Ölkə 27 sentyabrdan əvvələ qayıdıb - hüquqsuzluq, rüşvət, süründürməçilik...

30-08-2021, 11:55           
Ölkə 27 sentyabrdan əvvələ qayıdıb -
Azərbaycanda siyasi, sosial-iqtisadi idarəçilik 27 sentyabrdan əvvəli xatırladır. Hökumət postmüharibə dövründə nəinki köklü islahatlar həyata keçirmir, idarəetmədə vəziyyət getdikcə daha xaotik xarakter almaqdadır.
Fransada Şarl de Qoll da müharibəni qazandıqdan sonra ictimai rəydə qazandığı xalları itirmişdi. Azərbaycan hakimiyyəti 44 günlük müharibədə əldə olunan zəfərlə son 25 ildə özünə olan münasibəti dəyişdirmiş, ictimai rəydə divident qazanmış, cəmiyyətin 27 sentyabra qədərki kütləvi narazılığının qazını çıxarmış, müxalifətin dilini qısa etmişdi.
Buna qədər isə yüksək ranqlı məmurların vəzifədən azad olunması, xalqın nifrətini qazanmış nazirlərin, “boz kardinal” olan keçmiş PA rəhbəri Ramiz Mehdiyevin sistemdən kənarlaşdırılması, orduda “rus agenti” kimi tanınan Nəcməddin Sadıqovun yola salınması ictimaiyyətdən iqtidara rəğbəti artırmışdı. Lakin bu yığılan bonuslar - həm iri fiqurların “vurulması”, həm torpaqların işğaldan azad olunması sayəsində qazanılan xallar xərclənir.
Anaxeber.info-nun analitik qrupu yazır ki, ölkədə total hüquqsuzluq baş alıb gedir. Cəmiyyətin müdafiəsiz buraxılmasını müşahidə etmək olar.
Eyni zamanda, bürokratiya və dərəbəylik hallarının dərinləşməsi narazılığı yenidən geri qaytarmaqdadır. Bu, kimlərə lazımdır - məmur özbaşınalığı, yerlərdə süründürməçilik, insanların qapılarda saxlanılması, qazi, şəhid ailəsi, aztəminatlı təbəqə, haqlı-haqsız bilmədən vətəndaşların incidilməsi, ən aşağı rütbəli məmurların, şöbə müdirlərinin belə insanlarla qaba rəftarı, hörmətsizliyi, açıq şəkildə və qorxmadan rüşvət alınması son bir neçə ay ərzində tam kütləviləşib.
Hakimiyyət 2018-ci ildən sonra özü haqda yaratdığı imici dağıtmaqla, insanların müəyyən gözləntilərini yerə vurmaqla ölkəni köhnə əyyamlara qaytarır.
Xüsusən son 4-5 ay ərzində idarəetmədə mehdiyevizm əhval-ruhiyyəsi hökm sürür. Halbuki “islahatçı komanda”, “gənc nazirlər” şüarları ilə hökumət yeni mərhələyə başladığını elan etmişdi. Sanki bir müddət sonra düyməyə basıldı və tormozlandı.
İndi Sahil Babayev kütləvi şəkildə pensiya və əlillik məsələsində yaratığı narazılıqla Səlim Müslümova, İnam Kərimov aqrar sektorda heç bir innovativ iş görməməsilə Heydər Əsədova, Emin Əmrullayev təhsildə əvvəlki nazirlərə rəhmət oxutmaqdadır.
Eynilə Əmlak Xidmətində Kərəm Həsənov qaydaları hökm sürür, səhiyyədə Oqtay Şirəliyevdən sonra daha da xarabazardır, TƏBİB biabırçı vəziyyət yaradıb, xəstəxanalarda yiyəsizlik, rüşvət adiləşib, icra başçıları həbs edilən həmkarlarının yolunu gedir, yeni məmurlar vətəndaşlarla təmasda, problemlərin həllində, müraciətlərə baxılmasında heç bir yenilik gətirməyib, hətta nümunəvi göstərilən ASAN Xidmət də əvvəlki qədər insanları qane etmir, o cümlədən parlamentin deputatları özlərini məmur kimi aparmaqdadırlar və nəticədə müharibədən çıxmış, pandemiya şəraitində xalqın narazılıq dozası artmaqdadır. İnsanlar qələbənin dadını çıxara bilmirlər və qalib ölkənin vətəndaşlarına bu münasibət olmamalıdır.
Bizsə 10 noyabr sənədinin imzalandığı vaxtdan kommunal xidmətlərin qiymətində artım, bazarlarda bahalaşma görürük, yeni iş yerləri açılmır, maaşlar qaldırılmır, karantin cərimələri silinmək əvəzinə (Gürcüstan nümunəsi) daha da sərtləşir, əyalətlərdə tamamilə özbaşınalıq, anarxiyadır.
Məsələn, rüşvət indi daha açıq və çəkinmədən alınır, kiçik məmurlar müraciətləri cırıb tullayır və heç yuxarılara çatmır, korrupsiya ilə mübarizədə yanaşma dəyişmir, gömrükdə monopoliya və yerlibazlıq hökm sürür, ən adi arayışı almaq üçün belə vətəndaşn pul istənilir.
Bu, Ermənistanı hərbi kapitulyasiya etdirmiş ölkəyə yaraşmır. Biz azad edilən əraziləri yenidən qururuq, Böyük qayıdış planından danışırıq, əsk cinahda isə medalın başqa üzüdür - köhnə Azərbaycan...
Sanki heç nə dəyişməyib, dəyişən fiqurlar, adlardır, sistem isə olduğu kimi saxlanılıb. Son aylarda isə vəziyyət daha da gərginləşib. Bunu sahibkarlar da, sadə vətəndaşlar da təsdiqləyə bilər.
Həmçinin, iş adamlarının başına gətirilən müsibətlər investorları sərmayə qoymağa qorxudur. Yəni bir hüquqsuzluq sistemi varsa, aşağıdan yuxarıya bütün məmurlar çirkaba bulaşıbsa, deməli, yanaşma dəyişməlidir.
Maraqlıdır ki, mehdiyevizmin dönüşü kimlərin istəklərinə xidmət edir? Vətəndaş bir arayış almaq üçün belə incidilirsə, dövlətdən narazı salınırsa, bu strategiyanı kimlər müəyyən edib?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.