəngəzur faktoru Ermənistanı konkret seçim qarşısında qoyur. Yəni, indi rəsmi İrəvan ya xoşluqla Zəngəzur dəhlizinin açılmasını təmin etməlidirlər, ya da Qərbi Zəngəzurun da itirilməsinə hazır olmalıdır. Yəqin ki, Paşinyan hakimiyyətinin seçimi ən yaxın vaxtlarda aydınlaşmağa başlayacaq.
Rəsmi Bakının qarşıya qoyduğu məqsədlərə birqayda olaraq, nail olduğunu indi Ermənistan hamıdan daha yaxşı bilir. Hər halda, rəsmi İrəvan Azərbaycan Prezidentinin fərmanı imzaladığı tarixə bir qədər diqqətlə yanaşsalar, bəzi mətləbləri elə özləri də anlaya bilərlər.
Məsələ ondadır ki, fərman məhz iyulun 7-də imzalanıb. 1923-cü ilin 7 iyulunda keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin uydurulduğunu nəzərə alsaq, bunun nə demək olduğunu anlamaq çətin deyil. Yəni, Azərbaycan Prezidenti Qarabağ mövzusunu, ermənilərin “Artsax xəyalları”nı məhz DQMV-nin uydurulduğu gün tarixin zibilliyə atmış oldu. Və böyük ehtimalla fərmanın imzalanması üçün bu tarixin seçilməsi qətiyyən təsadüfi deyil.
Digər tərəfdən, həmin gün həm də erməni baş nazir N.Paşinyan Rusiya prezident V.Putin ilə görüşəcəkdi. Prezident İ.Əliyev həmin fərmanı imzalamaqla, erməni baş nazirə Rusiyaya çox da ümid bəsləməyin yersiz olduğunu anlatdı. Çünki Azərbaycaın maraqlarına aid bütün məsələlər Kremlin deyil, məhz rəsmi Bakının hərbi-siyasi iradəsi ilə həll olunur.
Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın son açıqlamaları da bu reallığı təsdiqləyir: “Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı bölgələrindəki insidentlərin Qarabağ nizamlanması ilə əlaqələndirilməsi doğru deyil. Bu insidentlər Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqa əsasən formalaşmış sərhədin olmamasının nəticəsidir. Biz məsələnin uzunmüddətli və dayanıqlı həllini Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesinə tezliklə başlanmasında görürük ”.
M.Zaxarovanın dediklərindən də belə anlaşılır ki, Ermənistan Rusiyaya boşuna ümid bəsləməməlidir. Rəsmi İrəvan mövcud problemləri beynəlxalq hüquq çərçivəsində həll etməyə hazır olmalıdır. Bu, Rusiyanın patronajlğı altında olan və Ermənistanın da təmsil edildiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Stanislav Zasın açıqlaması ilə eyni məzmun daşıyır. Yəni, Kreml həm KTMT, həm də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisinin diliylə Ermənistana mövcud vəziyyətlə barışmağı məsləhət görür.
Ona görə də hesab etmək olar ki, prezident V.Putinin nahar süfrəsi arxasında N.Paşinyana dediyi “sehirli cümlə” Ermənistanın gələcək taleyini həll etməklə yanaşı, həm də “Əliyev istədiyini onsuz da mütləq alacaq, ən yaxşısı sən bəribaşdan xoşluqla ver” anlamı daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu