Burada məsələ manjet deyil, müsahibə fobiyasıdır
31-08-2021, 15:12

Qaranlıq qalan məqamların işıqlığa çıxmasında iki tərəf iştirak edir, müsahibəçi və müsahib. Qaranlığa işıq çilənməsinin əsas şərti müsahibdir. Müsahib birbaşa informasiya mənbəyidir. Müsahibə ümumi problemin dəqiqləşdirilməsi üçün tədqiqatın ilkin mərhələsidir. Cəmiyyətimizdə problemin dəqiqləşdirilməsi üçün tədqiqat birbaşa ikinci mərhələyə keçir.Tədqiqatın birinci mərhələsini keçmək doktorluq dərəcəsi almaqdan daha qəliz prosesdir. İnsanların mikrofon fobiyasını aradan qaldırmaq üçün jurnalist yox, dərəcəsi olan psixoloq olmalısan.
Qəza olur, insan həyatını itirir, yanğın olur, kimsə təcavüzə məruz qalır. Gedib məsələni araşdırıb, insanları məlumatlandırmaq istəyirsən, hadisənin şahidinə mikrofon uzatsan ki,” hadisə necə oldu,” arxalarına baxmadan qaçacaqlar. Yaxud üzünü tutub qışqıracaq “ Məni çəkməyin”
Bu cəmiyyət kimdən, nədən və hara qaçır?
İnformasiya verməyi özlərinə ar bilirlər. Sanki informasiya verməklə qəbahət iş tuturlar. Təkcə kriminal, xoşagəlməz hadisələrdə deyil, xoş situasiyalarda da müsahibədən qaçırlar. Televiziya verilişlərində müxbir yaxınlaşıb informasiya almaq istəyir, üzlərini əlləri ilə örtürlər, xüsusən gənc qızlar arasında bu hal daha çox yayılıb. Görüntüdən qaçanlar yazılı mətbuata ad soyadlarının sızmasından da ehtiyat edirlər.
Bəzən müsahibə fobiyasını stress faktorlarına qarşı yüksək həssaslıqla əlaqələndirirlər
Cəmiyyətimiz nəinki stress faktorlarına qarşı, sevincli situasiyalarda da mikrofondan yayınırlar.
Son zamanlar isə, yaxşı bir bəhanə var, “jurnalistlər müsahibəni olduğu kimi təqdim etmir, sensasiyalı manjetlərlə xəbər yayırlar”. Lakin burada məsələ manjeti deyil, müsahibə fobiyasıdır. Baxın, digər millətlərə diqqət etsək görərik ki, çox rahat və sərbəst şəkildə şahidi olduqları hadisə haqqında cəmiyyətə informasiya çatdırırlar. Azərbaycanlılar isə mikrofon görəndə zəhərli ilan görürlər.
Təkcə müsahibədən qaçanlar hadisə şahidləri deyil, hadisə başına gələnlər də müsahibə verməkdən imtina edir. “Üzüm görünəcəkmi”, deyə, sual edirlər, elə bil, üzlərini görən olsa, onlara göz dəyəcək, nəzərdən qorxurlar.
Hər hansı xoşagəlməz hadisənin qurbanı olanlar da məsələnin mətbuatda işıqlandırılmasını istəyirlər, lakin mikrofon kabusu, kamera qorxusu ilə üz-üzə gəlməmək şərti ilə.
Mikrofon millətimizin kabusuna çevrilib, kişilər qadınlarının televiziya ekranında və yaxud sosial mediada informasiya verməsini, publika qarşısına çıxmasını özlərinə sığışdırmırlar.
Dünyanın ən savadlı xalqıdır Azərbaycan xalqı müsahibədən qaçmaq bizim savadsızlığımızdan, məlumatsızlığımızdan irəli gəlmir. Kompleksli, fobiyalı millət olmağımızdan qaynaqlanır.
Bəlkə də, mikrofon qarşısına keçib həqiqətləri danışmağa cəsarətmiz çatmır, bəzən belə də olur. Lakin əsas məsələ mikrofona , kameraya qarşı olan fobiyadır. Sanki kiminsə qızı kamera qarşısında müsahibə versə, qapısını döyən olmayacaq, kiminsə həyat yoldaşı hadisə haqqında məlumat versə, el qınağı qazanacaq.Yaşlı insanlar belə mikrofon qarşısında dayanmaq istəmirlər.
Qadınlar kimi kişilər də mikrofondan qaçırlar. Müsahibə verməyi imtahan verməklə səhv salırlar, ya da məhkəmədə mühakim kimi dindiriləcəklərini zənn edirlər. Müsahibənin əsl mahiyyətini dərk etmirlər. “Nəyisə səhv deyərəm, nəyisə düz tələffüz etmərəm” deyə, qorxu keçirirlər. Bu qorxu təbii həyəcan hüdudlarından kənara çıxsa, kütlə qarşısında çıxış etmək qorxusu və mikrofon fobiyası aradan qalxar. Mikrofon fobiyasının kökündə özünəinamsızlıq dayanır.
Ölkəmizdə ən geniş yayılmış fobiya sosiofobiyadır. Əslində fobiya özünü qorumağa yönələn hissdir. Mikrofondan özünü qorumaq isə xalqıma məxsus olan hisdir.
Elida Muxayeva