Dünyada antiterroru dəstəkləyən Azərbaycan, terrorun sponsoru olan İran... - Əcəb işə düşmüşük

13-10-2021, 10:30           
Dünyada antiterroru dəstəkləyən Azərbaycan, terrorun sponsoru olan İran... - Əcəb işə düşmüşük
İranın xarici işlər nazirinin Azərbaycan ərazisində guya terrorçuların olması barədə yalanı diqqəti yenidən bu ölkənin dünyada terrorçuların əsas sponsoru olması barədə müxtəlif zamanlarda verilmiş bəyanatlara və hesabatlara yönəldib. İranın “əl uzatdığı” hər yerdə nifaq, qarşıdurma yaratdığını, ayaq basdığı hər yerə bədbəxtlik gətirdiyini görmək üçün Liviyadan Suriyayadək olan ərazilərə nəzər salmaq, qanunsuz silahlı birləşmələrə, terror qruplarına verdiyi dəstəyi xatırlatmaq yetərlidir.

İranın beynəlxalq terrorizmin sponsoru olduğu hər kəsə bəllidir və bu fakt beynəlxalq səviyyədə sübut olunub. İranın hər il dünyanın müxtəlif ölkələrindəki terror qruplarına ayırdığı vəsaitin miqdarının 50 milyard ABŞ dollarından çox olduğu deyilir. İran təkcə bir çox dövlətlərin terror təşkilatı kimi tanıdığı “Hizbullah”a 2020-ci ildə 700 milyon ABŞ dollarından artıq vəsait ayırıb. Dövlət Departamentinin bütün illik hesabatlarında isə deyilir ki, İran Livanın “Hizbullah” təşkilatını, “Həmas” da daxil olmaqla, Fələstinin qruplaşmalarını və Suriyada Bəşər Əsəd hökumətini dəstəkləyir.Tehran xarici siyasətində məqsədlərinə çatmaq üçün İslam İnqilabının Keşikçiləri Korpusundan (Sepah) və onun “Qüds” xüsusi təyinatlı qüvvələrindən istifadə edir. Azərbaycanın isə terrorizmdən əziyyət çəkən bir ölkə kimi bu bəşəri cinayət əməlinə qarşı münasibəti bəllidir. Ölkəmiz terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan dövlətlərdən biridir və bu məqam əksər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yer alıb, dünyanın aparıcı güc mərkəzlərinin liderləri tərəfindən etiraf olunub. Üstəlik, Azərbaycanın Avropanın ən təhlükəsiz ölkələri sırasında daima yer alması bu cür iddiaların sabun köpüyündən başqa bir şey olmadığını sübut edir. İran rəsmiləri bu cür yalanlar uyduranda onu da nəzərdən qaçırır ki, Azərbaycana xarici dövlətlərin şirkətləri yüz milyardlarla vəsait qoyub ki, onların heç birinə indiyədək terrorçunu himayə edən ölkə ilə əməkdaşlığa görə sanksiya tətbiq edilməyib. İran ərazisində isə fəaliyyət göstərən barmaq hesabı şirkətlər dəfələrlə bu cür sanksiyalara məruz qalıblar.

Belə olduğu halda, İranın xarici işlər nazirinin Azərbaycan ərazisində guya terrorçuların olması barədə bəyanatına dünya inanarmı? Özü barədə dünyada “terroru dəstəkləyən” ölkə imici formalaşan İranın indi Azərbaycana atdığı böhtan yapışarmı?

Təhlükəsizlik üzrə ekspert Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, son zamanlar istər İranın qeyri-rəsmi şəxsləri, istər yüksək vəzifəli şəxsləri tərəfindən, xarici işlər naziri tərəfindən səslənən bu cür absurd ittihamların heç bir fakta söykənmədiyini o ittihamları səsləndirənlər də yaxşı bilir: “Bu tipli absurd ittihamları nə üçün səsləndirib özlərini əslində gülünc vəziyyətə salırlar, çox maraqlıdır. Ona görə ki, həmin bəyanatlar nə diplomatiyaya uyğun deyil, nə qonşuluq siyasətinə, nə də ümumiyyətlə, nazir statusuna yaraşan bəyanatlardır, arxasında zərrə qədər əsas olmayan boş iddialardır. Azərbaycan Prezidenti Cəbrayıl şəhərində olarkən açıq bildirdi ki, biz İrandan səslənən bəyanatların sübutunu gözləyirik. Bu günə qədər İran tərəfindən hər hansı bir sübut ortaya qoyulmayıb. İran Azərbaycan ərazisində hər hansı terrorçuların olmasını təsdiqləyən fakt təqdim edə bilməyib. Çünki belə fakt yoxdur. Azərbaycan ərazisi olan və hazırda ermənilərin yaşadığı Xankəndi, Xocalı, Ağdərədə isə erməni silahlı terrorçuları var. İran terrora qarşıdırsa, onda məhz həmin erməni terrorçuların məsələsini qaldırsın. Müharibənin getdiyi vaxtlarda bəzi ermənipərəst dövlətlər tərəfindən də ”Azərbaycan tərəfində muzdlu terrorçular döyüşür" kimi absurd bəyanatlar səslənmişdi. Ancaq həmin dövlətlər də bu iddialarını sübuta yetirəcək heç bir dəlil ortaya qoya bilmədilər. Çünki belə bir fakt yox idi. Ermənistan və ermənipərəst bəzi dövlətlər Azərbaycanın təkbaşına bu cür müharibə apara biləcəyini, bu qədər möhtəşəm qələbə qazana biləcəyini hesablamamışdılar. Ona görə də onlara elə gəlirdi ki, Azərbaycanla birlikdə döyüşən hansısa başqa qüvvələr var. Həm bu cür düşüncənin təsiri altında, həm də Azərbaycana qəsdən böhtan atmaq niyyəti ilə əsassız bəyanatlar verilirdi. İndi də İran bu cür əsassız bəyanatlar verir. İranın heç bir dəlilə, sübuta əsaslanmayan bəyanatlarına dünyada inanan yoxdur. Dünya əslində İranın özünün terrora dəstək verən, terrorla məşğul olan təşkilatları maliyyələşdirən ölkələrdən olduğunu çoxdan bilir. Bu baxımdan İranın Azərbaycana qarşı ittihamları beynəlxalq aləmdə ikrahla qarşılanır. Hər hansı bir dövlət İranın bu böhtanına inanmayacaq".

Ekspertin sözlərinə görə, İran müasir dünya tərəfindən rəsmən ittiham olunur ki, müxtəlif ölkələrin ərazisində terrorçu qruplar yaradır, dəstəkləyir: “Terror təşkilatlarının adlarına qədər bəyan edilir. Buna görə hətta İrana qarşı sanksiyalar belə verilib. Gec-tez İran tərəfi başa düşəcək ki, Azərbaycana qarşı ucuz anti-təbliğatla, təzyiqlə təsir etmək, Azərbaycana qarşı dünyada hər hansı mənfi fikir yarada bilmək mümkün olmayacaq. İran gec-tez anlayacaq ki, səhv yoldadır və bu yol onun özünə ziyan vurur. İndi verdikləri ucuz bəyanatlar gələcəkdə Azərbaycanla diplomatik münasibətləri normallaşdırmaq yolunda çətinliklər yaradacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.