Rusiya Qarabağda siyası hoqqabazlığından əl çəkmir...

3-09-2021, 08:47           
Rusiya Qarabağda siyası hoqqabazlığından əl çəkmir...
Son həftələr Rusiyanın Qarabağla bağlı diplomatik istiqamətdə fəaliyyətini xeyli canlandırdığı müşahidə olunur. Erməni rəsmilərinin Moskvaya səfərləri də nəzərəçarpacaq səviyyədə artıb.

Son olaraq yeni xarici işlər naziri Moskvada Sergey Lavrovla görüşüb. Bu təmasdan sonra isə Lavrov Bakıya erməni diversantların azadlığa buraxılması barədə çağırış edib. Rusiya ATƏT-dəki yeni həmsədrini də artıq fəallaşdırmağa başlayıb. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə telefonla Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla danışıb. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Qarabağa dair üçtərəfli razılaşmalarının həyata keçirilməsi müzakirə edilib.

Aydın görünür ki, Ermənistana yeni ordu qurmağı vəd edən Rusiya bununla kifayətlənmir, İrəvana açıq dəstəklə bərabər ATƏT-in Minsk Qrupunu danışıqlar masasına oturtmağa, Qarabağa qayıtmış erməni köçmənlərin “problemlərini” həll etməyə həvəslənib. Rusiya əslində Ermənistana təsir edib 10 noyabr və 11 yanvar sənədlərinin icrasını tezləşdirmək əvəzinə, prosesi yenidən erməni xəttinə doğru itələyir. Müharibədə Rusiyanı az qala xəyanətdə suçlayan İrəvanın yenidən Moskvanın qucağına sığınmaqdan başqa çarəsi qalmamışdı, amma şübhəsiz ki, Rusiya da Ermənistana Qarabağla bağlı da hansısa “vədlər” verib ki, bunun ilkin əlamətləri ortadadır. Beləliklə, Moskva Ermənistana Qarabağla bağlı hansı vədlər verib? ATƏT-in “dirildilməsi” ilə nəyə nail olmağa çalışır? Azərbaycan bu planları önləmək üçün nələr etməlidir?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Qarabağla bağlı son vaxtlar baş verən hadisələrə, bəyanatlara, danışıqlara, görüşlərə baxanda bölgə üçün yeni ssenari hazırlanmağa cəhdlər olduğu açıq görünür: “Bu ssenarinin əsas müəllifi isə hələ ki Rusiyadır. Üçtərəfli bəyanata qarant olmaqla tərəfsiz olduğunu bəyan etmiş rəsmi Moskva hazırda Ermənistanla hərbi, siyasi əlaqələrinin çox yüksək olduğunu bildirməklə tərəf olduğunu bir daha təsdiq edir. Mən bunu təəccüblü saymıram. Çünki Rusiya regionu əlində saxlamaq üçün Cənubi Qafqaz problemlərinin həllində maraqlı deyil. Bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan yeganə tərəf Rusiya görünür. Çünki belə bir müqavilə təbii ki, müəyyən məsələlərdə razılaşmadan sonra imzalana bilər və əgər belə hadisə baş verərsə, qısa müddətdən sonra iki dövlət arasında Rusiyanın vasitəçiliyinə ehtiyac qalmayacaq. Bu isə o deməkdir ki, bu iki dövlətə təsir imkanları da azalacaq. Bunun qarşısını almaq üçün problemin həll olunmaması və müharibə perspektivinin qalması lazımdır ki, Rusiya regionda qalıb möhkəmlənsin. Rusiya açıq şəkildə ATƏT-in Minsk Qrupunu ”diriltməklə" problemin həllini müddətsiz danışıqlarla uzatmağa və eyni zamanda prosesin uzanmasına görə məsuliyyəti bölməyə çalışır. Belə gedişatdan isə narahat deyil. Çünki onsuz da rus ordusu sülhməramlı adı altında regionda tək güc olaraq qalır. Hesab edirəm ki, Azərbaycan açıq bəyanatlarla üçtərəfli sazişin yerinə yetirilməməsində Rusiyanı günahkar göstərməlidir və bunun belə davam edəcəyi təqdirdə, Moskvanın vasitəçiliyindən imtina olunacağını bildirməlidir".

Ekspertin fikrincə, Azərbaycan öz suveren hüquqlarından istifadə edərək Qarabağ ərazisində böyük həcmdə istənilən razılaşdırılmış ad altında türk ordusunun dislokasiya olunmasına nail olmalıdır: “Bəziləri deyə bilər ki, bu, Kremli qıcıqlandırar, problemin həllində bizə mane ola bilər və s. Bu, kökündən yanlışdır. Məhz bunun anonsunu versək, ən azından rəsmi Moskva bu addımı atacağımızda qərarlı olduğumuzu görsə, siyasətində dəyişiklik edəcək. Etməyəcəksə, yenə özü bilər və bizə heç kim mane olmaz ki, istədiyimizi həyata keçirək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.