Şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyini ifşa etdi - İcra hakimiyyəti isə inkar edir
4-05-2015, 17:51
Kənd Təsərrüfatı Nazirliyinin ( KTN ) hesabatına əsasən, ayrı-ayrı şəxslər dövlət müəssisələrinə bitkiçilik və heyvandarlıq üçün daimi istifadəyə verilən torpaqlardan qanunsuz olaraq istifadə edir.
Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müəssisələrə daimi istifadə üçün təhkim olunan dövlət mülkiyyətindəki torpaqların 2606,73 hektarı zəbt olunub, 18438,41 hektarı isə qanunsuz icarəyə verilib.
Ağstafa rayonu ərazisində fəaliyyət göstərən Ağstafa “Dilbaz” Atçılıq DKTİM MMC-yə məxsus 947 hektar torpaq sahəsinin 15 hektarı 2000-ci ildə zəbt olunub, 932 hektarı isə 2011-ci ildə Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq 5 nəfərin icarəsinə verilib.
Bu rayondakı digər təsərrüfatdan da heç nə qalmayıb: Ağstafa rayon atçılıq zavoduna məxsus 600 hektar torpaq sahəsinin 570 hektarı “Ağstafa süd” kompleksinə verilib, 30 hektar isə zəbt olunub.
Ağstafa RİH-in sərəncamı ilə M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 hektar torpağın 260 hektarı icarəyə verilib.
Kənd Təsərrüfatı Nazirliyi bu qanunsuzluqların qarşısının alınması üçün Nazirlər Kabinetinə və məhkəmə orqanlarına müraciət edib. (сontact.az).
İcra Hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin müdiri Şahvələd İsmayılov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) açıqlamasında KTN-nin hesabatındakı məlumatı inkar edib: “ Hesabatdakı məlumatlar həqiqətə uyğun deyil. “Dilbaz” atçılıq təsərrüfatında ingilis atları saxlanılır və orda heç bir problem yoxdur. Bu təsərrüfatın torpağı kiməsə icarəyə verilməyib”.
Müxbirimizin “ Hesabatda Ağstafa RİH-in sərəncamı ilə M.Mikayılov adına DKTİM MMC-yə məxsus 3465 hektar torpağın 260 hektarının qanunsuz icarəyə verildiyi göstərilib” fikrinə kənd təsərrüfatı şöbəsinin müdiri belə cavab verdi: “ Bu məlumat da həqiqətə uyğun deyil”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, bizim hesabatda göstərilən bütün məlumatlar həqiqidir.