“ABŞ İrana qarşı birmənalı şəkildə Azərbaycanın yanındadır” – Pol Qobldan MÜHÜM QEYD
13-10-2021, 10:59

Qafqazda gərgin hərbi-siyasi vəziyyət yaranıb. Azərbaycanın öz torpaqlarını 30 illik erməni əsarətindən qurtarmasının ilk 1 illiyində İran yeni gərginlik atmosferi yaratmaqdadır. Heç vaxt olmadığı halda bu gün Araz çayı sahillərində hərbi təlimlər keçirir, Azərbaycana və güc nümayiş etdirir. Səbəb nədir, Azərbaycan işğala son qoyub, azad olunmuş torpaqlar tikilib-yenidən qurulur, qaçqınlar yaxın gələcəkdə ev-eşiklərinə qayıdacaqlar, ölkəmiz daha sürətlə iqtisadi inkişafını təmin edəcək və sair. Hə, bundan əlavə, Türkiyə ilə Azərbaycan hərbi ittifaqa girib, Zəngəzur dəhlizi yaratmaqla türk dünyası coğrafi müstəvidə birləşəcək və sair. Başqa bir bəhanə də odur ki, Azərbaycan niyə İsraillə əlaqələr qurub, əməkdaşlıq edir. Hər halda, İran hərbi təlim keçirir və bölgədə narahatlıq yaradır. Azərbaycan - Türkiyə birliyi isə ona daha geniş və hərtərəfli cavab verir. Bəs bu ziddiyyətlər nə vaxtadək davam edəcək?
ABŞ hökumətinin keçmiş SSRİ üzrə müşaviri olmuş Pol Qobl Hafta.az-a EKSKLÜZİV müsahibəsində bütün bu müəmmalara aydınlıq gətirməyə çalışır. O, İranın uzun müddətdir davam edən Ermənistan - Azərbaycan münaqişəsinin həllini niyə istəmədiyini belə əsaslandırır:
- Rusiya kimi, İran da Azərbaycanın daha zəif olmasını istəyir. Bundan əlavə, İran əhalisinin üçdən bir hissəsi azərbaycanlılardan ibarətdir. Hesab edirəm ki, İran Azərbaycan - Ermənistan münaqişəsnin davam etməsini öz xeyrinə görür. Yəni ən azından ölkədəki böyük azərbaycanlı azlığının diqqətinin yayındığına əmin olur.
- Müharibənin başa çatmasına səbəb verən, Rusiyanın vasitəçiliyi ilə bağlanmış sülh sazişinə əsasən, Ermənistanın Zəngəzur ərazisindən Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz yaradılmalıdır. Ermənistan buna razılıq verib. Çünki əvəzində Ermənistandan da Xankəndinə belə bir dəhliz yaradılıb...
- Əslində bu gün tərəflər arasında nə sülh müqaviləsi var, nə də hər hansı razılaşma. Mövcud olan niyyət bəyannaməsidir. Lakin məncə, Bakının Azərbaycanı Naxçıvanla əlaqələndirmək üçün Ermənistan ərazisindən keçəcək bir dəhliz açmağı düşünməsinə haqqı çatır. Amma bu proqramın gecikməsinə mane olan şey məncə Ermənistanın onu maliyyələşdirə bilməməsidir...
- Bəs İran niyə birmənalı şəkildə bunun əleyhinə çıxır?
- Çünki bu dəhliz Ankara ilə Bakı arasında əlaqələri daha da gücləndirəcək. Üstəlik, bu dəhliz Türk dünyasını birləşdirərək daha güclü edəcək. Şiə İranı da bunu özü üçün çox böyük təhlükə hesab edir. Amma əslinə qalsa Rusiya da bu dəhlizin açılmasına elə İran qədər qarşıdır.
- Bu yaxınlarda sərhədçilərimiz İrandan Azərbaycan ərazisi olan Qarabağa yanacaq daşıyan tanker avtomobilləri saxlayaraq, geri qaytardı. Onlar Azərbaycan hökumətindən icazəsiz yanacaq daşıyırdılar. Üstəlik, sərhədlərimizi keçərkən rüsum da ödəmək istəmirdilər. İran isə tələb edir ki, Azərbaycan həmin maşınları öz ərazisinə qeyd-şərtsiz buraxmalıdırlar. Sizcə müstəqil Azərbaycan dövlətindən belə bir tələb etmək doğrudur?
