Nazirlik əlil pensiyaçıların sayının azalmasına aydınlıq gətirdi - AÇIQLAMA

2-09-2021, 17:38           
Nazirlik əlil pensiyaçıların sayının azalmasına aydınlıq gətirdi - AÇIQLAMA
İqtisadçı Nemət Əliyevin əlilliyə görə pensiya alanların say göstəricilərinə diqqət çəkməsi və bu ilin 6 ayı ərzində əlil pensiyaçıların sayı 15 min 600 nəfər azalması barədə məlumat dərc etmişdik. Məlumatda bildirilirdi ki, İkinci Qarabağ müharibəsi qazilərinin hesabına əlil pensiyaçıların sıraları əhəmiyyətli dərəcədə genişlənməli və sayında artan dinamika yaranmalı olduğu halda, əlil pensiyaçıların sayı nəinki artmayıb, əksinə daha 4% azalıb.
Məsələ ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Bizimyol.info-ya açıqlama verərək bildirib ki, hazırda Azərbaycanda əlilliyin ümumi göstəricisi əhalinin 6%-ni təşkil etsə də, pensiya sistemində əlilliyi olan şəxslərin payı, yəni ümumi pensiyaçılar arasında əlilliyə görə pensiya alanların çəkisi 30%-dir və bu, digər ölkələrdəki müvafiq göstəricidən (12-20%) əhəmiyyətli dərəcədə çox olmaqla, həm də uzun illər ərzində haqsız olaraq hər ay pensiya formasında qazanc əldə etmək üçün saxta yollarla əlillik rəsmiləşdirildiyi hallarının da baş verdiyini göstərir.

“Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə həmin vaxt ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri, yəni o zaman üçün 190 min şəxsin əlillik işi hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. 5 illik müddət 2021-ci ildə bitir.

Əlillik müddəti bitən və təkrar əlillik təyinatı, yəni əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş (Forma-88) daxil edilənlərdən hansı şəxslər ki, sağlamlıqlarında əlillik əlaməti mövcuddur, onlara təkrar əlillik təyin olunur və onlar yenə əlilliyə görə pensiya və ya müavinət almaqda davam edirlər. Hansı şəxslər ki, ötən dövrdə artıq reabilitasiya olunublar, yəni sağlamlıqlarında əlillik əlaməti artıq mövcud deyil, onlara təkrar olaraq əlillik təyin olunmur. Eyni zamanda, bu sahədə şəffaflığın təminatı prinsipi diqqətdə saxlanılır: bu ilin ötən dövrünün təcrübəsi göstərir ki, həmin 190 min şəxsdən bir hissəsi, ümumiyyətlə sağlam adamlardır və onlara vaxtilə aparılmış əlillik təyinatının da əsassız olduğu müəyyən edilir və onlara da təkrar əlillik təyinatı aparılmır.

Əlillik təyinatında bu şəffalaşdırma prosesi, ədalətli yanaşma, yəni reallıqda əlillik əlaməti olmayanların həqiqi əlilliyi olan şəxslərin sırasından kənarlaşdırılması təbii ki, əlilliyə görə pensiya alanların sayında da müəyyən azalmaya səbəb olur. Digər tərəfdən, əlilliyin təkrar qiymətləndirilməsi prosesi hələ davam edir və əlillik müddəti uzadılanların sayında, əlilliyə görə pensiya alanların sayında artım da davam edir”.

Naziliyin sözçüsü bildirib ki, Vətən müharibəsində xəsarət alan qazilərimizə isə operativ şəkildə əlillik təyinatları həyata keçirilir.

“Onların müalicə prosesi başa çatdıqdan sonra və ordudan tərxis olunduqları, Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirildikləri halda əlilliklərinin qiymətləndirilməsi aparılır. Əlillik təyinatından sonra onlara müvafiq sosial ödənişlər təyin olunur. Bu ödənişlər təqaüdlə yanaşı, əlilliyə görə pensiya və ya əlilliyə görə müavinət də ola bilər. Həmin say göstəriciləri isə pensiyaçı sayında elə də ciddi artımı şərtləndirə biləcək qədər deyil.

Əslində isə son 3 ildə sosial təminat növləri (pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım) üzrə ödəniş alanların sayı 7% (160 min nəfər) artaraq 2,4 milyona çatıb. O cümləədn, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sayı son iki ildə 5 dəfə artaraq 60 mindən 300 minə çatıb. İl ərzində aylıq sosial müavinət alanların sayı isə 2017-ci ildəki 368,7 mindən 401,3 min nəfərə çatıb. Sosial ödənişləri alanların sayında artım olduğu kimi, sosial ödənişlər üçün ayrılan vəsaitin məbləği də son üç ildə 60% artıb, həmçinin, pensiya üzrə illik ödənilən vəsaitin məbləğində 48% artım baş verib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.