Azərbaycana qarşı təhlükəli plan: ölkəmizi yeni müharibəyə təhrik edirlər - NƏ ETMƏLİ?
1-09-2021, 09:29

“Müharibə ehtimalı artıq reallığa yaxındır. Həm erməni mediası, həm də Rusiyada erməniləri dəstəkləyən media və qruplar Ermənistanı məcbur edir ki, Azərbaycana qarşı təxribatları gücləndirsin və bizim müharibəyə başlamamıza nail olsunlar”.
Bunu Reyting.az-a Milli Məclisin keçmiş üzvü, politoloq Cümşüd Nuriyev deyib.
Son günlər Azərbaycana qarşı hərbi təxribatların artmasından söz açan C. Nuriyev bildirib ki, biz aysberqin görünən tərəfini, yəni Rusiyanın ölkəmizə münasibətinin üzdə olan tərəflərini müşahidə edirik: “İmperiya münasibətləri isə öz yerindədir. Ancaq bunun arxasında nələrin olduğunu araşdırmağa çalışdım. Niyə məhz Rusiya bu addımları atır? Əgər Rusiyaya Qarabağ lazım idisə, nədən son 30 ildə onun müsətəqilliyini tanımadı? Axı Cənubi Osetiyanı, Abxaziyanı tanıdı, Krımı ilhaq etdi, Dnestryanını gündəmə gətirdi, amma Qarabağın müstəqilliyini tanımaqdan imtina etdi. Məlum olur ki, burada Rusiyanın başqa bir marağı var. Bağlanmış müqavilə var, 2023-cü ildə onun vaxtı bitir və boğazlardan istifadə əldən çıxır. Rusiya Krımı təsadüfən ilhaq etməyib. Qara dənizdə mövqelərinin bərkidilməsi gələcəkdə Dardanel və Bosfor boğzlarından pulsuz istifadəni gündəmə gətirir. Prezident Ərdoğanın İstanbulda kanal açmaq - Mərmərə ilə Qara dənizi birləşdirmək cəhdləri təsadüfi deyil. Görünür Azərbaycan həm də Rusiya ilə Türkiyə arasında körpü rolundadır. Mən inanmıram ki, gələcəkdə Rusiya Azərbaycanda Qarabağla bağlı bərkimə siyasəti yürütsün. Məncə, onun məqsədi Türkiyə ilə yaxınlaşmaqdır. Zəngəzur dəhlizi də böyük ehtimalla baş tutacaq. Ermənistan və İran bunun əleyhinə olsa da”.
Politoloq hesab edir ki, bütün bunların fonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın müharibənin ola biləcəyinə dair fikirlər səsləndirməsi əsassızdır: “İki gündən sonra onlar müstəqilliyinin 30 illiyini qeyd etmək, yenidən məsələni gündəmə gətirmək istəyirlər. Onların qondarma Artsax planı alınmayacaq. Əlbəttə, Rusiya da ermənilərə kömək edir, amma burada Fransa və ABŞ-ın da marağı var. ABŞ-ın marağı İran və Zəngəzur dəhlizi ilə əlaqədardır. Çalışırlar ki, 27 sentyabra qədər Azərbaycanı müharibəyə çəksinlər”.
C. Nuriyev iddia edir ki, Azərbaycana qarşı müharibə hazırlığı yüksək səviyyədə gedir və belə bir təhlükəyə hər an hazır olmalıyıq.