- İran uzun müddətdir heç bir dövlətin suveren tələblərinə məhəl qoymur. Əminəm ki, rəsmi Tehran bu addımı ilə Bakını sınağa çəkir.
- İranın daha bir əsassız tələbi də odur ki, Azərbaycan İsraillə bütün əlaqələri kəsməlidir. Axı niyə, İsrail tarixən Azərbaycana dost ölkədir, Azərbaycanda çox sayda yəhudilər yaşayır və İsrail müstəqilliyimizin ilk günündən Azərbaycana dəstək verib. İran bu gün də İsrail şirkətlərinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından qəzəblənir. Sizcə Azərbaycan nə etməlidir İranın imperialist və qonşulara diqtə siyasətinin qarşısında?
- Azərbaycan suveren ölkədir, kiminlə necə münasibət quracağını özü müəyyənləşdirir. O cümlədən, İsraillə sıx əlaqələr qurmaq hüquqlarına malikdir. Rəsmi Bakı İranın bu mövzuda şikayət və narazılıqlarına məhəl qoymamalıdır. Onu da bilirik ki, İsraillə İran hər zaman bir-birinə meydan oxuyur. Əgər İsrail İrana hücum etmək üçün Azərbaycan ərazisindən istifadə edərsə, bax bu, Azərbaycanı açıq-aşkar İran - İsrail münaqişəsinə cəlb edər.
- Azərbaycan müstəqilliyini bərpa etdiyi 30 ildə ilk dəfə olaraq İran Azərbaycan və Ermənistanla sərhəddə geniş hərbi təlim keçirdi. Yəni bu, İranın müharibəyə başlama niyyətlərini göstərmirmi? Bu hərbi təlim Azərbaycanla yanaşı Ermənistana da xəbərdarlıq sayıla bilərmi ki, sülh addımları atmaqdan çəkinsinlər?
- Hərbi təlimlər bir ölkənin döyüş qabiliyyətini yoxlamaq və bu müstəvidə mesajlar göndərmək üçün nəzərdə tutulur. Düşünmürəm ki, İran bunu hücuma keçmək niyyətilə edir. Bəli, ola bilər ki, İran nə vaxtsa Azərbaycana hücum etsin, amma bunu bu gün edəcəyinə qəti inanmıram. Onların bugünki hərəkətləri “adi şikayət və qılınc səsindən” başqa bir şey deyil.
- İran Azərbaycan təyyarələrinin Naxçıvana uçması üçün hava məkanını bağladı, amma 30 ildir düşmənçilik edən Ermənistan həmin an öz hava məkanını Bakının üzünə açdı və bununla da İranın təzyiq planları alt-üst oldu. Sizcə nə baş verir, Ermənistan İrandan dost olmayacağını başa düşərək bu addımı atır, yoxsa irəlidə Azərbaycanla, eləcə də Türkiyə ilə daha xeyirli proqramlar gerçəkləşdirəcək?
- İrəvanın burada gizli niyyətləri ola bilər. Yəni hava sahəsini Azərbaycanın üzünə açmaqla Bakının Zəngəzur dəhlizini bərpa etmək tələblərini azaltmaq niyyəti güdə bilər ki, bu prosesi ciddi izləməlisiniz. Bu həm də Ermənistana, necə deyərlər, çox az xərc çəkməklə ölkələrarası münasibətlərin yaxşılaşması yönümündə inam yaratmaq tədbiri ola bilər.
- Bu məsələlərə ABŞ hakimiyyətinin münasibətini bilmək istərdik. İranın Azərbaycanla qarşı mövqeyi Vaşinqtonda necə qarşılanır və doğrudan da İran Azərbaycan səhədlərini pozarsa, ABŞ Azərbaycanın köməyinə gələcəkmi?
- ABŞ İrana qarşı birmənalı şəkildə Azərbaycanın yanındadır. Vaşinqtonun bu mövqeyi əvvəldən bəllidir. İran Azərbaycana hücum edərsə, ABŞ onun dayanması və geri çəkilməsi üçün hər şeyi edəcək.
- Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada səfərdədir. Sizcə Paşinyanın Moskva səfəri nə vəd edir Qafqaza və xüsusilə də Azərbaycanla münasibətlərə?
- Paşinyan Rusiyanın Ermənistan ərazisində qalacağına tam əmin olmaq istəyir. Ən azından ermənilərə Moskvanın onların tərəfində olduğunu düşünmələri üçün mütəmadi şəkildə Moskvaya səfərlər edəcək.