Leyla Yunus yenə də aranı qatmağı bacardı... - MÖVQE
4-09-2021, 09:02

Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənovun birləşdiyi Siyasi Məhbuslara Azadlıq İttifaqı yeni siyahı açıqlayıb. “Turan”ın məlumatına görə, 122 nəfərlik siyahıda siyasi məhbuslar 6 qrupa ayrılıb. Jurnalistlər və bloqçular bölümündə 7, müxalif partiyaların və hərəkatların üzvləri bölümündə 7, dindarlar bölümündə 20 şəxs yer alır, 27 nəfər “Tərtər işi”, 47 nəfər “Gəncə işi” üzrə həbs edilib, 14 nəfər ömürlük məhkumdur.
Siyahıdakı adların siyasi məhbus kateqoriyasına daxil edilməsi belə əsaslandırılıb: “Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa”.
Xatırladılır ki, 2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman iki polis zabiti həlak olub. Gəncə hadisələrinə görə xeyli şəxs cinayət məsuliyyətinə alınıb. Yunis Səfərov ömürlük həbs cəzasına məhkum edilib.
“Tərtər işi”nə gəlincə, 2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə məlumat əsasında tədbirlər aparılıb, bir qrup hərbi qulluqçu və mülki şəxsin düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edildiyi üzə çıxıb. Xeyli şəxsin cinayət məsuliyyətinə alındığı bu iş “Tərtər işi” adı ilə tanınır.
Qeyd edək ki, hazırda hökumətin masasında olan siyasi məhbus siyahısında 38 nəfər siyasi məhbusun adı var. Həmin siyahını isə iyulun 30-da Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə ona təqdim ediblər.
122 nəfərlik siyasi məhbus siyahısına münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Leyla Yunus nə Azərbaycan xalqını, nə millətini, nə də həmin siyasi məhbusları sevən insan deyil və hazırladığı siyahıda da öz məqsədlərinə müvafiq davranıb: “O məhbusların siyahısını hazırlayıb ki, sadəcə olaraq hansısa təşkilatlardan qrant alsın. Sanki məhbus dərdinə qalan insandır. Biz onu tanıyırıq və işini bilirik. Leyla Yunus çox qərəzli adamdır. O heç zaman siyasi məhbuslara məhəbbət bəsləməyib və bizim kimi ürəkdən iş görməyib. Biz deyirik ki, 38 nəfər hazırda siyasi məhbus var. Həmçinin demişik ki, dindarları azadlığa buraxmalıdırlar. Biz deyirik ki, ”Gəncə işi" və “Tərtər işi” qarışıq məsələlərdir, onlar mütləq hamısı təkrar araşdırılmalı, işə yenidən baxılmalıdır. Nə baş verdiyi dəqiq deyilməlidir, məhkəmələr açıq olmalıdır. Biz gedib iştirak etməliyik və görməliyik ki, kimə neçə il iş verirlər, onlara qarşı hansı ittihamlar var. İlk növbədə dindarları buraxmalıdırlar, onların içində çoxlu sayda xəstələr var. Bu gün dindarlar Azərbaycan dövlətinə zərər vermək iqtidarında deyil. Gəncə məsələsində də dəqiq bilməlidir ki, kimin nə günahı var. Bizə elə insanlar müraciət edirlər ki, “Gəncə işi”ndə onlar ümumiyyətlə, proseslərin iştirakçısı olmayıblar. Mən başa düşürəm ki, dövlətin məmurunun üstünə silahla hücum çəkmək olmaz. Bu aydındır və buna bəraət qazandırmaq olmaz. O zaman kim kimi sevmirsə, fəaliyyətini bəyənmirsə bir tüfəng alıb onu öldürməyəmi getməlidir? Qanun qanundur və hamı üçündür".
N.Cəfəroğlu bildirdi ki, “Tərtər işi” haqqında eşitdikləri onu dəhşətə gətirir və ümumiyyətlə faciədir: “İnsan eşitdiklərindən dəhşətə gəlir. Amma biz dəqiq bilmirik axı bu nə işdir? Ona görə də ”Tərtər işi"ni müstəqil ekspertlərə, müstəqil jurnalistlərə tapşırmaq lazımdır ki, onlar araşdırsın, məsələnin kökünü tapsınlar. Məsələ hardan qaynaqlanır, kim onlara bu cür işgəncələr tətbiq etməyə vadar edib. Cinayətkar necə bir düşmən olursa olsun, ona işgəncə verməyə heç kimin ixtiyarı yoxdur. İnsanlara işgəncə verilməməli idi. Burada çoxlu qaranlıq məqamlar var. Məsələ tam araşdırılmadığından hələ ki, bizim siyahımızda “Gəncə işi” və “Tərtər işi”nə görə həbs olunanlar yoxdur. Biz məsələnin dərindən araşdırılmasını gözləyirik. İlk növbədə müstəqil ekspertlər, jurnalistlər Tərtər məsələsində nələrin baş verdiyini öyrənməlidirlər. Bunlar hamısı açılmalıdır. Millət bu haqda bilməlidir. Bərdədə də narkotik satışı əməliyyatına görə günahsız uşaqları da dama basıblar. Günahı olmayan şəxslər də bu gün məhbusdur. Ona görə də belə qrup halında olan cinayət işlərinin hamısını araşdırmaq üçün dəqiq məlumatlar olmalıdır. Leyla Yunusa gəlincə, o, Azərbaycana sevgi hissi olmayan insandır və bu məsələdə mən onun səmimiyyətinə, qərəzsiz olmasına inanmıram".