Avropanın Azərbaycandan enerji asılılığı artır...

15-07-2021, 12:47           
Avropanın Azərbaycandan enerji asılılığı artır...
Azərbaycanda hasil edilən təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulan “Cənub Qaz Dəhlizi”nin son halqası olan “Transadriatik” Qaz Boru Kəməri (TAP) konsorsiumu kəmərin genişləndirilməsi ilə bağlı 2021-ci il üzrə bazar testinə başlayıb. Konsorsiumun bu xüsusda yaydığı məlumatda deyilir ki, təbii qaz göndərənlərin marağını ifadə etməsinə və sonrakı mərhələdə TAP-da yeni, uzunmüddətli tutuma etibarlı çıxışını təmin etmək üçün yeni bir bazar testinə başlanılıb. Bu da boru kəmərinin gücünün gələcəkdə artırılmasına imkan verəcək.

Bazar testi iki əsas mərhələdə aparılacaq. Bunun birinci mərhələsi iyulun 12-də başlayan məcburi olmayan mərhələ, digəri isə 2022-ci ilin yayından tez olmayaraq başlayacaq məcburi mərhələ olacaq. TAP-ın icraçı direktoru Luka Şkieppati bildirib ki, TAP üzərindən Avropaya qaz nəqlinin başlamasından təxminən 6 ay sonra Avropaya 3 milyard kubmetrdən çox qaz nəql edilib: "Boru kəmərinin illik buraxılış gücü təxminən 10 milyard kubmetr olduğu halda, TAP ilkin gücünü 2 dəfə artıraraq mərhələlərlə genişləndirə bilər. Bu, əlavə qaz ehtiyatlarının, xüsusilə Cənub-Şərqi Avropada daha təmiz enerji qarışığına keçidi dəstəkləyərək Avropa bazarlarına çata biləcəyi deməkdir”. İndiyə kimi TAP vasitǝsilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Bütün bunlar o vaxt baş verir ki, Avropada təbii qazın qiyməti yenidən hər min kubmetr üçün 450 dolları keçib. İqtisadçıların qənaətinə görə, yaxın aylarda mavi yanacağa olan tələbat hələ yüksək olacaq. Bunun sayəsində MDB-nin qaz ixrac edən ölkələri, o cümlədən Azərbaycanın Avropa bazarına mavi yanacaq nəqlini artırmaqla mənfəətini xeyli artırmaq imkanı olacaq.

