Molla rejiminə sipər olan ÜNSÜRLƏRİMİZ... - NƏ ETMƏLİ?
12-10-2021, 10:28

44 günlük Vətən müharibəsi günlərində və müharibədən sonrakı dönəmdə sərgilədiyi mövqe İranla ölkəmiz arasında münasibətlərin yaxşılaşmasına xidmət etməyib. Hər ötən gün İrandan ölkəmizə yönəlik hədələr, ittihamlar, iddialar səsləndirilməkdədir. Bu isə təbii ki, İranla Azərbaycan arasında gərginliyin artan xətlə yüksəlməsinə səbəb olub. Belə gərginlik fonunda İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarlarının bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda “Hüseynçilər” müqavimət hərəkatının yaradıldığı elan edilib. Virtualaz.org xəbər verir ki, bu barədə “The Middle East Monitor” portalı yazır. Müəllif Ömər Əhməd qeyd edir ki, bu qruplaşma barədə ətraflı heç nə məlum deyil, hərçənd onun 2019-cu ildə Suriya münaqişəsi zamanı formalaşdırıldığı deyilir.
Ötən gün İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livanın Əl-Manar televiziya kanalına müsahibəsində yenidən ölkəmizi hədəf alan açıqlama verib. Bütün bunlar cənub qonşumuzun anti-Azərbaycan kampaniyasından əl çəkmədiyini deməyə əsas verir. Deputat Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində deyib ki, daxildəki iranpərəst qüvvələri yavaş-yavaş təmizləməliyik. Deputatın “necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana ”qardaş" deyir" sualı da açıqdır. Vahid Əhmədov vurğulayıb ki, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırılıb: “Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz!”
İranın anti-Azərbaycan addımlarını önləmək üçün hansı addımlar atmalıdır? Təmizləmə işləri aparmaqla, maarifləndirməklə İranın təsiri altına düşən vətəndaşlarımızı geri qazanmaq mümkündürmü? Yoxsa iranpərəstlər bizim üçün itirilib?
Aydındır ki, həbs etməklə də problem həllini tapmır. “İçəri”də dini təbliğat adı ilə başqa dustaqları da zəhərləyir, İranın agentinə, simpatizanına çevrilər. Dövlət bu adamlarla hansı dildə, hansı formada danışmalıdır? Bu məsuliyyət yalnız dövlətin məsuliyyətidir? Mətbuatın, QHT-lərin, siyasi partiyaların üzərinə hansı məsuliyyətlər düşür?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Azərbaycanda kimsəni İrana simpatiyasına görə cinayət məsuliyyətinə cəlb etmirlər: “Bu gün Ermənistan Azərbaycana qarşı düşmən mövqe sərgiləyir. Xəzər hövzəsində Azərbaycana dost münasibət göstərməyən digər dövlət də var və bu gün ölkəmizdə Azərbaycan dövlətinin əleyhinə işləyənlər var. Hər kəs bilməlidir ki, Azərbaycana qarşı fəaliyyət göstərən, digər ölkənin maraqlarından çıxış edib ölkəmizə qarşı addım atan kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməli olacaq. Azərbaycanda dini tolerantlıq var. Amma bundan sui-istifadə etmək və ölkəmizə qarşı addımlar atmaq olmaz. Bu cür addımlar atan hər kəs cəzasını alacaq”.
Ekspert deyir ki, Azərbaycanda əksəriyyət şiədir və inancına görə kimsənin həbsi mümkün deyil: “Tutaq ki, ”Zeynəbçilər" və ya “Hüseynçilər”in əməlində hər hansı bir qızışdırıcı elementlər olarsa, Azərbaycan dövlətinin əleyhinə təbliğat apararlarsa, bu halda cinayət tərkibi düzələcəksə, heç bir siyasi tərəfini gözləmədən cəza tədbirləri olmaldır. Əks halda, belə hərəkətlər daha geniş miqyasda baş verəcək".
Ekspert deyir ki, həbs olunanların cəzaçəkmə yerlərində zərərli təbliğatla məşğul olmalarının qarşısının alınması üçün də tədbirlər görülür və görüləcək də: “Penitensiar Xidmətin əməliyyat şöbəsi var. Həmin şöbə məhz bu cür halların aradan qaldırılmasına, zərərli, ziyanlı təbliğatın qarşısının alınması və dustaqlar arasında qanunsuzluqların önlənməsi üçün fəaliyyətdədir. Kimsə düşünməsin ki, cəzaçəkmə yerində istədiyi təbliğatı apara biləcək. Belə hallar olacaqsa, əlbəttə ki, müvafiq cəza tədbirləri də gerçəkləşdiriləcək”.