Qeyd edək ki, Avropa qaz bazarında qiymət maksimumu ötən həftənin əvvəlində qeydə alınıb və hər min kubmetr qazın qiyməti 464 dollar olub ki, bu da 2018-ci ilin mart ayından bəri qiymətlərin ən yüksək həddi olub. Qazın bahalaşması həm də iqlim dəyişmələrinin nəticəsidir. Avropa ölkələrində yayın əvvəlindən hakim olan isti hava elektrik enerjisinin istehsalı üçün lazım olan mavi yanacağa tələbatı artırıb. Bununla yanaşı, region hələ də soyuq qışın nəticələrini hiss etməkdədir. Belə ki, yeraltı anbarlarda qaz ehtiyatı o qədər azalıb ki, hazırda anbarlarda olan qaz onların tutumunun cəmi 49%-i qədərdir. Rusiya tərəfdən qaz nəqlinin artırılmasına "Yamal-Avropa" qaz kəmərində planlı təmir işləri mane olur. Nəticədə Avropa bazarında kəskin defisit hiss olunur. Energetika məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, tələbatın hazırkı artım dinamikası davam edərsə, o zaman qış gələnə qədər Azərbaycan Avropa istiqamətində qaz nəqlini planlaşdırıldığından daha çox həyata keçirə bilər. Bu isə respublikaya əlavə valyuta gətirəcək: "Mən istisna etmirəm ki, bizim Avropaya qaz nəql etdiyimiz müqavilələrdə spot indeksasiyası – birjada mövcud vəziyyətdən asılı olaraq yanacağın qiymətinə düzəliş edilməsi barədə müddəa var. Əgər belədirsə, Avropada enerji daşıyıcılarının qiymətinin artması bizim ölkəmizə müsbət təsir edəcək. Bir var, fevral ayında olduğu kimi min kubmetr üçün qazın qiyməti 200 dollar olsun, bir də var qiymətlər bundan iki dəfə çox artsın".Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə “sputnik” portalına açıqlamasında qeyd edib ki, son bazar tendensiyalarını nəzərə alaraq, spot indeksasiyası ölkə üçün sərfəli olardı: “Əksər hallarda uzunmüddətli müqavilələr üzrə qazın qiyməti neft kotirovkalarına bağlı olur. Bu halda Avropa bazarlarında qiymət artımının Azərbaycana təsiri dərhal deyil, müəyyən zaman keçdikdən sonra hiss olunacaq. Neftin qiymətinə bağlılıq Avropada enerji ehtiyatlarının qiymət artımına birbaşa təsiri çətinləşdirir. İstənilən halda effekt olacaq, çünki neft qiymətləri də artır. Lakin bu halda qiymətlərə hansısa ildırım sürətli düzəlişlərdən danışmaq olmaz". Rusiyanın Enerji Texnologiyaların İnkişafı İnstitutunun eksperti Dmitri Koptev bildirib ki, hazırda Azərbaycanın ixracı üçün əsas mənbə "Şahdəniz" yatağıdır ki, onun da ehtiyatlarının həcmi 1,2 trilyon kubmetr təşkil edir: “Nəzəri cəhətdən ölkə qazın hasilatını artıra bilər. Lakin Avropa bazarına əlavə olaraq qaz nəqli bir qədər çətin olacaq. Bunun əsas səbəbi boru kəmərlərinin ötürmə qabiliyyətinin məhdud olmasıdır”. Ekspertlərin fikrincə, qaz nəqlini artırmaq üçün respublika infrastrukturu inkişaf etdirməli olacaq. Lakin ekspert xatırladır ki, 2018-ci ildən etibarən ölkə həm qazın hasilatını, həm də nəqlini artırır. Onun sözlərinə görə, bu problemin həlli üçün 2021-ci ildə Azərbaycan qazını Yunanıstan və İtaliyaya qədər çatdıran TAP kəmərinin ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər artırılması istiqamətində iş aparılması nəzərdə tutulub. Dmitri Koptev xatırladır ki, MDB-də Qazaxıstan qazının əsas alıcısı ənənəvi olaraq Çindir. Cari ilin əvvəlində Qazaxıstan hökuməti Çin bazarına 10 milyard kubmetr qaz nəql etmək niyyətini açıqlayıb.

Ekspertlər hesab edir ki, iki ölkə arasında ticarətin aparılmasına ümumi sərhədlərinin və inkişaf etmiş qaz nəqli sisteminin olması şərait yaradır. Qazaxıstan üçün Avropaya qaz nəql etmək daha çətindir, bunu yalnız treyderlər vasitəsilə etmək mümkündür. Qaz kəmərləri vasitəsilə Qazaxıstan mavi yanacağı yalnız Rusiya, Çin və Mərkəzi Asiya ölkələrinə sata bilər. KPMG auditor xidməti departamentinin tərəfdaşı Sergey Nezdemkovski bildirir: "Qazın ixracı üçün müvafiq infrastruktur lazımdır. Hazırda iqtisadi cəhətdən qaz nəqlinin ən sərfəli yolu kəmərlər vasitəsilə çatdırılmadır. Təəssüf ki, Qazaxıstanın Avropa ilə bu cür nəqliyyat kanalları yoxdur, odur ki Avropaya qaz nəqli bu ölkə üçün əlçatan deyil". Digər Mərkəzi Asiya ölkəsi olan Özbəkistan da ixracdan imtina edir. Analitiklər hesab edir ki, Özbəkistanın Avropa bazarında yaranmış əlverişli konyunkturadan istifadə etməsinə eyni zamanda bir neçə amil mane olur. Onlar qeyd edirlər ki, ölkənin qaz təsərrüfatı əsasən daxili bazara istiqamətlənib, ixrac olunan qazın böyük hissəsi isə Çinə satılır. Bu şəraitdə Avropaya qaz satan əsas MDB ölkəsi Rusiyadan sonra Azərbaycan olacaq. Yalnız perspektivdə Azərbaycan vasitəsilə Türkmənistan da bu prosesdə iştirak edə bilər.

Ramil QULİYEV
/baki-xeber.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.